Goranboy rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" Goranboy rayonunda da uğurla həyata keçirilir. Dövlət proqramının icrası nəticəsində rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli və infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində bir sıra mühüm işlər görülmüş, o cümlədən təhsil, səhiyyə, idman, mədəniyyət və digər sosialyönümlü obyektlər tikilərək istifadəyə verilmiş, genişmiqyaslı yenidənqurma və abadlıq-quruculuq işləri həyata keçirilmişdir.

Goranboy rayonunda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Goranboy rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Goranboy Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 2,0 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 yanvar 2012-ci il

 

Azərbaycan.- 2012.- 25 yanvar.- S. 1.