Azərbaycanın gömrük xidməti fəaliyyətini ölkənin inkişaf strategiyasına uyğun qurur

 

 Müstəqillik dövründə xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi məqsədyönlü sosial-iqtisadi strategiyanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurlainamla davam etdirilməsi ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafını təmin etmişdir. Ölkə başçısının düşünülmüş siyasəti nəticəsində qazanılmış uğurların davamlılığı təmin edilmiş, makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın diversifikasiyası nəticəsində qeyri-neft sahələrinin və regionların inkişafı sürətlənmiş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, əhalinin sosial rifahı yaxşılaşmışdır.

Müstəqilliyinin 20 illiyini bu yaxınlarda qeyd edən Azərbaycan Respublikası qazanılan uğurlarla, dünya ölkələrinə iqtisadi, siyasi və digər sahələr üzrə inteqrasiyasını təmin etməklə beynəlxalq aləmdə özünün layiqli yerini tutmuşdur.

Bu bir həqiqətdir ki, keçən 20 il ərzində müstəqil Azərbaycanın hərtərəfli inkişafına ulu öndərimiz Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra start verilmişdir. Ötən 1991-1993-cü illər yaddaşlarda siyasi xaosiqtisadi tənəzzül illəri kimi qalmışdır. Lakin ulu öndər Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində 1994-cü ildən başlayaraq böyük siyasi qərarlar qəbul edildi. İlk olaraq 1994-cü ilin sentyabrın 20-də "Əsrin müqaviləsi" adlanan 20-dən artıq xarici ölkələrin, əsasən də Qərbin beynəlxalq şirkətlərinin iştirakı ilə saziş imzalandı. Həmin dövrdən başlayaraq ölkədə yaradılan əlverişli investisiya şəraitində milli iqtisadiyyatın neft strukturuna böyük həcmdə xarici investisiyaların qoyuluşuna başlandı. Ötən müddət ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında iqtisadi inkişaf strategiyası uğurla davam etdirilməklə ölkəmizin iqtisadi inkişafı olduqca sürətləndi, regionların və sahibkarlığın inkişafında ciddi nailiyyətlər qazanıldı, bütün maliyyə mənbələri hesabına milli iqtisadiyyata investisiya qoyuluşlarının həcmi 100 milyard ABŞ dollarına çatdı, yeni yerlərinin yaradılmasında, əhalinin gəlirlərinin artmasında və yoxsulluğun səviyyəsinin azalmasında çox böyük irəliləyişlər əldə edildi.

Müstəqilliyimizin 20 illik dövründə gömrük xidməti də bir çox uğurlara imza atmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycanın dünya dövlətləri ilə iqtisadi münasibətlərinin inkişafında ölkənin siyasətinə uyğun olaraq aparılan gömrük siyasəti mühüm rol oynayır. Gömrük siyasəti Milli Təhlükəsizlik Konsepsiyasının tərkib hissəsi olan iqtisadi təhlükəsizliyin qorunması və daxili istehsalın inkişafının stimullaşdırılması üçün ən güclü vasitələrdən biri hesab edilir. Bu baxımdan beynəlxalq ticarətdə iqtisadi təhlükəsizlik dedikdə xaricdən heç bir müdaxilə və təzyiq olmadan xalqın öz iqtisadi inkişafının forma və yollarını müstəqil surətdə müəyyən etmək iqtidarı başa düşülür. Başqa sözlə, iqtisadi təhlükəsizlik ölkənin müstəqil bir dövlət kimi varlığının əsasını təşkil edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, "Güclü iqtisadiyyat ən önəmli şərtdir. Azərbaycanda bütün məsələləri həll etmək üçün ilk növbədə iqtisadiyyat güclü olmalıdır".

