Azərbaycanın işğal altında olan bütün torpaqları azad olunacaq

 

Prezident İlham ƏLİYEV: "Bizim tam hüququmuz vardır və beynəlxalq hüquq bu imkanları tanıyır ki, biz istənilən yolla ərazi bütövlüyümüzü bərpa edək"

 

Ermənistanın dünya miqyasında təcavüzkar dövlət kimi tanınmasına nail olmaq və Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, dünya siyasətini istiqamətləndirən böyük dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək dövlət başçısı İlham Əliyevin xarici siyasətinin prioritet məqsədləri sırasında xüsusi vurğulana bilər.

Bu günlərdə Abşeron rayonunun Masazır qəsəbəsində 760 məcburi köçkün ailəsi üçün yeni salınmış məhəllənin istifadəyə verilməsi münasibətilə təşkil olunan mərasimdə iştirak edən Prezident İlham Əliyev bildirib: "Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Hazırda işğal altında olan bütün torpaqlar tarixi torpaqlarımızdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Bunu deməyə əsas verən bir çox amillər vardır. Onların içərisində həm hüquqi, həm siyasi, həm tarixi, həm də iqtisadi amillər vardır. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Heç bir ölkə Dağlıq Qarabağı müstəqil qurum kimi tanımır və tanımayacaqdır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Bütün beynəlxalq təşkilatlarda qəbul edilmiş qətnamələr bunu göstərir. Yəni bu, məsələnin həlli üçün əsas hüquqisiyasi şərtlərdir".

Aparılan uğurlu diplomatiya nəticəsində artıq beynəlxalq təşkilatlar haqqın və ədalətin Azərbaycanın tərəfində olduğunu etiraf edir, Ermənistanın təcavüzkar dövlət olduğunu anlayırlar. Ötən illərdə Azərbaycanın haqlı mövqeyi Avropa Şurasında, BMT, Avropa Birliyi,   ATƏT, NATO, İKT, GUAM və digər beynəlxalq təşkilatlarda dəstəklənmişdir. Regionda sülh, sabitlikiqtisadi əməkdaşlığa ciddi təhlükə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq səviyyəli müzakirələr intensivləşib. Aşkar görünür ki, dünyada baş verən mühüm geosiyasi dəyişikliklər fonunda Cənubi Qafqazdakı münaqişə ocaqlarının söndürülməmiş qalması ümumi siyasi mənzərəyə mənfi təsir göstərməklə yanaşı, bölgədə iqtisadisiyasi maraqları olan dövlətlərin mənafelərini ciddi şəkildə təhdid edir. Münaqişənin həlli məsələsinin regional müstəvidən çıxaraq beynəlxalq səciyyə daşıması da məhz bu amillə şərtlənir.

Azərbaycan danışıqlar prosesində ədalətli, prinsipal və beynəlxalq hüquqa əsaslanan  mövqe nümayiş etdirir. Bu dəyişməz mövqeyi Prezident İlham Əliyev xarici ölkələrə səfərlərində, eləcə də ölkəmizə gələn nüfuzlu beynəlxalq təşkilatların və dövlətlərin rəhbərlərinin diqqətinə dəfələrlə çatdırır. Rəsmi Bakı istənilən münaqişənin ayrı-ayrı dövlətlərin siyasi iddiaları, "ikili standartlar" əsasında deyil, məhz aparıcı beynəlxalq təşkilatların qərar və qətnamələri əsasında həllinin tərəfdarı kimi çıxış edir. BMT-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çoxsaylı qətnamə və qərarlarına eyni münasibəti göstərməməsi isə müəyyən suallar doğurur.

BMT 70 ilə yaxın müddətdə əsasən hərbi-siyasi təşkilat kimi tanınıb. Onun müəyyən prosesləri tənzimləmək üçün güc tətbiq etmək təcrübəsi mövcuddur. 1945-ci ilin oktyabrında yaradılmış bu qurumun Nizamnaməsinin 51-ci maddəsində göstərilir ki, hər bir dövlət özünün ərazi bütövlüyünü müdafiə etmək üçün istənilən anda hərbi yoldan istifadə edə bilər və hər bir dövlətin də özünümüdafiə hüququ var.

BMT-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnaməsində erməni hərbi birləşmələrinin qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması məsələsi əksini tapıb. Amma buna baxmayaraq, təşkilat Azərbaycanla bağlı qətnamələrinin 20 ildir ki, icrasını təmin etmir.

