YAP Sabunçu rayon təşkilatında partiyanın fəalları ilə görüş olmuşdur

 

Aprelin 11-də Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov YAP Sabunçu rayon təşkilatında partiyanın fəalları ilə görüşmüşdür.

Görüşdə Əli Əhmədov Azərbaycanın günü-gündən artan iqtisadi və hərbi qüdrətindən, respublikamızın bu gün regionun ən güclü dövləti olmasından, bu sahədə ümummilli lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin əvəzsiz xidmətlərindən danışmışdır.

Sədr müavini bildirmişdir ki, bu gün YAP-ın hər bir üzvü  Prezident İlham Əliyevin Azərbaycanın modernləşdirilməsi istiqamətində yürütdüyü siyasəti tam dəstəkləyir. Bunun üçün də partiya üzvləri qlobal transformasiyaların, mürəkkəb geosiyasi və geoiqtisadi meyillərin müşahidə olunduğu bir zamanda Azərbaycana qarşı edilən virtual və siyasi hücumların mövcudluğu şəraitində dövlətçiliyimizin əsaslarının dərk edilməsində və onun müdafiəsində daha fəal olmalıdırlar.

Bu gün öz sıralarında 600 min nəfərədək üzvü birləşdirən YAP-ın artıq ölkədə böyük siyasi qüvvə olduğunu deyən Əli Əhmədov vurğulamışdır ki, partiyanın hər bir üzvü bu ilin oktyabrında keçiriləcək prezident seçkilərində fəal iştirak etməlidir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2013.- 12 aprel.- S. 2.