«Maraqlı insan haqqında maraqlı kitab»

 

"Heydər Əliyev. Şəxsiyyət və zaman" roman-tədqiqatın son kitabları çapdan çıxmışdır

 

 Heydər Əliyev haqqında bədii əsərlər, sənədli oçerklər, elmi məqalələr çox yazılıb. Bu böyük İnsanın şəxsiyyətinin və gördüyü işlərin miqyası o qədər genişdir ki, onun öyrənilməsi üçün elmdə ayrıca bir istiqamət yaratmaq vaxtı gəlib çatmışdır. Bu əsərlər arasında Azərbaycanın tanınmış yazıçı-publisisti, Milli Məclisin deputatı Elmira Axundovanın "Heydər Əliyev. Şəxsiyyət və zaman" çoxcildli roman-tədqiqatı xüsusi yer tutur. Bu günlərdə müasir dövrün görkəmli dövlət və siyasi xadiminin, Azərbaycan xalqının ümummilli liderinin çoxcəhətli həyat və yaradıcılığına həsr olunmuş bu fundamental əsərin son beşinci və altıncı (iki hissədə) kitabları çapdan çıxmışdır.

Mübaliğəsiz demək olar ki, biz  bu hadisəni gözləyirdik. Təqribən beş il gözləmişik. Elmira Axundovanın öz həyatının başlıca layihəsi hesab etdiyi kitabın ilk dörd cildinin nəşr olunduğu vaxtdan məhz bu qədər müddət keçmişdir. Bu dövrdə kitab nəinki Azərbaycanda, həm də onun hüdudlarından kənarda böyük oxucu auditoriyası qazanmışdır ki, bu da həm Heydər Əliyevin qeyri-adi şəxsiyyətinə çox böyük maraqdan, həm də romanın danılmaz ədəbi-bədii məziyyətlərindən irəli gəlir. Rusiya Milli Kitabxanasında, Sankt-Peterburqdakı Tavriya Sarayında, Ukraynada və Türkiyədə ilk dörd cildin təqdimatı keçirilmişdir.

Bütün bu illərdə Elmira xanım Heydər Əliyevin həyatı haqqında bədii-sənədli hekayəsinin qalan cildləri üzərində işi davam etdirmişdir. Bu, həqiqətən, çox çətin, miqyasına görə çox böyük zəhmət olmuşdur. Ümummilli liderin doğmaları, uşaqlıq və gənclik dostları ilə, əhatəsindəki yaxınları, silahdaşları ilə görüşlər və söhbətlər, tanınmış dövlət xadimləri və ictimai xadimlərlə müsahibələr... Yeri gəlmişkən qeyd edək ki, Heydər Əliyevin müasirlərinin, istər həmfikirlərinin, istərsə də opponentlərinin xatirələri ilə tanış olmaq imkanı kitabın dəyərini artıran cəhətlərdir. Həmsöhbətlərin daha geniş dairəsini əhatə etmək istəyi müəllifin etirafına görə, romanın dördüncü və sonrakı cildləri arasında beş il fasilə yaranmasına səbəb olmuşdur. Paralel olaraq arxiv materialları ilə, o cümlədən Heydər Əliyevin şəxsi arxivi ilə çox gərgin iş aparılmışdır. Bu arxivə o, Prezident İlham Əliyevin icazəsi ilə buraxılmışdır.

Roman-tədqiqat - müəllif öz əsərinin janrını belə müəyyən etmişdir. Qazax şairi və ictimai xadimi Oljas Suleymenov çoxcildliyə yazdığı sözardında haqlı olaraq qeyd edir ki, bu, qeyri-adi janrdır. O, incəsənəti və elmi, subyektiv və obyektiv, bədii və həyat həqiqətini özündə birləşdirir. Lakin monumentallığına, təsvir edilən hadisələrin miqyasına, mövzuya dərindən nüfuz edilməsinə görə bu kitab roman-epopeya adlandırıla bilər. O, keçən əsrin 20-ci illərindən indiki əsrin ilk illərinədək təqribən yüz illik tarixi dövrü əhatə edir. Bu illərdə baş vermiş mürəkkəb, ziddiyyətli, birmənalı olmayan proseslər və hadisələr fonunda romanın baş qəhrəmanının şəxsiyyəti, xarakteri formalaşmış, insani və siyasi taleyi müəyyənləşmişdir. Bu baxımdan Elmira Axundova müəyyən vaxtdan sonra Heydər Əliyevin özünün də çox böyük təsir göstərdiyi zaman fonunda onun portretini yaratmaqla son dərəcə mürəkkəb bir vəzifəni yerinə yetirmişdir.

Nə qədər yüksək bədii dəyərə malik olsa da, Elmira Axundovanın roman-tədqiqatı tarixi şəxsiyyət haqqında sadəcə ədəbi əsər deyildir. Onun başlıca fərqləndirici cəhəti budur ki,   romanda janra xas olan bədii təxəyyül məhsulu yoxdur. Roman Heydər Əliyev haqqında yaxın-uzaq müasirlərinin söhbətləri əsasında qurulmuşdur. Şahidlərin, bu və ya digər dövrlərdə Heydər Əliyevlə işləmiş, onun çevrəsində olmuş insanların yüzlərlə xatirəsindən elə bir insan obrazı yaranır ki, müasir Azərbaycanı onsuz təsəvvür etmək mümkün deyildir.

