Azərbaycan-Kanada əlaqələri yüksələn xətlə inkişaf edir

 

Aprelin 3-də Milli Məclisin Sədri Oqtay Əsədov Kanada İcmalar Palatasının sədrinin müavini, Kanada-Azərbaycan dostluq qrupunun sədri Barri Devolinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan və Kanada arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, parlamentlərarası əməkdaşlıq və digər sahələrdə genişləndirilməsi üçün böyük imkanların olduğu bildirilib, ikitərəfli əlaqələrin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Spiker Oqtay Əsədov iki ölkə arasındakı münasibətlərin möhkəmləndirilməsində qarşılıqlı səfərlərin önəmini xüsusi qeyd edib. Bildirib ki, Kanada ilə Azərbaycan arasında artıq dörd sənəd imzalanıb. Ölkələrarası məsafənin uzaq olmasına baxmayaraq siyasi əlaqələrin yüksələn xətlə inkişaf etdiyini deyən Milli Məclisin Sədri iqtisadi əlaqələrin lazımi səviyyədə olmadığını da vurğulayıb və bunun gələcəkdə daha da inkişaf etdirilməsini arzulayıb.

Oqtay Əsədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemini də qonaqların nəzərinə çatdırıb. Bildirib ki, Ermənistan öz müqəddəratını özü həll etməyən bir ölkədir. Bunun üçün də beynəlxalq təşkilatları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ədalətli olmağa çağırıb.

Kanada-Azərbaycan dostluq qrupunun rəhbəri Barri Devolin isə qeyd edib ki, bir sıra üsullardan istifadə etməklə ölkələrarası əlaqələri daha da inkişaf etdirmək mümkündür.

Sonda dostluq qrupunun rəhbəri və nümayəndə heyətinin üzvləri Azərbaycana səfərlərindən məmnun qaldıqlarını, qonaqpərvərliyə və xüsusi diqqətə görə minnətdar olduqlarını bildiriblər.

 

 

Elgün MƏNSİMOV

 

Azərbaycan.-2013.- 5 aprel.- S.1.