Türkiyə Baş nazirinin müavini AŞ PA-nın qış sessiyası çərçivəsində mətbuat konfransı keçirmişdir

 

Türkiyə Baş nazirinin müavini Bülənt Arınc Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyası çərçivəsində mətbuat konfransı keçirmişdir.

Nazir müavini jurnalistlərin "erməni soyqırımı"nın inkarına görə cəza verilməsi ilə bağlı Fransa parlamenti aşağı palatasının qəbul etdiyi qanuna dair suallarını cavablandırarkən bildirmişdir ki,   Türkiyə  Fransanı örnək bir ölkə  kimi tanımışdır.  İki ölkə arasında əməkdaşlıq səviyyəsinin  daim yaxşı olduğunu deyən Bülənt Arınc vurğulamışdır ki, amma bu gün Senatda müzakirələrə çıxarılan yanlış qərar bu münasibətləri poza bilər. Baş nazirin müavini belə bir qanun layihəsinin söz azadlığına kökündən zərbə vurduğunu, İnsan Hüquqları üzrə Avropa Konvensiyasının müddəalarına və Avropa Məhkəməsinin çıxardığı qərarlara tamamilə zidd olduğunu söyləyərək demişdir: "Erməni diasporu soyqırımı iddiasını ortaya atıb və bu gün Fransa parlamentinin tarix yazmaq istəyini anlaya bilmirik. Bu işlə tarixçilər məşğul olmalıdır. Bu  məsələ Fransa tarixinin ən ləkəli bir səhifəsi ola bilər. Ümid edirik ki,  Senatda qanun layihəsinin müzakirəsində bu yanlışlıq aradan qalxacaqdır. Əks halda, qanun layihəsi qəbul olunarsa, Fransa-Türkiyə münasibətləri bundan çox ciddi zərər görəcəkdir".

B.Arınc qeyd etmişdir ki, tarixdə yaşananları tarixçilərin ixtiyarına buraxmaq lazımdır. Beş il öncə Türkiyə soyqırımı iddiasını araşdırmaq üçün tarixçilərdən ibarət komissiyanın yaradılmasını təklif etdi, amma Ermənistan tərəfi bu təklifi rədd etdi. Türkiyə öz keçmişinə bağlıdır və tarixdə baş verənlərlə səmimi olaraq üzləşməyə hazırdır. Birinci Dünya müharibəsində baş verənləri soyqırımı kimi təqdim etmək yanlışlıq və vicdansızlıqdır.

Nazir müavini qeyd etmişdir ki, əgər Fransa Senatı məlum qərarı qəbul edərsə, Türkiyə hökuməti  hüquqi və diplomatik müstəvidə lazım olan tədbirlər görəcək, haqsızlıq və yanlışlıqlara qarşı zəruri addımları atacaqdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 25 yanvar.- S. 5.