Azərbaycanda səfərdə olan SSRİ Nazirlər Sovetinin katibliyində və 9-cu İdarədə çalışan sabiq əməkdaşlardan ibarət nümayəndə heyətinin üzvləri ümummilli lider Heydər Əliyev ilə bağlı xoş xatirələrini bölüşmüşlər

 

 Azərbaycanda səfərdə olan SSRİ Nazirlər Sovetinin katibliyində və 9-cu İdarədə çalışan sabiq əməkdaşlardan ibarət nümayəndə heyəti yanvarın 26-da mətbuat konfransı keçirmişdir.

AzərTAc xəbər verir ki, ümummilli lider Heydər Əliyev ilə Moskvada birlikdə çalışmış bu insanlar yanvarın 29-dək ölkəmizdə səfərdə olacaqlar.

Ulu öndər Heydər Əliyevin 1982-1987-ci illərdə özünün və ailəsinin təhlükəsizliyinin təminatını etibar etdiyi, ümummilli liderin həmin dövrdə gündəlik fəaliyyəti və sənədlərinin hazırlanmasında ona kömək edən bu şəxslər bildirmişlər ki, mətbuat konfransının keçirilməsinin əsas məqsədi bu dahi şəxsiyyət haqqında xoş xatirələrini bölüşməkdir.

SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin katibliyinin rəhbərinin müavini Vladimir Uxov bildirmişdir ki,  nümayəndə heyətinin üzvlərinin bəziləri bir neçə il bundan əvvəl də ölkəmizdə olmuşlar. Azərbaycan xalqına xoş arzularını çatdıran V.Uxov qeyd etmişdir ki, Bakı daim cavanlaşan gözəl və qədim şəhərdir. Bu gün Heydər Əliyev Fondunda olarkən bir daha dahi şəxsiyyətin fəaliyyəti gözümüz önündən keçdi. Bu səfərin təşkilinə görə Heydər Əliyev Fonduna minnətdarlığımızı bildiririk. Fondun fəaliyyəti olduqca əhəmiyyətlidir.

Ulu öndərin öz əməkdaşlarına qeyri-iş vaxtında münasibəti ilə bağlı jurnalistlərin sualını cavablandıran qonaqlar, Heydər Əliyevin, ümumiyyətlə, boş vaxtının olmadığını, qeyri-iş vaxtında da bütün əməkdaşların başında olduqlarını bildirmişlər. Qeyd edilmişdir ki, ümummilli lider şəxsi mühafizə əməkdaşları ilə ailə üzvləri kimi yaxın olmuşdur.

Mətbuat konfransında media nümayəndələri ulu öndərin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində olarkən ölkə qarşısında duran bir çox problemləri hansı yollarla həll etmək məsələləri ilə də maraqlanmışlar.

Qonaqlar ulu öndər Heydər Əliyevin bütün məsələlərlə şəxsən məşğul olduğunu, işçilərinə tələbkarlıqla yanaşdığını və nəticədə bütün problemlərin həllinə nail olduğunu qeyd etmişlər. 1982-1987-ci illərdə ümummilli liderin yanında olan bu insanlar Heydər Əliyevin öz vəzifəsindən kənarlaşdırılmasını və ulu öndərin bunu necə qarşıladığını də yaxşı xatırladıqlarını bildirmişlər.

Ümummilli liderin köməkçisi Eduard Proxorenko qeyd etmişdir ki, Heydər Əliyev çox nüfuzlu şəxsiyyət olmuşdur. Ona görə də həm M.Qorbaçov, həm də ondan daha zəif olanlar ulu öndərə qarşı öz oyunlarına başlamışlar.

Qonaqlar vurğulamışlar ki, güclü şəxsiyyət olan ulu öndər təmkinliliyi və çətin vəziyyətlərdən çıxış yolu tapmaq qabiliyyəti ilə başqalarından seçilirdi. Dahi şəxsiyyətin öz əməkdaşlarına həddindən artıq hörmət və diqqətlə yanaşdığını bildirən nümayəndə heyətinin üzvləri Heydər Əliyevin ədalətli, dəqiq və məsuliyyətli insan olduğunu vurğulamışlar.

 

Azərbaycan.- 2012.- 27 yanvar.- S. 5.