Ümumiyyətlə, iqtisadi müstəqilliyin mühüm bir təzahürü kimi qiymətləndirilən beynəlxalq ticarətdə bərabərhüquqlu tərəfdaş kimi çıxış etmək, beynəlxalq təşkilatlarla əməkdaşlıqda Azərbaycan xalqının mənafeyini yüksək tutmaq ölkə başçısının iqtisadi siyasətinin əsas istiqamətlərindən biridir.

Ötən illər ərzində milli iqtisadiyyatın dirçəldilməsi üçün ölkənin malik olduğu təbii resurslardan istifadə edilməsi və istehsal məhsullarının dünya bazarlarına çıxışının təmin olunması mühüm əhəmiyyət kəsb etmişdir. 1994-cü ildən başlayaraq dövlət bu vəzifələrin öhdəsindən ləyaqətlə gəlir. Həmin dövrdən iqtisadi siyasətin tərkib hissəsi olan gömrük siyasəti vasitəsilə xarici iqtisadi fəaliyyətin tənzimlənməsinə xidmət edən düzgün tarifqeyri-tarif tənzimlənməsi həyata keçirilir.

Məlumdur ki, xarici-iqtisadi fəaliyyətin dövlət tənzimlənməsinin iqtisadi metodları xarici ticarət siyasətində iqtisadi vasitələrin (gömrük rüsumları, vergilər və gömrük yığımları) tətbiqinə əsaslanır. 1995-ci ildən başlayaraq bu kimi vəzifələrin yerinə yetirilməsi üçün ilk növbədə Dövlət Gömrük Komitəsinin struktur quruluşunun, maddi-texnikiqanunvericilik bazasının möhkəmləndirilməsinə başlanmışdır. 1997-ci ildə Azərbaycan gömrük xidmətinin yaradılmasının 5-ci ildönümünə həsr olunmuş geniş iclasda ulu öndər Heydər Əliyev bu barədə belə demişdir: "Həqiqi gömrük işini təşkil etmək üçün iki əsas şərt lazımdır. Birincisi, gömrük işçisi gərək bilikli olsun, öz peşəsini yaxşı mənimsəmiş adam olsun, mənəviyyatca təmiz olsun, müstəqil Azərbaycanın iqtisadiyyatının möhkəmləndirilməsinə sadiq olsun. İkinci tərəfdən, gərək onun təcrübəsi ilə, biliyi ilə yanaşı, maddi-texniki bazası, müasir texnikası, ləvazimatları olsun. Bunları yaratmaq lazımdır. Bu da sizin vəzifənizdir..."

Yeri gəlmişkən qeyd edək ki, ulu öndər Heydər Əliyev həmin tədbirdə proqram xarakterli geniş nitq söyləyərək o dövr və sonrakı illər üçün gömrük xidmətinin inkişafının prioritetlərini müəyyənləşdirərək gömrük nəzarətinin təşkili, qaçaqmalçılığa qarşı mübarizə, eyni zamanda maliyyə intizamının möhkəmləndirilməsi istiqamətində tövsiyə və tapşırıqlarını vermişdir.

Dövlət Gömrük Komitəsinin rəhbərliyində aparılan kadr dəyişikliyi elə ilk günlərdən özünü müsbət mənada büruzə verməyə başladı. Belə ki, ilk olaraq gömrük xidmətinə bilikli, bacarıqlı və ixtisaslı kadrlar qəbul edildi. Digər tərəfdən, Dövlət Gömrük Komitəsinin yeni strukturunun yaradılması, yeni gömrük idarələri və postlarının açılması, inzibati binaların əsaslı tikintisi və təmirinin həyata keçirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni nəzarət cihaz və avadanlıqların alınması, gömrük qanunvericiliyinin müasir normalara uyğunlaşdırılması və büdcənin formalaşmasında gömrük xidmətinin rolu və əhəmiyyəti nəzərə alınaraq "Dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununa uyğun hər il üçün müəyyənləşdirilən büdcə proqnozu öhdəliyinin yerinə yetirilməsi bir vəzifə olaraq qarşıya qoyuldu. Bunun üçün ilk növbədə maliyyə intizamının möhkəmləndirilməsi, ölkəyə idxal edilən mal və nəqliyyat vasitələrinə tətbiq olunan gömrük ödənişlərinin alınması və vergilərdən yayınma hallarının qarşısının alınmasına nəzarətin artırılması ən vacib məsələlər hesab edildi.

