«Gəncəni tanımaq mümkün deyildir... belə getsə, Gəncə Bakını keçəcəkdir»

 

Prezident İlham Əliyev bunu şəhərdə aparılan quruculuq işləri ilə tanış olanda dedi

 

Bilirsiniz ki, mən Gəncədə tez-tez olurambu gün səhər tezdən şəhərlə bir daha tanış olmuşam və görürəm ki, doğrudan da çox böyükçox dəyərli işlər görülür. Şəhər gözəlləşir, abadlaşır, binalar təmir edilir. Yeni parklar salınır, yeni ictimai yerlər yaradılır.

 

İlham ƏLİYEV

 

Neçə gün idi ki, havalar soyuq keçir, yağan qar göz açmağa qoymurdu. Hamı narahat idi. Sən demə, təbiətin də öz duyumu varmış. Gözlənilən gün gəlib çatanda hava açıldı, gün çıxdı, hər tərəf sanki nura boyandı. Gəncəlilər kimi təbiət də dövlət başçısı İlham Əliyevin gəlişini xoş əhvalla, sevinclə qarşıladı. Prezidentin Gəncəyə bu səfəri də şəhərdə əsl bayrama çevrildi.

Təqribən bir ildir ki, Gəncə başdan-başa yenidən qurulur, sənaye inkişaf edir, şəhər təsərrüfatı təzələnir, genişmiqyaslı abadlıq-quruculuq işləri görülür. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan tədbirlər, ölkə başçısının tövsiyə və tapşırıqları hər sahədə uğurla yerinə yetirilir.

Bir sözlə, Gəncə əsl yüksəliş yolundadır. Ötən il ümumdaxili məhsul istehsalının həcmi 350 milyon manatı ötüb. Xidmətlərin həcmi yüz milyon manatdan çox olub. Özəl bölmədə istehsalın miqdarı otuz faizə çatıb, şəhərdə minlərlə yeni yeri açılıb.

Sürətlə inkişaf edən Gəncədə yeraltı-yerüstü kommuniksiyaların təzələnməsindən, içməli sukanalizasiya sisteminin yenidən qurulmasından tutmuş bütün şəhəri bürüyən genişmiqyaslı abadlıq-quruculuq işlərinə hamı heyran qalır. Yollar, səkilər, bağlar, parklar bərpa olunur. Binaların fasadları milli ornamentlərlə bəzədilir, dam örtükləri mansard üsulu ilə təzələnir. Ən xarakterik cəhət budur ki, Gəncənin memarlıq ansamblına şəhərin qədimliyini nəzərə çarpdıran monumentalizm ünsürləri əlavə edilir. Necə deyərlər, burada cazibədar Şərq memarlığı şəhərsalmanın müasir Avropa üslubuna qovuşur.

Prezident İlham Əliyev yanvarın 21-də şəhərdə görülən genişmiqyaslı abadlıq və quruculuq işləri ilə tanış olduqca gəncəlilər daxilən fəxr edir, qədim Gəncənin bu cür müasir üslubda ölkə başçısına təqdim olunmasından iftixar hissi duyurdular.

Ölkə başçısı mərkəzi meydanda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edəndən sonra Gəncənin gözü sayılan Cavad xan küçəsinə getdi. Tamamilə başdan-başa yenidən qurulan bu qədim küçə indi Gəncə seyrangahı sayılır. Burada yerləşən binaların və digər tikililərin fasadlarında tarixmüasir memarlıq elementləri vəhdət təşkil edir.

Binaların dam örtükləri dəyişdirilib, qapılar və darvazalar milli şəbəkə formasında hazırlanıb. Təzə kanalizasiya xətləri çəkilib, qazsu boruları yerin altına salınıb. Küçə boyu doqquz min kvadratmetr sahəyə qranit plitələr döşənib, müxtəlif yerlərdə yeddi fəvvarə quraşdırılıb. Milli adət-ənənələri təsvir edən heykəllər göz oxşayır. Gələcəkdə burada xalça, misdöymə, dulusçuluq və digər tətbiqi sənət nümunələri ilə məşğul olan ustalar üçün xüsusi emalatxanaların açılması da nəzərdə tutulub.

Küçədəki bütün tarixi binaların üzərinə müvafiq lövhələr vurulub. 1918-ci il sentyabr ayının 15-də "Azərbaycan" qəzetinin ilk nömrəsinin çap olunduğu mətbəənin binası, Azərbaycan Xalq Cümhuriyyəti qurucularından olan Xasməmmədov qardaşlarının, məşhur Şeyxzamanovlar nəslinin, həmçinin 1899-cu ildə alman mühəndisi Zingerin yaşadıqları evlər burada yerləşir. Cavad xan küçəsi açıq səma altında canlı muzeyə bənzəyir.

