«Kiyevski teleqraf» qəzetində ümummilli lider Heydər Əliyev haqqında məqalə dərc olunmuşdur

 

"Kiyevski teleqraf" qəzetinin 2 aprel nömrəsində Kiyev Milli Aviasiya Universiteti Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq hüquq kafedrasının professoru, həmvətənimiz Arif Quliyevin məqaləsi dərc olunmuşdur.

"O, böyük vətəndaş idi. Heydər Əliyev: "Mən fəxr edirəm ki, azərbaycanlıyam..." sərlövhəli məqalədə böyük siyasi xadim Heydər Əliyevin Azərbaycan dövlətçiliyi tarixində rolu vurğulanır. Müəllif yazır: "İnsanı onun gördüyü işlər böyük edir, lakin böyük işlər görmək üçün insanların fövqündə durmaq deyil, onlarla birlikdə olmaq lazımdır. Heydər Əliyev Azərbaycanın ağır müstəqillik və təşəkkül yolunu xalqı ilə birlikdə, çiyin-çiyinə keçmiş, son dərəcə mürəkkəb dövrdə onun qurtuluşu naminə görünməmiş fədakarlıq nümayiş etdirmişdir. Onun qəlbi milyonlarla azərbaycanlının qəlbi ilə bir döyünmüşdür. Müasir Azərbaycanda əsrin üçdə birindən çox hissəsinin dövlət quruculuğu, iqtisadi dirçəlişi, siyasi şüuru, siyasi həyatı Heydər Əliyevin adı ilə sıx bağlıdır".

O, sarsılmaz iradəyə, qeyri-adi intellektə, siyasi uzaqgörənliyə, tarixi təcrübəyə, strateq və mütəfəkkir müdrikliyinə malik böyük siyasi xadim, ümummilli lider idi. A.Quliyev məqaləsində Azərbaycan xalqının ulu öndərinin ömür yolunun əsas məqamlarını  təqdim etmişdir.

Müəllif Heydər Əliyevin sovet hakimiyyəti illərində siyasi fəaliyyətini qiymətləndirərək qeyd edir ki, o, həmin dövrdə geridə qalmış, yalnız xammal istehsal edən aqrar Azərbaycan Respublikasını qısa müddətdə neft və pambıq istehsalı üzrə lider mövqe tutan, inkişaf etmiş ölkəyə çevirə bilmişdir. O illərdə Heydər Əliyevin rəhbərliyi altında güclü iqtisadi baza yaratmaq, Azərbaycanın gələcək müstəqilliyinin təməlini qoymaq mümkün olmuşdur. Nəticədə kifayət qədər qısa tarixi müddət ərzində respublikada yaxşılığa doğru əhəmiyyətli dəyişikliklər baş vermişdir: yeni zavodlar, fabriklər, elektrik stansiyaları, neft mədənləri, suvarma və nəqliyyat sistemləri inşa edilmişdir.

Professor vurğulayır ki, Heydər Əliyev Azərbaycan dilinə dövlət dili statusu verilməsinə nail olmuşdur ki, bu da 1978-ci ilin Konstitusiyasında qanunvericilik qaydasında təsbit edilmişdir. O dövrdə belə bir addım qəhrəmanlığa bərabər addım sayılırdı.

Məqalədə Heydər Əliyevin sovet hökumətinin ali rəhbərliyində işlədiyi dövrdə Ukrayna qarşısında xidmətlərinə xeyli yer verilmişdir. Belə ki, ötən əsrin 80-ci illərində Dunay və Dnepr çaylarının birləşdirilməsini nəzərdə tutan layihə hazırlanmışdı ki, bu da irimiqyaslı ekoloji fəlakətə gətirib çıxara bilərdi. Heydər Əliyev layihə müəlliflərini bu təşəbbüsdən imtina etməyə inandıra bilmişdi. Bundan əlavə, onun köməyi ilə "Obolon" zavodu inşa edilərək işə salınmışdır. Heydər Əliyevin təşəbbüsü ilə uşaq qidası fabriki tikilmiş, habelə o, Kiyev metropoliteninin tikintisinə dəstək göstərmişdir.

Heydər Əliyev Kiyev şəhərinin Fəxri vətəndaşı, Ukrayna Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının Fəxri doktoru adlarına layiq görülmüşdür. Azərbaycanın Kiyevdəki səfirliyi yanında salınmış yeni park, habelə Regionlararası Heyəti İdarəetmə Akademiyası onun adını daşıyır. Xaricdə Heydər Əliyevin ilk abidəsi də Kiyev şəhərində ucaldılmışdır.