Bu baxımdan 1993-cü ildən başlayaraq illik ticarət dövriyyəsi və büdcə proqnozunun dinamikasına nəzər yetirsək görərik ki, əgər 1993-cü ildə ticarət dövriyyəsi cəmi 863,7 milyon ABŞ dolları həcmində idisə, həmin göstərici 1994-cü ildə 1 038,4 milyon ABŞ dollarına çatdı və 1996-cı ildə 1 681,04 milyon ABŞ dolları təşkil etməklə 1993-cü  illə müqayisədə 194,6 faiz artdı. Bu dövrlər ərzində ticarətin asanlaşdırılması məqsədilə normativ-hüquqi aktlar qəbul edilməklə illik ticarət dövriyyəsinin daha da artmasına nail olundu. Məsələn, 2000-ci ildə illik ticarət dövriyyəsi 2 923,1 milyon, 2001-ci ildə 3 751,9 milyon dollar təşkil etdi. Sonrakı illərdə, o cümlədən 2003-cü ildə bu göstərici 5 200,5 milyon, 2005-ci ildə 8 567,5 milyon, 2007-ci ildə 11 771,8 milyon ABŞ dollarına qədər artmaqla 1993-cü və 1994-cü illərlə müqayisədə böyük artım əldə edildi.

Sözügedən dövr ərzində ölkəmizin dünya iqtisadiyyatına sürətli inteqrasiyası və milli gömrük xidmətinin modernləşdirilməsi istiqamətində aparılan məqsədyönlü tədbirlərin nəticəsi olaraq 2008-ci ildə Azərbaycanın idxal-ixrac əməliyyatları üzrə illik ticarət dövriyyəsi artaraq 54 925,5 milyon ABŞ dollarına çatdı. 2011-ci il ərzində isə bu göstərici 36 326,9 milyon ABŞ dolları məbləğində olmaqla 1994-1995-ci illərin göstəricilərini müvafiq olaraq 35 288,5 milyon və 35 239,8 milyon ABŞ dolları məbləğində üstələdi.

Bununla yanaşı, 1993-2011-ci illər üzrə gömrük tarif tənzimlənməsi sistemi vasitəsi ilə dövlət büdcəsinə toplanılan gömrük vergi və rüsumlarının da həcmi dinamik xətlə artdı, büdcə gəlirlərində gömrük ödənişlərinin xüsusi çəkisi ilbəil yüksəldi.

Statistik göstəricilərin təhlili göstərir ki, əgər 1994-cü ildə dövlət büdcəsinə cəmi 3 479,8 min manat gömrük ödənişləri toplanmışdırsa, bu göstərici artaraq 1998-ci ildə 112 330,6 min, 2000-ci ildə 143 921,3 min, 2003-cü ildə 212 246,9 min, 2006-cı ildə 515 959,4 min, 2008-ci ildə 1 110 373,8 min, 2011-ci ildə 1 141 528,5 min olmuşdur. 2012-ci il "Dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununa əsasən isə Dövlət Gömrük Komitəsi üçün 1 200 000,0 min manat illik büdcə proqnozu müəyyənləşdirilmişdir. Bu, 1994-cü illə müqayisədə 1 196 520,2 min manat çoxdur.

