Azərbaycan və Mərakeş parlamentləri arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunmuşdur

 

Aprelin 1-də Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfiri Tarik Əliyev ölkənin Parlament  Nümayəndələr Palatasının sədri Kərim Ğellab ilə görüşmüşdür. 

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, görüşdə ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrindən, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əhəmiyyət kəsb edən səmərəli münasibətlərdən razılıq ifadə edilmiş, parlamentlərarası əməkdaşlığın daha da inkişaf etdirilməsinin, parlament dostluq qruplarının fəaliyyətinin canlandırılmasının zəruriliyi vurğulanmışdır.

Səfir T.Əliyev ölkəmizin hazırkı iqtisadi inkişafı, neft sektorunda əldə edilən nailiyyətlər, qeyri-neft sektorunun inkişafına yönəldilmiş irimiqyaslı layihələr, Azərbaycan regionlarının inkişafı, yeni infrastrukturların yaradılması barədə Mərakeş Parlamentinin  nümayəndəsinə məlumat vermişdir.

Hər iki ölkənin ərazi problemi ilə üzləşdiyini diqqətə çatdıran    azərbaycanlı diplomat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi, onun həlli istiqamətində Azərbaycan hökumətinin mövqeyi,  ötən əsrin əvvəllərindən başlayaraq, erməni millətçiləri tərəfindən xalqımıza qarşı törədilmiş qanlı cinayətlər, soyqırımı aktları, o cümlədən Xocalı faciəsi barədə danışmışdır. 

Səfir T.Əliyev insanlığa qarşı Xocalı faciəsi kimi cinayətlərin dünyanın hər hansı bir nöqtəsində baş verməməsi üçün aparılan təbliğat işinin əhəmiyyətini vurğulamış, bir sıra dost ölkələrin parlamentlərində Xocalı faciəsinin soyqırımı aktı kimi tanındığını diqqətə çatdırmışdır.

K.Ğellab ölkəmizə səfərə dəvət olunduğu üçün məmnunluğunu bildirmiş, təşəkkür və səmimi salamlarının Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədova çatdırılmasını rica etmişdir.

 

 

Azərbaycan.-2013.- 2 aprel.- S.3.