Milli Olimpiya Komitəsinin VI hesabat-seçki baş məclisi keçirilmişdir

 

Aprelin 3-də Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) VI hesabat-seçki baş məclisi keçirilmişdir.

AzərTAc xəbər verir ki, iqtisadi inkişaf tempinə görə regionun lider dövlətinə, nüfuzlu söz sahibinə çevrilən Azərbaycan artıq sürətlə qloballaşan dünyada idman ölkəsi kimi də tanınır. Son illərdə ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğı, Bakının, eləcə də digər şəhər və rayonlarımızın çoxsaylı beynəlxalq turnirlərə ev sahibliyi etməsi, yeniyetmə və gənclərimizin qazandıqları saysız-hesabsız medallar bunun bariz nümunəsidir. Bütün uğurları beynəlxalq idman qurumları tərəfindən də yüksək qiymətləndirilən Azərbaycan dövləti bu nüfuza sahib çıxmaq üçün qısa bir zaman kəsiyində sürətli və şərəfli inkişaf yolu keçmişdir.

1997-ci ildə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin prezidenti təyin olunan İlham Əliyev az vaxt içərisində həmin sahədə yüksək təşkilatçılıq istedadına malik olduğunu göstərmişdir. Onun yorulmaz və gərgin əməyi sayəsində, qısa müddətdə Azərbaycan idmanı ayağa qaldırılmış, dünya şöhrəti qazanmışdır. Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandığı parlaq uğurlar İlham Əliyevin başçılıq etdiyi idman hərəkatının, hər şeydən əvvəl, böyük siyasi qələbəsidir.

İlham Əliyev uzaqgörən dövlət xadimi və siyasətçi kimi sağlam gənclik yetişdirmək, bununla da xalqımızın sağlam gələcəyini təmin etmək üçün idmanı ümumxalq hərəkatına çevirmək xətti yeridir. Onun təşəbbüsü ilə təkcə  Bakıda deyil, eyni zamanda regionlarda da olimpiya idman-sağlamlıq komplekslərinin  istifadəyə verilməsi, idmanın müxtəlif sahələrinin inkişafı üçün güclü maddi-texniki baza yaradılması xalqın sağlam gələcəyinə yönəlmiş müdrik siyasətin parlaq təzahürləridir.

MOK-un inzibati binasında təşkil olunmuş tədbirdə komitənin vitse-prezidenti Çingiz Hüseynzadə "Milli Olimpiya Komitəsinin 2009-2012-ci illərdəki fəaliyyəti" haqqında məruzə ilə çıxış etmişdir. Bildirmişdir ki, dövlət başçısı İlham Əliyevin göstəriş və tövsiyələrini rəhbər tutan MOK  işini Olimpiya Xartiyası və nizamnaməsinin tələbləri əsasında qurmuş, fəaliyyətini ölkə Olimpiya hərəkatının və idmanın inkişafına xidmət edən məqsədləri həyata keçirməyə yönəltmişdir. Bu gün Azərbaycanın dünyanın aparıcı idman ölkələrindən biri kimi tanınmasında MOK-un məqsədyönlü fəaliyyətinin özünəməxsus yeri vardır.

Ç.Hüseynzadə vurğulamışdır ki, dördillik hesabat dövründə MOK-un gördüyü işlər miqyasına görə çox əhatəli olmuş, əldə edilmiş uğur və nailiyyətlər isə ötən dövrdəki ilə müqayisədə həm keyfiyyətinə, həm də kəmiyyətinə görə qat-qat yüksək səviyyəyə qalxmışdır. Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrindəki tərəqqinin əsasında ölkəmizin başçısının uzaqgörən siyasəti durduğu kimi, Olimpiya hərəkatı və idmandakı uğurlarımız da İlham Əliyevin adı ilə bağlıdır, onun idmana  diqqət və qayğısının nəticəsidir.

MOK-un vitse-prezidenti qeyd etmişdir ki, hesabat dövründə ölkəmizin olimpiyaidman həyatında bir sıra olduqca əlamətdar tarixi hadisələr baş vermişdir. Azərbaycan Londonda keçirilmiş Olimpiya Oyunlarında qazanılmış 10 - 2 qızıl, 2 gümüş, 6 bürünc medalla ümumi hesabda medalların keyfiyyətinə görə 30-cu, sayına görə isə 24-cü yeri tutmuşdur. Bu Avropa ölkələri arasında 15-ci, İslam dövlətləri arasında üçüncü, türkdilli ölkələr arasında ikinci, keçmiş SSRİ respublikaları arasında beşinci nəticədir.