Görülən işlərə yüksək qiymət verən dövlət başçısı şəhər ziyalıları ilə görüşü zamanı dedi ki, "Çox sağ olun, mən sizi görülən bütün bu işlər münasibətilə təbrik edirəm. Şadam ki, qısa müddət ərzində Gəncədə çox böyük quruculuq işləri aparılıb".

Həmin gün ölkə rəhbəri İlham Əliyevin xeyir-duası ilə dövlət filarmoniyası binasının təməli qoyuldu. Filarmoniyanın binası qəzalı vəziyyətdə olduğu üçün "Bakı" kinoteatrının və uşaq yaradıcılıq mərkəzinin yerində yenisinin tikilməsi qərara alınıb. Altı mərtəbəli binada layihə üzrə 1200 tamaşaçı yeri olan konsert zalı, iki kinozal, açıq havada yay estradası meydanı, şəkil qalereyası, baxış qülləsi yaradılacaqdır. Qüllə ilə birlikdə binanın hündürlüyü 26 metrə yaxın olacaq, binada restoran və kafelərin, o cümlədən səkkiz yüz kvadratmetrlik yeraltı qarajın tikilməsi də nəzərdə tutulub.

Bu, qədim Nizami yurdu üçün əvəzsiz bir hadisədir. Tanınmış tarzən, əməkdar artist Fikrət Verdiyev deyir ki, 43 il bundan əvvəl "Göygöl" ansamblı təşkil olunanda mənim 22 yaşım var idi. Bizim "Göy göl" ansamblımız Gəncə filarmoniyasının bazasında yaradılmışdı. Sonralar bina yararsız olduğuna görə filarmoniyanın fəaliyyəti pozuldu. Onda mən Bakıya gedərək neft şirkətində yeni bir ansambl yaratdım. Eşidəndə ki, Gəncə filarmoniyasında işlər yoluna düşür, böyük həvəslə geri qayıtdım. İndi mən filarmoniyanın bədii rəhbəriyəm.  Belə bir möhtəşəm mədəniyyət ocağının təşkili möhtərəm İlham Əliyevin Gəncə və gəncəlilərə tükənməz qayğısının bariz nümunəsidir. Əminəm ki, belə bir möhtəşəm mərkəzin yaradılması Gəncədə sənətin və mədəniyyətin yüksəlişinə güclü təkan verəcək.

Dövlət başçısı Nəriman Nərimanov parkının açılışında iştirak etdi və "İmamzada" məbədində aparılan tikinti və təmir-bərpa işləri ilə tanış oldu. Bəllidir ki, "İmamzada"da quruculuq işləri Prezidentin Ehtiyat Fondundan ayrılan vəsait hesabına həyata keçirilir. Bu müqəddəs işi "Gəncə-2" körpü tikinti idarəsinin ustaları zövqlə, yüksək keyfiyyətlə aparırlar.

Kompleksin yerləşdiyi iki hektardan çox ərazidə indiyədək xeyli görülmüşdür. On min kvadratmetrdən çox əraziyə asfalt örtüyü salınmış, 4,4 min poqonmetr bəzəkli səki daşları döşənmişdir. Hazırda ərazidə dini ayinlərin icra edilməsi üçün uzunluğu 100, eni 15 metr olan sahədə müxtəlif tikililər inşa edilir, müasir işıqlandırma sistemi quraşdırılır. Layihə üzrə nəzərdə tutulan 36 günbəz artıq tamamlanmış, 5 böyük günbəzin quraşdırılması isə başa çatmaq üzrədir.

Gəncə çayının sağ sahilində, Gəncə Dövlət Universitetinin qarşısındakı geniş sahədə inşa olunan bayraq meydanı Gəncənin ziyarət mərkəzinə çevrilib. Xalq Cümhuriyyətinin ilkin vətəni Gəncədə bu əzəmətli bayraq Prezident İlham Əliyevin əli ilə ucaldılmışdır. Bayrağın hündürlüyü 110 metr, uzunluğu 50, eni 25 metrdir. Əzəmətlə dalğalanan üçrəngli bayrağı şəhərin hər tərəfindən görmək mümkündür. Meydandakı qranit lövhələrin üzərində dövlət himni və dövlət gerbi əks olunub. Ətrafda genişmiqyaslı abadlıq və yaşıllaşdırma işləri aparılıb. Gəncə Dövlət Universitetinin dosenti Əkrəm Aslanov deyir ki, bir vaxt buradakı bazarın hay-küyü tədrisin gedişinə maneçilik törədir, hamının narazılığına səbəb olurdu. İndi göz işlədikcə uzanan geniş sahə əsl istirahət mərkəzinə çevrilib. Bayraq meydanı qürur mənbəyimizdir, sözün tam mənasında istiqlal tarixi muzeyinə bənzəyir. Burada milli dövlətimizin rəmzləri, müstəqil Azərbaycanın xəritəsi, gerbi, dövlət himninin mətni və müstəqilliyimizin tarixini əks etdirən bir sıra lövhələr diqqəti cəlb edir.