Keçən dövr ərzində, xüsusilə 1995-ci ildən başlayaraq gömrük xidmətinin inkişafı və modernləşdirilməsi istiqamətində də böyük uğurlar qazanılmışdır. Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2007-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı" tam yerinə yetirilmiş, "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)", eləcə də informasiyakommunikasiya texnologiyalarının inkişafı ilə bağlı qəbul edilən digər normativ-hüquqi aktlar əsasında dövlət orqanlarının əhaliyə beynəlxalq standartlara uyğun elektron xidmətlər göstərməsi sahəsində hüquqi baza formalaşmışdır. Dövlət Gömrük Komitəsində "Gömrük xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə sistemi (VAİS)" layihəsi artıq gerçəkliyə çevrilmiş və fəaliyyət göstərir.

Ötən dövr ərzində Dövlət Gömrük Komitəsinin yeni internet səhifəsinin istifadəyə verilməsi də sözügedən istiqamətdə həyata keçirilən addımlardan biridir. Onu da qeyd edək ki, yeni texnologiyaların tətbiqi gömrük xidmətində şəffaflığın, eləcə də gömrük-biznes əməkdaşlığının gücləndirilməsi işinə öz töhfəsini verir.

Dövlət Gömrük Komitəsinin "Elektron Azərbaycan" Dövlət Proqramı çərçivəsində yaradılan Elektron Hökumət Dövlət İdarəetmə Sisteminə (EHDİS) qoşulması, "Azərbaycan Respublikası ərazisinə idxal edilən yüngül minik nəqliyyat vasitələrinə şamil olunan gömrük ödənişlərinin hesablanması", "Malların nomenklaturası", "İdxal-ixrac əməliyyatları", "Gömrük ödənişlərinin ödəyicisinə eyniləşdirmə nömrəsinin verilməsi" və "Fiziki şəxslər üçün gömrük bəyannaməsi" elektron gömrük xidmətlərinin Elektron Hökumət Dövlət İdarəetmə Sisteminə inteqrasiyası təmin edilmişdir. Son nəticə etibarı ilə bütün görülən bu tədbirlər ticarətin asanlaşdırılmasına, xarici iqtisadi fəaliyyət iştirakçılarına əlverişli şəraitin yaradılmasına, şəffaflığın təmin olunmasına, gömrük vergi və rüsumlarının nağdsız qaydada ödənilməsinə istiqamətlənmişdir.

Bunlardan əlavə, müstəqilliyimizin son 15 ili ərzində Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan gömrük idarə və postlarının, təşkilatların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində əsaslı işlər görülmüşdür. Həmin dövr ərzində ilk olaraq yeni inzibati binaların tikintisinə və onların zəruri avadanlıq və inventarlarla təchizatına üstünlük verilmiş, gömrük əməkdaşlarının xidməti vəzifələrini layiqincə yerinə yetirmələri üçün müasir şərait yaradılmışdır.

1995-ci ildən başlayaraq 2011-ci ilədək olan dövrdə Bakı Baş Gömrük İdarəsinin gömrük postları, idarənin inzibati binası, Tovuz Gömrük İdarəsinin sərhəd-keçid məntəqələrindəki gömrük postları, Şirvan Gömrük İdarəsi, Yevlax, Biləsuvar, Astara, Balakən gömrük idarələri, Xəzər Dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Müdafiəsi İdarəsinin inzibati binası və postları, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binası, Enerji Gömrük İdarəsi, Sumqayıt Baş Gömrük İdarəsi, Regional Tədris Mərkəzi Kinoloji Mərkəz üçün dünya standartlarına uyğun binalar, Dövlət Gömrük Komitəsinin inzibati binası, Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postu, Tibb Xidməti İdarəsinin inzibati binası, Gömrük Hospitalı tikilərək istifadəyə verilmişonlar müasir inventar və avadanlıqlarla təchiz olunmuşdur.