Bakıda məlum qanlı Yanvar hadisələrindən sonra o vaxtlar gözdən salınmış Heydər Əliyev həyatını təhlükə altına qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində jurnalistlər və ictimaiyyət qarşısında kəskin bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı dəhşətli cinayət törətmiş şəxsləri pisləmiş və onların cəzalandırılmasını tələb etmişdir. Bununla da, o, qəhrəmanlıq, yenilməzlik və doğma xalqına sədaqət nümayiş etdirmişdir. Müəllif yazır: "O, yüksək tribunadan keçmiş sovet dövlətinin rəhbərlərinin ünvanına mərdi-mərdanə ittihamlar səsləndirərək, öz Vətəninin ərazi bütövlüyünün müdafiəsinə qalxmış ilk insanlardan biri olmuşdur".

1993-cü ilin əvvəlində Azərbaycanda siyasi vəziyyət son dərəcə gərginləşmiş, Azərbaycan ərazisinin bir hissəsi çox sürətlə erməni silahlı birləşmələri tərəfindən işğal edilmiş, minlərlə azərbaycanlı məcburi köçkünə çevrilmiş, ölkə vətəndaş müharibəsi həddinə çatmış, onun dövlətçiliyi təhlükə ilə üzləşmişdir. O, dəhşətli və ağır günlərdə azərbaycanlılar gələcəyə inamı itirməmişdilər. Onlar vəziyyəti sabitləşdirməyə və xalqı fəlakətdən qurtarmağa qadir güclü liderə ehtiyac hiss edirdilər. Heydər Əliyev məhz belə bir lider oldu. Azərbaycan xalqı onda öz nicat yolunu gördü və öz taleyini Heydər Əliyevə etibar etmək istəyi ilə israrla mövcud hakimiyyətin dəyişilməsini tələb etdi. Xalqının əzablarını görən Əliyev yenidən ölkənin rəhbərliyinə qayıtdı. 1993-cü ilin oktyabrında Azərbaycan xalqı onu Azərbaycan Respublikasının Prezidenti seçdi.

1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın həyatının bütün sahələrində qəti dönüş baş verdi. Respublikada ictimai-siyasi sabitlik bərqərar oldu, parçalanma və dövlət çevrilişi təhlükəsi aradan qalxdı. Heydər Əliyev ilk növbədə milli həmrəyliyə nail oldu. O, xalqı vahid ideologiya ətrafında sıx birləşdirərək, ona sabahkı günə inam hissi aşılaya bildi. Heydər Əliyevin müstəqil və sabit dövlət quruculuğu yolunda atdığı addımlar nəticəsində Azərbaycanın milli mənafelərinin keşiyində durmağa qadir olan milli ordu yaradıldı.

Ümummilli liderin ən böyük xidmətlərindən biri yeni neft strategiyasının işlənib hazırlanmasıdır. 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" adlanan ilk neft müqaviləsinin imzalanması Azərbaycanın iqtisadi inkişafında böyük rol oynadı. Neftin satılmasından əldə edilən maliyyə vəsaiti rasional siyasət sayəsində cəmiyyətin bütün sahələrinin yaxşılaşdırılmasına yönəldildi. Bundan sonra ölkə daxilində bərqərar olmuş nisbi sabitlik və Azərbaycanın beynəlxalq aləmdə möhkəmlənməsi Heydər Əliyevin işləyib hazırladığı neft strategiyasının təsirli olduğunu təsdiq edir.

Bu gün Heydər Əliyevin cəmiyyətin bütün təbəqələrinin maraqlarını ifadə edən, insanların hüquq və azadlıqlarını, milli dövlət strukturunun maraqlarını və açıq cəmiyyətin ən yüksək dəyərlərini müdafiə edən siyasi-iqtisadi xətti Azərbaycanın hazırkı  Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Arif Quliyev məqaləsini bu sözlərlə bitirir: "Heydər Əliyevin missiyası böyük xilaskar missiyası idi. Onun böyük işləri, yaratdığı dövlət, nurlu ideyaları əbədi yaşayacaqdır. Heydər Əliyev kimi insanlar dünyada çox azdır. O, xalqının qurtuluşu və xoşbəxtliyi üçün təkbaşına bütöv bir ordunun görə biləcəyindən çox iş görmüşdür".

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 5 aprel.- S.2.