Qədim Gəncə ulu Nizaminin ad-sanı ilə bütün dünyada tanınır. Şəhərdə ölməz söz ustadına tükənməz qayğı və ehtiram duyulur. Dahi şairin 870 illik yubileyinə hazırlıqla bağlı geniş işlər görülür. Dövlət başçısı İlham Əliyev Nizami məqbərəsi ətrafında aparılan yenidənqurma işləri ilə də tanış oldu. Burada 7 min 540 kvadratmetr sahəyə qranit lövhə döşənmiş, dörd hovuz, iki şəlalə və fəvvarə inşa edilmiş, beş buta qranitlə üzlənmiş, bir süni gölkörpü təmir olunmuşdur. Məqbərənin qarşısından keçən yolun hər iki tərəfindəki istinad divarları da milli ornamentlərlə yenidən qurulmuşdur. Burada on bir hektar ərazidə yaşıllıq zolaqları salınmış, dekorativ ağaclar əkilmişdir.

İnşasına ötən ilin aprelində başlanılan "Qala" kompleksiNizami Gəncəvinin yubiley tədbirləri sisteminə daxildir. Bu yaraşıqlı kompleks şəhərin girişində, Bakı-Gəncə magistral yolunun hər iki tərəfində tikilir. Yolun sağı və solu genişləndirilərək 22 metrə çatdırılmışdır. Qala divarının hər birinin uzunluğu 47, hündürlüyü 15 metrdir. Yol boyu hər iki tərəfdə istinad divarları tikilir. Gəncə qapıları isə xüsusi layihə ilə inşa olunur. Qapıların eni 5, hündürlüyü 7 metrdir. Əməkdar rəssam Şərif Şərifov deyir ki, qalanın yuxarı hissəsində Gəncənin gerbi ucaldılacaq, gerbin hər tərəfində tuncdan hazırlanmış şir heykəlləri qoyulacaq, qarşıda isə "Xəmsə" bulağı inşa ediləcəkdir. Bundan başqa, "Qala" və Nizami Gəncəvinin məqbərə kompleksləri arasındakı 4,6 kilometrlik yol yenidən qurulur. Yol boyu Nizaminin "Xəmsə"sinə daxil olan əsərlərin adları həkk edilmiş 5 nəhəng kitab-abidənin, habelə şairin ölməz qəhrəmanlarının obrazlarını canlandıran heykəllərin ucaldılması və fəvvarələrin tikilməsi nəzərdə tutulur. Bütün bunlar milli dəyərlərimizə xüsusi önəm verən ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin Gəncə və gəncəlilərə, ölməz Nizami irsinə bəslədiyi tükənməz qayğı və diqqətin bəhrəsidir.

Gəncə çayının sahilində "Xəmsə" xatirə kompleksinin açılışı da əlamətdar olmuşdur. Burada Nizami Gəncəvinin "Leyli və Məcnun", "Sirlər xəzinəsi", "Yeddi gözəl", "XosrovŞirin", "İsgəndərnamə" poemalarının hər birinə aid ayrıca abidələr ucaldılıb. Kompleksdə Nizaminin əsərlərinin fraqmentlərindən və milli memarlıq nümunələrindən geniş istifadə olunub. Bununla da Nizami yaradıcılığını əks etdirən nadir sənət abidəsi ərsəyə gəlib. Prezident İlham Əliyev kompleksin mərkəzində Nizami Gəncəvinin heykəlinin açılışında da iştirak etmişdir.

Şəhərdə tarixi ənənələrin bərpası və geniş abadlıq-quruculuq işləri ilə yanaşı iqtisadiyyatın tərəqqisinə, yeni müəssisələrin və yerlərinin açılışına xüsusi diqqət yetirilir. Bu mənada "DET AL" MMC-nin alüminium zavodu təkcə Gəncə şəhərində deyil, bütövlükdə respublika üzrə qeyri-neft sektorunun inkişafı da xüsusi əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev Gəncəyə bu səfəri zamanı bir müddət fəaliyyəti dayanmış alüminium zavodunun açılışında iştirak etmiş, "DET AL" alüminium kompleksində işlərin gedişi ilə də maraqlanmışdır. "DET AL" kompleksi çox böyük, çox mühüm müəssisədir. Ümumi ərazisi 74 hektardır. Burada birinci faza elektroliz, anod prosesləri, fasiləsiz metaltökmə və isti yayma zavodları, 110 kilovoltluq yarımstansiya, silisium düzləndirici yarımstansiya, elektroliz zavodunun idarəetmə mərkəzi, gil-torpaq qəbulu məntəqəsi, kompressor sahələri, dövri su sistemləri və soyutma qüllələri, qazpaylayıcı stansiya, yanğınsöndürmə sistemləri, fülorid, anodkatod karbon bloku anbarları, inzibati binalaboratoriya binası tikilmişdir. Həmin obyektlərin ümumi sahəsi 57 min kvadratmetrdir. Kompleksin daxilində uzunluğu 2,1 min metr olan dəmir yolu xətti çəkilmiş, 1200 metr uzunluğunda beton, 2 min metr uzunluğunda asfalt yollar salınmış, genişmiqyaslı yaşıllaşdırma və abadlıq işləri aparılmışdır.