Romanın beşinci kitabı "Naxçıvan dönüşü" adlanır. Bu kitab Heydər Əliyevin tərcümeyi-halında "Naxçıvan dövrünə" həsr olunmuşdur və 1990-cı ilin iyulundan 1993-cü ilin iyununadək olan zaman kəsiyini əhatə edir. Müəllif kitaba ön sözündə oxucuya müraciətdə yazır ki, bu nəinki Naxçıvan Muxtar Respublikasının, həm də bütün Azərbaycanın tarixində ən mürəkkəb, həmçinin ən əlamətdar dövrlərdən biridir. Məhz bu illərdə Azərbaycan ağır məhrumiyyətlərə, ümidsizliyə düçar olmuşdu: "Qara Yanvar" faciəsi, Xocalı soyqırımı, Ermənistanın təcavüzü nəticəsində Şuşa, Laçın və Kəlbəcərin işğalı, yüz minlərlə azərbaycanlının öz doğma yurdlarından kütləvi surətdə qovulması. Amma məhz bu illərdə ölkənin ən müxtəlif guşələrində Azərbaycanın suverenliyi və dövlət müstəqilliyi uğrunda mübarizəyə qalxmış geniş xalq kütlələrinin misli görünməmiş fəallığı müşahidə edilmişdir. E.Axundova yazır: "Heydər Əliyevin siyasi iradəsi ilə idarə olunan və istiqamətləndirilən Naxçıvan Muxtar Respublikasının parlamenti o vaxt Azərbaycanın azadlığı və istiqlaliyyəti uğrunda əsl mübarizə qərargahına çevrilmişdi. Burada, Naxçıvanda əsl inqilabi qərarlar qəbul olunur və sonradan bütün respublikaya yayılaraq yeni dövlətin siyasi və iqtisadi simasında ciddi dəyişikliklər edirdi".

Beşinci kitabda Heydər Əliyev Moskvadan Bakıya, sonra isə Mərkəzin və Azərbaycanın o vaxtkı rəhbərliyinin sərt təzyiqinə məhəl qoymadan ağuşunu öz dahi həmyerlisinə açmış Naxçıvana qayıtdıqdan sonra baş vermiş gözlənilməz dəyişikliklərdən, onun muxtar respublikanın parlamentinin sədri seçilməsindən ətraflı söhbət açılır. Zəngin faktiki material əsasında sərt blokada şəraitində yaşayan, demək olar ki, yarımac,  istiliksiz, işıqsız qalmış Naxçıvanın Heydər Əliyevin siyasi iradəsi və təşkilatçılıq istedadı sayəsində erməni işğalı təhlükəsini özündən uzaqlaşdıraraq həyata qayıtmasından, iqtisadi islahatlara başlamasından bəhs olunur. Yeni Azərbaycan Partiyasının yaradılması tarixindən muxtar respublikada ictimai asayişin nizama salınmasına, qanunsuz silahlı dəstələrin tərk-silah edilməsinə, Xalq Cəbhəsinin Naxçıvanda sabitliyi pozmaq və qanlı qarşıdurma yaratmaq cəhdlərinin qarşısının alınmasına yönəldilmiş tədbirlərdən bəhs edən səhifələr çox böyük maraqla oxunur.

Bəzən gözlənilməz və qəfil baş verdiyi güman edilən tarixi proseslərdə də, şübhəsiz, daxili qanunauyğunluq olur. Məhz bu qanunauyğunluq 1993-cü ilin iyununda - ölkənin ən ağır çağında, onun bugünkü və gələcək taleyinin həll olunduğu məqamda Heydər Əliyevi yenidən hakimiyyətə gətirdi. "Heydər Əliyev. Şəxsiyyət və zaman" çoxcildliyinin iki hissədən ibarət olan sonuncu, altıncı kitabı on ili əhatə edən bu dövrə həsr olunmuşdur. Yenə də xatirələr, sənədlər, yerli və xarici mətbuatda dərc olunmuş yazılardan parçalar vasitəsilə o illərin mənzərəsi canlandırılır, bir neçə addım irəlini görən əsl strateqin, siyasət qrossmeysterinin xarakteri əks etdirilir. Kitabda Heydər Əliyevin o illərdəki çoxcəhətli fəaliyyəti - onun xarici siyasəti, neft strategiyası, ictimai-siyasi sabitliyin təmin olunması, ordunun qurulması, Qarabağ probleminin həlli, iqtisadiyyatda, təhsildə islahat, demokratik proseslərin inkişaf etdirilməsi, tam siyasi sistemin, diasporun formalaşdırılması sahəsində göstərdiyi səylər, milli-mənəvi, mədəni dəyərlərin, Azərbaycan dilinin qorunub saxlanmasına göstərilən qayğı dərindən təhlil olunur. Bütün bu titanik fəaliyyət ölkəni dağılmaq və dünya xəritəsindən silinmək təhlükəsindən xilas etmiş, yeni əsrə qədəm qoymasına yol açmış, indiki sürətli yüksəlişin fundamental əsasını qoymuşdur.

