Fransanın aparıcı partiyası qondarma «erməni soyqırımı»nın inkarı ilə bağlı cəza nəzərdə tutan qanunun Konstitusiya Məhkəməsi tərəfindən təsdiqini tapmamasına səy göstərir

 

Dekabrın 22-də Fransa Milli Assambleyasının qəbul etdiyi qondarma "erməni soyqırımı"nın  inkarına görə insanların cəzalandırılması ilə bağlı qanunun təşəbbüskarı deputat Valeri Böyerin qurumda təmsil olunduğu ölkənin nüfuzlu və aparıcı Xalq Hərəkatı Naminə Birlik Partiyasının (UMP) əksər deputatları yanvarın 23-də Senat tərəfindən təsdiqini tapmasına etiraz əlaməti olaraq  Konstitusiya Məhkəməsinə müraciət etməyi qərara almışlar.

Partiyanın Milli Assambleyadakı qrupunun üzvü Jak Müar belə bir qanunun Fransa tarixinə ləkə olduğunu vurğulamış, onun Senatda təsdiqini tapmasını pisləmiş, bununla əlaqədar  UMP-dən olan partiya yoldaşlarının əksəriyyətinin qanunun təsdiqinin əleyhinə çıxdığını və qanunun Konstitusiya Məhkəməsində təsdiqini tapmaması üçün məktubla müraciət  edəcəklərini bəyan etmişdir. O, qanunvericiliyə əsasən məhkəməyə təqdim ediləcək sənədə 60 deputatın imzasının gərək olduğunu diqqətə çatdırmış və imza toplanması ilə əlaqədar işlərin getdiyini bildirmişdir.

Belə bir müraciətin Konstitusiya Məhkəməsinə göndərilməsinin əsas təşəbbüskarı olan Milli Assambleyanın Fransa-Türkiyə dostluq qrupunun sədri Mişel Dianbaşer dünyada insan haqlarının müdafiəçisi kimi tanınan bir ölkədə belə qanunun qəbul edilməsindən təəssüf hissi keçirdiyini diqqətə çəkmişdir.

UMP-nin daha iki deputatı Erik CtromanJan-Filipp More də məhkəməyə ediləcək müraciətə imza atacaqlarını bildirmişlər. Onlar ermənipərəst deputatların təzyiqi ilə qəbul edilən bu qanunun ölkə Konstitusiyasına tamamilə zidd olduğunu  bu hərəkətin  seçkiqabağı bir oyun olduğunu bildirmişlər.

Partiyanın Milli Assambleyadakı deputat qrupunun üzvü Lionel Lüka qanun qəbul edilərkən orada olmadığından təəssüf hissi keçirdiyini, onun fransız ictimaiyyətinin arzusunu ifadə etmədiyini vurğulamışdır.

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

 

Strasburq

 

Azərbaycan.- 2012.- 26 yanvar.- S.  4.