Misirdə nəşr olunan «Əl-Məsəiyyə» qəzetində dərc edilmiş məqalədə ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərdən danışılır

 

 Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyindən AzərTAc-a daxil olmuş məlumatda bildirilir ki, Misirdə geniş oxucu auditoriyasına malik "Əl-Məsəiyyə" qəzetində bu qəzetin baş redaktorunun müavini Məhəmməd Sələmənin "Fransa bir gözlə" sərlövhəli məqaləsi dərc edilmişdir. Məqalədə müəllif bu yaxınlarda Fransa Senatında qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı cəza tədbirlərinin tətbiq edilməsi barədə qanunun qəbul edilməsinə münasibət bildirərək Fransanın ötən əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı dəfələrlə soyqırımılar törətdiyini unutduğunu, 1918-ci ildə Dağlıq Qarabağda və Azərbaycanın ayrı-ayrı bölgələrində baş vermiş kütləvi qırğınlar nəticəsində 400.000 azərbaycanlının qətlə yetirildiyini, yüzlərlə kəndin tamamilə yandırıldığını, 1947-1953-cü illərdə Azərbaycanın əzəli torpağı olan Ermənistandan yüz minlərlə azərbaycanlının deportasiya edildiyini xatırlatmışdır.

Məqalədə həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və nəticələri barədə məlumat təqdim edilmiş, münaqişə zamanı Xocalı soyqırımı kimi hadisələrin törədildiyi yada salınmış, erməni jurnalistin Fransa jurnalında dərc etdirdiyi məqalədən sitat gətirilmişdir. Erməni jurnalist yazmışdır: "Xocalını öz gözlərimlə görmüşəm. Ermənilərin "qəhrəmanlıq"larından son dərəcə təsirlənmişəm. Mən müharibə zamanı bu cür üsullara əl atmağın tərəfdarı deyiləm. Qarbuzun üzərində topa-topa yığılmış cəsədləri görəndə qorxdum. Qorxdum ki, Azərbaycanda gələcək nəsillər tökülən qana görə susmayacaqlar. Ruslar bu gün bizimlədir. Bəs sabah? Təkbaşına qalmağımız qeyri-mümkündür!"

M.Sələmə məqaləsində münaqişənin hüquqi tərəfinə nəzər salaraq xatırlatmışdır ki, BMT Təhlükəsizlik Şurası erməni işğalını, eləcə də azərbaycanlılara qarşı törədilmiş qətliamları pisləyən 4 qərar qəbul etmişdir və həmin qərarların lehinə səs verən ölkələrdən biri də məhz Fransa olmuşdur. Müəllif məqaləsində Fransanın ikili standartlar siyasəti yürütdüyünü vurğulayaraq sual verir: "Məgər BMT Təhlükəsizlik Şurasında olan Fransa erməniləri dəstəkləyən Fransaya qarşıdır?" Yazıda Fransanın ermənilərin azərbaycanlılara qarşı törətdiyi qətliamları şərh etmədiyini, həmin qətliamların ABŞ-ın İraqda, İsrailin isə Fələstində törətdiyi qətliamlardan fərqlənmədiyini qeyd etmişdir.

Məhəmməd Sələmə bu barədə fikrini belə tamamlayır: "Yaxşı olardı ki, Fransa TŞ-nin qərarlarına hörmətlə yanaşsın, Azərbaycanın ərazi bütövlüyünün bərpasını Ermənistandan tələb etsin. Bununla da bir vaxtlar əlləri 1,5 milyondan artıq əlcəzairlinin qanına bulaşmış Fransa dünyanın ehtiramını qazanmış olardı".

Müəllif məqaləsini belə bitirir: "Mən azərbaycanlıların adından danışmaqdan uzağam. Lakin erməni lobbisinin rəğbətini qazanmaq üçün Fransanın yürütdüyü ikili siyasət və ermənipərəst mövqeyi bütün kütləvi informasiya vasitələrindən həqiqəti üzə çıxarmağı tələb edir".

 

 

Azərbaycan.- 2012.- 21 yanvar.- S.  8.