Son 2 il ərzində Azərbaycan Prezidentinin iştirakı ilə sərhəd-keçid məntəqələrində Astara, Biləsuvar, Balakən, XaçmazTovuz gömrük idarələrinin, Tibb Xidmət İdarəsi və hospitalın açılışı olmuş, ölkə başçısının xeyir-duası ilə gömrük xidmətinin istifadəsinə verilmişdir. Bunlardan savayı, 2011-ci ildə avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsini həyata keçirən Avtonəqliyyat Gömrük İdarəsi və Ümumdünya Gömrük Təşkilatının Potensialının Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin Bakı şəhərindəki yeni inzibati binasının tikintisi tamamlanmışdır.

Ötən müddətdə bütün gömrük idarələrində "bir pəncərə" sistemi tətbiq edilmiş, elektron növbələrin həyata keçirilməsinə başlanmışdır. Gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi zamanı müasir tipli avadanlıqların tətbiqi işi dünya təcrübəsinə əsaslanmaqla sərhəd-keçid məntəqələrində gömrük nəzarətinin həyata keçirilməsində istifadə üçün SAİC tipli 4 mobil rentgen maşınları alınmış, malların sərhəddən təyinat gömrük idarəsinə qədər müşayiət olunması məqsədi ilə mobil qruplar yaradılmış və bu qruplar mobil minik avtomaşınları ilə təchiz edilmişdir.

Gömrük əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması məsələsi də daim diqqət mərkəzində saxlanılmışdır. Dövlət başçısının "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında" 25 fevral 2011-ci il tarixli müvafiq fərmanı ilə Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25 faizinin istifadəsinə başlanılmış və Prezidentin "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında" 28 dekabr 2011-ci il tarixli sərəncamı ilə komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2011-ci il dekabrın 1-dən orta hesabla 10 faiz həcmində artırılmışdır.

Ötən 20 il ərzində ölkənin sosial-iqtisadi inkişafına dair qəbul edilən qərar və proqramlara uyğun olaraq, ayrı-ayrı mərkəzi icra orqanlarında olduğu kimi, Dövlət Gömrük Komitəsində də ardıcıl islahatlar aparılmışdır. Kadr potensialı gücləndirilmiş, beynəlxalq əlaqələr inkişaf etdirilmiş, qanunvericilik bazası genişləndirilmiş və mükəmməl normativ-hüquqi baza yaradılmışdır. Habelə, Azərbaycan Respublikasının yeni Gömrük Məcəlləsi 2011-ci ildə Milli Məclis tərəfindən qəbul olunmuşPrezidentin 15 sentyabr 2011-ci il tarixli fərmanı ilə təsdiq olmaqla 1 yanvar 2012-ci il tarixindən qüvvəyə minmişdir.

Məlum olduğu kimi, bu gün ölkədə ulu öndər Heydər Əliyevin ideyaları əsasında Prezident İlham Əliyev tərəfindən vətəndaş cəmiyyətinin bərqərar edilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi, icra orqanlarının fəaliyyətinin inkişafı və müasirləşdirilməsi üzrə böyük miqyaslı tədbirlər həyata keçirilir. "Bizim məqsədimiz iqtisadi cəhətdən güclüsiyasi cəhətdən müstəqil Azərbaycan dövləti qurmaqdır" - deyən Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən bu ardıcıl və məqsədyönlü tədbirlər Azərbaycanda dövlət quruculuğu siyasətində bundan sonra da daim diqqət mərkəzində olacaq, dövlətçiliyimizin qorunması sahəsində və beynəlxalq arenada daha böyük uğurlar qazanmasında mühüm rol oynayacaq. Milli iqtisadiyyatımızın inkişaf tempinə uyğun olaraq, sonrakı illərdə də Azərbaycan Respublikasının gömrük xidməti fəaliyyətini öz prioritetliyini saxlamaqla daim inkişaf və müasirləşmə istiqamətində quracaq.

 

 

Səfər MEHDİYEV,

Dövlət Gömrük Komitəsi sədrinin

birinci müavini, gömrük xidməti

general-leytenantı

 

Azərbaycan.- 2012.- 25 yanvar.- S.  5.