Qeyd edilmişdir ki, hesabat dövründə, 2010-cu ildə Sinqapurda yeniyetmələrin birinci Yay Olimpiya Oyunları keçirilmişbu yarışda da ölkəmiz böyük uğur əldə etmişdir. Mötəbər yarışda 12 idmançımız 5 qızıl, 3 gümüş medalla dünya miqyasında 11-ci, Avropa ölkələri arasında isə 6-cı yeri tutmuşdur. Bu da yeniyetmələr arasında idmanımızın inkişafını, güclü idman potensialının yaranmasını təsdiq edən faktdır. Natiq ötən il ölkəmizdə futbol üzrə 17 yaşadək qızlar arasında keçirilmiş dünya çempionatını da yüksək qiymətləndirmişdir.

Bildirmişdir ki, ötən ilin dekabrında Avropa Olimpiya Komitəsinin İtaliyadakı Baş Assambleyasında qitə idman tarixində əsası qoyulan və 2015-ci ildə ilk dəfə keçiriləcək birinci Avropa Oyunlarının Bakıda təşkil edilməsi ilə bağlı böyük səs çoxluğu ilə qərar qəbul olunmuşdur. Bu qərardan sonra ölkə başçısı Azərbaycan xalqını təbrik etmiş, Azərbaycan Prezidentinin sərəncamı ilə birinci Avropa Oyunlarının Təşkilat Komitəsi yaradılmışdır. Mehriban xanım Əliyevanın rəhbərliyi altında Təşkilat Komitəsi birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün çoxşaxəli fəaliyyətə başlamışdır.

Bakının 2017-ci il IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsinə namizədliyinin irəli sürüldüyünü deyən Ç.Hüseynzadə ötən il İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin Ciddədə keçirilmiş məclisində paytaxtımızın namizədliyi ilə bağlı təqdimatın təşkil olunduğunu söyləmişdir. Vurğulamışdır ki, bu il Sifariş kitabının hazırlanması ilə bağlı görülmüş işlər, Azərbaycanın beynəlxalq arenadakı, xüsusən də İslam dövlətləri arasındakı nüfuzu, beynəlxalq tədbirləri, mötəbər yarışları keçirməkdə qazanılmış imic Bakının İslam Oyunlarına da ev sahibliyi edəcəyinə əminliyimizi artırır.  

MOK-un 20 illik yubileyinin 2012-ci ildə dövlət səviyyəsində qeyd olunduğunu bildirən Ç.Hüseynzadə bu tədbirdə beynəlxalq idman qurumlarının və bir çox ölkələrin olimpiya komitələri rəhbərlərinin iştirak etdiyini diqqətə çatdırmışdır. Yubiley mərasimində iştirak etmiş beynəlxalq idman qurumları rəhbərlərinin çıxışlarında, onların müsahibələrində Azərbaycanda Olimpiya hərəkatı və idman sahəsində qazanılmış uğurları dönə-dönə qeyd olunmuş, bizim təcrübəmizin bir örnək olduğu bildirilmişdir. Azərbaycanın beynəlxalq idman əlaqələri çox genişdir, bütün beynəlxalq idman qurumları ilə sıx əməkdaşlıq şəraitində işləyirik. Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, milli idman federasiyalarımızın hesabat dövründə bu istiqamətdə fəaliyyət yüksək səviyyədə qurulmuşdur. Təsadüfi deyil ki, Azərbaycanda təşkil olunan beynəlxalq idman tədbirlərinin sayı ilbəil artır. MOK-un beynəlxalq əlaqələri sistemində başqa ölkələrin olimpiya komitələri ilə əməkdaşlıq haqqında müqavilələrin bağlanması xüsusi yer tutur. Hesabat dövründə Litva, Polşa, Rumıniya, Belarus Milli Olimpiya komitələri ilə qarşılıqlı əməkdaşlıq haqqında Anlaşma Memorandumları imzalanmışdır.

