Şəhidlər ölmür, qəhrəmanlıq zirvəsinə ucalırlar

 

 Bakının Səbail rayonunda yerləşən 132-134 nömrəli Təhsil Kompleksində 20 Yanvar hadisələrinin 22-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirildi. Tədbirə başlamazdan öncə Azərbaycan Respublikasının Dövlət himni  səsləndirildi. Sonra təhsil kompleksinin direktoru, respublikanın əməkdar  müəllimi Sara Xanlarova anım mərasimini açaraq bildirdi ki, xalqımız artıq 22 ildir qanlı Yanvar faciəsinin ağrıları ilə yaşayır. Kütləvi terror aktları ilə müşayiət olunan bu hərbi-siyasi təcavüzün və mənəvi qəsdin qurbanı olmuş insanlar xalqımızın müstəqillik duyğularının yüksəldilməsində müstəsna rol oyanmışlar. Qanlı Yanvarda Azərbaycanın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış Vətən övladları özlərinin fədakarlığı ilə tariximizin qəhərmanlıq salnaməsinə parlaq səhifələr həkk etmişlər. Həmin gün küçələr, meydanlar azadlıq arzusunda, istəyində olan soydaşlarımızın qanına boyansa da, oğul və qızlarımız sovet ordusunun qəddarlığı, amansızlığı ilə üz-üzə dayansa da, heç nədən qorxmamış, geri çəkilməmişdilər.

Mərasimdə xüsusi qeyd edildi ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən müdhiş gecədə cinayətkar imperiya rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli qırğınlar törətdi. Günahsız insanlar qadağan olunmuş güllələrlə qətlə yetirildi, əhali xüsusi amansızlıqla tankların, zirehlı hərbi maşınların altına salınaraq xıncım-xıncım edildi. Yağı düşmən gülləsinə tuş gələn insanlar arasında neçə-neçə məktəblilər də vardı. Elə o vaxt bu məktəbdə təhsil alan VII sinif şagirdi, 13 yaşlı Larisa Məmmədovanın və digər məktəbli şəhidlərimizin günahı nə idi?.. Doğma Azərbaycanını azad görməkmi?.. Bəli, bu şəhidlər azadlığı bizə öz canları, qanları bahasına bəxş etdilər. Onlar öz şəhidlikləri ilə düşməni sarsıtdılar. Elə buna görə də xalq bütün şəhidləri ilə bundan sonra neçə illər, qərinələr, əsrlər ötsə də, daim fəxr edəcək, onların əziz xatirəsi qəlblərdə əbədi yaşadacaqdır.

Tədbirdə vurğulanmışdır ki, XX əsr tarixində törədilmiş ən qanlı terror aktlarından biri olan bu faciədə Azərbaycana qarşı işlədilmiş cinayət, əslində, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli bir əməldir. Anım mərasimində Yanvar hadisələrinin əsl səbəbləri, günahkarları haqqında da geniş danışıldı. Daha sonra qeyd olundu ki, 20 Yanvar faciəsinə siyasi-hüquqi qiyməti ilk olaraq ulu öndər Heydər Əliyev vermişdir. Həyatının təhlükədə olmasına baxmayaraq, 1990-cı il yanvarın 21-də ümummilli lider Moskvada, Kremlin bir addımlığında bu dəhşətli hadisəyə münasibətini bildirmiş, kəskin bəyanatında Bakıda törədilən qırğınlara siyasi qiymət verilməsini, imperiya rəhbərləri başda olmaqla, bütün günahkarların cəzalandırılmasını tələb etmişdir. Ulu öndərin bu addımı həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda böyük rezonans doğurmuşdu. O zaman ümmumilli liderin qətiyyətli mövqeyi dərin sarsıntı içində olan xalqa mənəvi dəstək olmuşdu. Bununla da Heydər Əliyev hər zaman öz xalqı, onun problemləri ilə birgə olduğunu, dərdinə şərik çıxdığını sübuta yetirmişdi. Yalnız bundan sonra bütün dünya xalqımızın başına gətirilən faciədən xəbər tutmuşbu qanlı cinayət hadisələrini qətiyyətlə pisləmişdir.

Tədbirin bədii  hissəsində məktəblilərin hazırladıqları "Şəhidlər ölmür, qəhrəmanlıq zirvəsinə  ucalırlar" adlı stend nümayiş etdirilmişdir. Sonra təhsil  kompleksinin şagirdlərinin ifasında "Şəhidlər" şeiri səslənmiş, bədii kompozisiya nümayiş olunmuşdur.

 

 

Azərbaycan.- 2012.-21 yanvar.- S.  5.