Əhməd Cavad sevgisi

 

Bədii-siyasi ideya dünyası rəngarəng olan, milli tarix, fəlsəfə və mənəviyyatla bağlı elə bir motiv yoxdur ki, əsərlərində toxunulmasın. Bu səbəbdən də istiqlal şairi Əhməd Cavad daim anılır.  Zaman keçdikcə, müstəqilliyimizin əbədiliyi möhkəmləndikcə bu istiqlal aşiqinin poeziyasına, ümumiyyətlə isə həyat və yaradıcılığına birmənalı olaraq məhəbbətlə yanaşılır. Azadlıq aşiqi kimi ədəbi və ictimai aləmdə özünəməxsus iz qoymuş Əhməd Cavadın yaradıcılığına gənc nəslin xüsusi maraq göstərməsi də sevindiricidir. Yeni nəşrlər sırasında Əhməd Cavad sevdası ilə açılan kitabların sayının artmasını şairin ədəbi-bədii irsinə məhəbbətdən keçməklə, vətənə, torpağa, azadlıq və müstəqilliyə can yanğısı kimi də qiymətləndirmək olar.

Belə nəşrlərdən biri  1996-cı ildən ədəbi fəaliyyətə başlayan,  dörd poemabir mənzum dram, həmçinin  lirik şeirlərin, publisistik yazıların müəllifi kimi  tanınan Sevinc Ədalətqızının tərtibçiliyi ilə oxucu görüşünə gələn "İstiqlal abidəsi - Əhməd Cavad" kitabıdır.

Kitabın "Ön söz"ündə yazıçı-publisist Flora Xəlilzadə gənc tərtibçi-müəllifin belə mövzulara müraciət etməsini yüksək qiymətləndirərək yazır: "Gənc yazar Sevinc Ədalətqızı Əhməd Cavadla bağlı hazırladığı kitabın əlyazmasını mənə oxumaq üçün verəndə çox böyük fərəh və sevinc duyğuları yaşadım. Gənclərin Əhməd Cavada müraciət etməsi, onu oxuması, öyrənməsi, hətta araşdırma apararaq, bu unudulmaz azadlıq aşiqi barədə qələmə alınmış yazıları bir yerə toplayaraq kitab halında çapa hazırlaması məni həddən artıq sevindirdi. Onun bu zəhməti cavadşünaslığa növbəti ərməğan kimi qiymətləndirilməlidir. Əhməd Cavad yaradıcılığı ilə ardıcıl və mükəmməl məşğul olan alimlərimiz var, amma gənc xanımın bu zəhməti mənə yeni bir nəfəs  ruh təsiri bağışladı. Sanki ətirli bir çəməndə yeni zərif çiçəyin boylandığını gördüm..."

Bu kitab, əslində, ümumilikdə azadlıq carçısı, istiqlal mücəssəməsi Əhməd Cavadın 120 illik yubileyinə bir töhfədir. Son illər Əhməd Cavad yaradıcılığının siyasi və bədii tərəflərinin təhlilini özündə əks etdirən məqalələrin burada toplanması kitabın zənginliyini  olduqca  artırır. Uzun illər yaradıcılığından söz açılması yasaq edilmiş, "Azərbaycan marşı"nın sözlərinin müəllifi haqqında M.Rəsulzadənin 1950-ci ildə Ankarada nəşr olunmuş "Çağdaş Azərbaycan ədəbiyyatı" kitabından "Azərbaycanın milli şairi", C.Hacıbəylinin 1952-ci ildə Münhendə "Azərbaycan" jurnalının 4-cü sayında dərc edilmiş "Əhməd Cavad faciəsi" kimi olduqca dəyərli məqalələri, həmçinin bu gün dövri mətbuatda öz qələmləri ilə unudulmaz şairə sevgilərini bildirən müəlliflərin yazıları toplanıb.

Şairin dövri mətbuatda dərc edilmiş əsərlərinin biblioqrafik göstəriciləri ilə bağlanan kitabı geniş oxucu auditoriyasına ən dəyərli töhfə hesab etmək olar.

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2012.- 25 yanvar.- S.  8.