Avropa Şurası Venesiya Komissiyasının üzvləri Milli Məclisdə olmuşlar

 

Aprelin 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət  quruculuğu  komitəsinin sədri Əli Hüseynli və  İnsan  hüquqları  komitəsinin sədri Rəbiyyət Aslanova Azərbaycanda səfərdə olan Avropa Şurası Venesiya Komissiyasının üzvləri ilə  görüşmüşlər.

AzərTAc xəbər verir ki, Əli Hüseynli Azərbaycan parlamenti ilə Venesiya Komissiyası arasındakı əməkdaşlıqdan danışmışdır. Qeyd olunmuşdur ki, Azərbaycan Avropa Şurasına tam hüquqlu üzv olarkən götürdüyü  öhdəlikləri  layiqincə  yerinə yetirir. Komitə sədri parlamentin qanun yaradıcılığı prosesi, milli qanunvericiliyin Avropa standartlarına  uyğunlaşdırılması sahəsində görülən işlərdən, əldə olunan  nailiyyətlərdən  söhbət  açmışdır.

Rəbiyyət Aslanova Venesiya Komissiyası ilə Milli Məclis arasında  mövcud  olan ənənəvi  dostluq  münasibətlərinin yüksək  qiymətləndirildiyini  vurğulamışdır. Nəzərə çatdırılmışdır ki, Azərbaycan parlamenti qanunvericilik prosesində beynəlxalq  hüququn norma və prinsiplərinə hörmətlə yanaşır, Venesiya  Komissiyasının  qanun  yaradıcılığı  sahəsində  məsləhət  və tövsiyələrini nəzərə alır. Ölkəmizdə  insan  hüquq və azadlıqlarının daha təkmil şəkildə qorunması  istiqamətində bütün zəruri addımlar  atılır.

 Avropa Şurası Venesiya Komissiyasının üzvü Herdis Torgeirsdottir  səmimi  görüş  üçün  təşəkkürünü  bildirmiş, Bakıda səmərəli görüşlər keçirdiklərini demişdir. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barəsində də fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2013.- 12 aprel.- S. 2.