Kitabın dəyəri həm də ondadır ki, burada Heydər Əliyevin idarəetmə metodları, iş prinsipləri, komandasının üzvləri ilə münasibətləri, yeniliyə qeyri-adi dərəcədə açıq olması, siyasi kübarlığı və  alicənablığı göstərilir. Bu, özünü əfsuslar olsun  ki, onun həyatında çox baş vermiş xəyanətə də mərhəmətlə yanaşmağı bacarmasında büruzə verir. Onun üçün dövlətin və xalqın mənafeyi həmişə ən yüksəkdə olmuşdur.

Sənədlərlə zəngin olması, şahidlərin söhbətlərinin, xatirələrinin səmimi və açıq olması, əsərin dilinin sadəliyi və aydınlığı sayəsində roman birnəfəsə oxunur. Kitabda təsvir olunan hadisələr, bu və ya digər vəziyyətlərdə Heydər Əliyevin gördüyü işlər və atdığı addımlar müdriklik dəryasıdır, səbir, təmkin, prinsipiallıq, özü və insanlar qarşısında hədsiz dərəcədə dürüst olmaq dərsidir. Burada hər şeydən ibrət almaq olar: onun vəziyyəti dərindən təhlil edərək yeganə düzgün qərar qəbul etmək bacarığından da, yaradıcı ziyalıların nümayəndələrinə münasibətindən və sadə insanların qayğılarına diqqətlə yanaşmasından da.

Romanın ilk dörd kitabını oxuyanların hamısı bu fikirdədir ki, o, müəllifin öz qəhrəmanına ehtiram və məhəbbətinin məhsuludur. Bunu Elmira Axundova özü də etiraf edir. SSRİ xalq rəssamı Tahir Salahovun qeyd etdiyi kimi, o, Heydər Əliyev haqqında yersiz uzun-uzadı epitetlərdən istifadə etmədən yazır. O, qəhrəmanını iş başında, gündəlik əməkdə, real vəziyyətlərdə, bəzən kəskin və münaqişəli vəziyyətlərdə, insanlarla qarşılıqlı münasibətdə göstərir, oxucunun özünün nəticə çıxarmasına imkan verir. Bir sözlə, Oljas Süleymenovun təbirincə desək, bu, doğrudan da, "qeyri-adi zamanda yaşamış maraqlı insan haqqında maraqlı kitabdır". Roman haqqında başqa tanınmış insanların da rəyləri bunu təsdiq edir.

Tanınmış tarixçi Roy Medvedev yazır: "Mən tarixçi və siyasi bioqrafiyalar üzrə peşəkaram, bütün sovet və rus liderlərindən yazmışam, lakin bizim janrda hələ belə kitab olmamışdır.  Çəkinmədən deyirəm ki, liderlər haqqında kitablar cərgəsində bu, ən yaxşısıdır. Elə yazıçılar, tarixçilər, müəlliflər tanıyıram ki, yaxşı kitab yaza bilərdilər, amma onlar yetərincə obyektiv deyillər. Burada isə müəllifin çox böyük obyektivliyi müşahidə edilir".

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın fikrincə, əsərin dəyəri zəngin materiala söykənməsindədir. Elmira xanım baş vermiş proseslər barədə öz konsepsiyasını əks etdirir və bu proseslərdə Heydər Əliyevin müəyyənedici rolunu aydın şəkildə göstərir. Unikal şəxsiyyətə həqiqətən, heyran olan müəllif heç yerdə subyektivliyə, çox mürəkkəb problemlərin işıqlandırılmasında konyunktur mülahizələrə yol vermir. Müəllif həmişə tarixi həqiqətə sadiq qalır.

Tarix elmləri doktoru, professor Eldar İsmayılov yazır: "Heç kəsin öz fikrini başqalarına təlqin etməyə haqqı yoxdur. Amma əgər 30 ildən çox müddət ərzində ölkənin qeyri-adi, sözün əsl mənasında, böyük şəxsiyyət tərəfindən idarə olunduğuna istər bizim ölkədə, istərsə də ondan kənarda yaşayan insanları inandırmaq lazım gələrsə, zənnimcə, bu gün E.Axundovanın kitabından yaxşı analoq göstərmək çətindir".

... Öz həyatının başlıca kitabını yazmaq səadəti hər yazıçıya nəsib olmur. Elmira Axundovaya bu, qismət olmuşdur. Müəllif kitablarından birinin müqəddiməsində yazır: "Bəzən məndən soruşurlar: "Heydər Əliyev haqqında daha nə qədər yazacaqsınız?" Açıq etiraf edirəm: "Yəqin ki, bütün həyatım boyu". Təəccüblü heç nə yoxdur. Axı, rus tarixçisi Rudolf İvanovun qeyd etdiyi kimi, "...dahi insanlarda bir çox öyrənilməmiş keyfiyyətlər olur, onların aşkara çıxarılmasına və ifadə olunmasına zaman və insanlar kömək edəcəkdir".  

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 5 aprel.- S.2.