Masazır qəsəbəsində təşkil olunan mərasimdə Prezident İlham Əliyev bildirib: "Ermənistan torpaqlarımızı hərb yolu ilə işğal edib. O vaxt bu işğalın nəticələrini aradan qaldırmaq üçün BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir. Onların heç biri 20 ildir ki, icra edilmir. Necə ola bilər ki, hansısa başqa bir məsələ ilə bağlı qətnamə qəbul edilirbir gün ərzində dərhal icra edilməyə başlayır, amma bizə gəldikdə 20 ildir ki, məsələ həllini tapmır və biz ancaq məsələnin sülh yolu ilə həll edilməsini eşidirik. Nəyə görə? Ona görə ki, ikili standartlar vardır. Bizim tam hüququmuz vardır və beynəlxalq hüquq bizə bu imkanları tanıyır ki, biz istənilən yolla ərazi bütövlüyümüzü bərpa edək. BMT-nin Nizamnaməsində bu müddəalar vardır ki, hər bir ölkə özünü müdafiə etmək üçün bütün imkanlardan istifadə etməlidir. Helsinki Yekun Aktında ölkələrin ərazi bütövlüyü prinsipi hər bir başqa prinsipdən üstündür, o cümlədən ölkələrin, xalqların öz müqəddəratını təyinetmə prinsipindən üstündür. Ancaq ədalətsizlik, ikili standartlar, erməni lobbisionun dünyadakı havadarları, bir də vasitəçilərin passivliyi deyə bilərəm ki, məsələnin həlli üçün lazımi şərait yaratmır. Ancaq buna baxmayaraq, biz öz siyasidiplomatik səylərimizi daha da böyük əzmlə, iradə ilə davam etdirəcəyik".

İşğal faktı ilə barışmayacağını hər zaman bəyan edən Azərbaycan danışıqların sonadək nəticəsiz qalacağı təqdirdə münaqişənin həllində güc yoluna əl atacağını gizlətmir. Söhbət ondan gedir ki, Ermənistan və Azərbaycan arasında 1994-cü ilin mayın 12-də atəşkəs rejiminin tətbiqini nəzərdə tutan Bişkek müqaviləsinin imzalanmasından 19 il keçsə də, Yerevanın qeyri-konstruktiv, təcavüzkar siyasəti üzündən beynəlxalq birliyin münaqişəni dinc yolla tənzimləmək cəhdləri hələ ki fayda verməyib. Ötən illərdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin (ABŞ, Fransa, Rusiya) vasitəçiliyi ilə aparılan üzücü və gərgin danışıqlar prosesi bir neçə dəfə problemin real həlli müstəvisinə yönəlsə də, Ermənistan rəhbərliyinin aşkar siyasi cığallığı və siyasi qətiyyətsizliyi üzündən sülhə gəlmək mümkün olmayıb. Ermənistanın təcavüzkar dövlət olmasına, işğalçılıq siyasəti yürütməsinə açıq-aşkar göz yumulur. Bu bir yana, "demokratiya carçıları" Azərbaycandakı müsbət meyillərə kölgə salmağa çalışdıqları halda təcavüzkar dövlətin daxilində cərəyan edən antidemokratik proseslərə, dövlətin antihumanist, insanlığa qarşı yönəlmiş zorakı addımlarına da göz yumurlar.

Heç bir danışıq prosesi müddətsiz, nəticəsiz ola bilməz. Hər bir danışıqlar prosesində qarşılıqlı güzəştlər də beynəlxalq hüquqla müəyyən olunur. Təcavüzkarla təcavüzə məruz qalan dövlətdən eyni dərəcədə güzəşt tələb etmək isə beynəlxalq hüquq normalarını ayaq altına atmaqdır. Təəssüf ki, ATƏT-in Minsk qrupu da belə bir ədalətsiz mövqeyə tapınıb. Həmsədr dövlətlərin məsuliyyətdən tamamilə yayınması, münaqişə tərəflərinin "istənilən razılaşması"nın məqbul sayılacağını bəyan etməsi isə prinsipsizlik nümunəsi kimi qiymətləndirilə bilər.

Azərbaycanın artan iqtisadi qüdrəti qarşısında işğalçı Ermənistan son dərəcə dərin iqtisadi böhran keçirir. Bölgədə gerçəkləşdirilən bütün qlobal layihələrdən kənarda qalan Ermənistan əhalisinin sosial durumu olduqca acınacaqlı vəziyyətdədir. Azərbaycan dövləti isə bütün sahələr üzrə davamlı inkişaf edərək dünyanın inkişaf etmiş ölkələri sırasına qoşulmaqdadır. Qüdrətli Azərbaycan qarşısında səfillər ölkəsinə çevrilən Ermənistanın uzun müddət tab gətirəcəyi isə mümkünsüzdür.

 

 

Elnur HACALIYEV

 

Azərbaycan.-2013.- 5 aprel.- S.1.