2012-2016-cı illərdə burada bir neçə nəhəng zavod inşa ediləcək, işçilərin sayı və məhsul istehsalı qat-qat artacaqdır. Müəssisənin kollektivi qarşısında çıxış edən Prezident İlham Əliyev dedi ki, "Bu, böyük sənaye mərkəzidir. Biz Azərbaycanda müasir səviyyədə alüminium sənayesinin yaradılması üçün bu gün birinci addımı atırıq... Əminəm ki,  gələcəkdə biz dediyim rəqəmlərə çatacağıq. Biz zavodun istehsal gücünü indikindən 4 dəfə artıracağıq və təbii ki, burada yeni imkanlar yaradılacaq, yeni yerləri açılacaq və Azərbaycanın  qeyri-neft potensialı daha da güclənəcəkdir".

Bütün bunlar xalqımızın ümummilli lideri Heydər Əliyevin hər sahədə ölkənin sürətli tərəqqisi üçün açdığı geniş imkanların bəhrəsidir. Qədirbilən gəncəlilər ulu öndərin müqəddəs irsini dərindən öyrənməyə və gələcək nəsillərə çatdırmağa çalışırlar. Bu məqsədlə şəhərin ən mənzərəli guşəsindəki Xatirə parkında Heydər Əliyev Mərkəzi yaradılır. Prezident İlham Əliyev mərkəzin təməlqoyma mərasimində də iştirak etmişdir. Bu, geniş bir kompleksdir. 155 hektar sahəni əhatə edir. Mərkəzin yaxınlığında eni 20, uzunluğu 50, hündürlüyü isə 36 metr olan "Zəfər tağı" inşa ediləcəkdir. "Zəfər tağı"nın ətrafını seyr etmək üçün 30 metr hündürlüyündə meydança da olacaqdır. Meydançaya qalxmaq üçün iki lift və pilləkənin quraşdırılması nəzərdə tutulub. Mərkəzin üç mərtəbədən ibarət olacaq binasının ümumi sahəsi 4 min 500 kvadratmetrdir. Birinci mərtəbədə sərgi zalı, ikinci mərtəbədə Azərbaycanın tarixinimüasir inkişafını əks etdirən ekskursiya zalı, elektron  kitabxana, üçüncü mərtəbədə köməkçi otaqlar, müşavirə-konfrans zalı və 400 yerlik iclas salonu olacaqdır.

İndi qədim Gəncə dövlət başçısı İlham Əliyevin bu səfərin xoş təsiri ilə yaşayır. Şəhərdə əhval-ruhiyyə, işgüzarlıq qat-qat yüksəlib. Səfər zamanı Prezident görülən işlərə yüksək qiymət verməklə yanaşı, şəhərin gələcək tərəqqisi üçün bir sıra tövsiyə və tapşırıqlar da verdi. Bu günlərdə şəhər fəallarının toplantısında cənab İlham Əliyevin səfərinin yekunları ilə əlaqədar qarşıda duran məsələlər ətraflı müzakirə edildi. Əməkdar elm xadimi Mirdaməd Sadıqov, professor Elman Məmmədov, təhsil işçisi Mahal Əliyev, xalq artisti Şahnaz Haşımova və başqaları çıxış edərək dövlət başçısının tövsiyə və tapşırıqlarından irəli gələn vəzifələrin uğurlu icrası və qədim Gəncənin daha sürətli yüksəlişi üçün arzu və təkliflərini bildirdilər.

Bu fərəhli günlərdə Gəncəyə daha bir xoş xəbər gəldi. Yanvarın 24-də Prezident İlham Əliyev "Gəncə şəhərinin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalamışdır. Gəncə şəhərinin zəngin tarixi-mədəni irsinin mühafizəsi, milli memarlıq ənənələri qorunub saxlanılmaqla şəhərsalma, istirahət və turizm infrastrukturunun yeniləşdirilməsi, abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə Prezidentin Ehtiyat Fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə beş milyon manat pul  ayrılmışdır.

 

Əhməd İSAYEV,

Azərbaycan.- 2012.- 28 yanvar.- S.  2.