Hesabat dövründə MOK MDB, Baltikyanı və bir sıra başqa ölkələrin olimpiya komitələri rəhbərlərinin birgə forumu, Avropa Ədalətli Oyunlar Hərəkatının XV Konqresinin, Avropa İdman Jurnalistləri Assosiasiyasının İcraiyyə Komitəsinin iclasının və bir sıra digər mötəbər beynəlxalq tədbirlərin Bakıda təşkilatçısı olmuşdur. Ölkəmizdə tədbirini keçirmiş Avropa İdman Jurnalistləri Assosiasiyası 2014-cü ildəki Baş Assambleyasını Bakıya salmaqla bağlı bizə müraciət etmişdir. Bu gün tam qətiyyətlə demək olar ki, MOK-un beynəlxalq əlaqələri lazımi səviyyədədir və bu əlaqələr yüksələn xətt üzrə inkişaf etməkdədir.

MOK-un fəaliyyətinin əsas göstəricisinin Olimpiya Oyunları olduğunu bildirən natiq diqqətə çatdırmışdır ki, hesabat dövründə komitə əsas məqsədini - ölkəsinin Olimpiya Oyunlarında təmsil olunmasını təmin etmişdir. Bildirmişdir ki, Azərbaycanın üç - Vankuver qış, Sinqapur yeniyetmələr və London Yay Olimpiya Oyunlarında təmsil olunması təmin olunmuşdur. İlk dəfə olaraq London Olimpiadasında idmançılarımızın sayı 53 olmuşdur. Bu Olimpiya Oyunlarında böyük komanda ilə iştirak etmək, dünyanın aparıcı idman dövlətləri ilə bir sırada olmaq deməkdir. Qısa müddətdə belə bir nailiyyət qazanmaq çox az ölkəyə nəsib olmuşdur. London Olimpiadasında ölkəmiz idman gimnastikası, akademik avarçəkmə və kanoe, velosiped idmanı növlərində ilk dəfə təmsil olunmuşdu. Olimpiya komandamızda gəncləşmə gedir. Azərbaycanın Olimpiya Oyunlarında əldə etdiyi nəticələr elə bir səviyyəyə qalxmışdır ki, bu səviyyəni qoruyub saxlamaqbir qədər də irəli getmək gələcəkdə əsas məqsədimiz olmalıdır.

Ç.Hüseynzadə bildirmişdir ki, idmançılarımızın ustalığının artmasında, idman nəticələrimizin ildən-ilə yaxşılaşmasında Azərbaycanda təşkil olunan beynəlxalq yarışların əhəmiyyəti böyükdür. Hesabat dövründə respublikamızda 300-dən çox müxtəlif səviyyəli beynəlxalq yarış keçirilmişdir. Onlardan London Oyunlarına lisenziya vermiş boks üzrə dünya çempionatını və futbol üzrə 17 yaşadək qızlar arasında dünya çempionatını xüsusi qeyd etmək olar.

Vurğulanmışdır ki, 2009-2012-ci illərdə Azərbaycanda idmanın maddi-texniki bazasının yaradılması sahəsində də nəhəng işlər görülmüşdür. Ölkənin müxtəlif regionlarında olimpiya idman kompleksləri, idman zalları, stadionlar istifadəyə verilmişdir. İndi idmançıların ixtiyarına verilmiş təkcə komplekslərimizin sayı 35-ə çatmışdır. Hesabat dövründə Bakıda Gimnastika Mərkəzinin, Olimpiya stadionunun, boks mərkəzinin təməli qoyulmuş, Azərbaycan Prezidenti Su İdman Mərkəzinin tikintisi ilə bağlı sərəncam imzalamışdır. Bu yeni idman obyektlərində 2015-ci ildə birinci Avropa Oyunları keçiriləcəkdir.

Qeyd olunmuşdur ki, MOK hesabat dövründə Olimpiya növlərində hər il, əvvəlki ildə dünyaAvropa çempionatlarında, beynəlxalq yarışlarda mükafata layiq yerləri tutmuş idmançılara, eləcə də onların məşqçilərinə üç kateqoriya üzrə təqaüd nəzərdə tutmuşbu təqaüdlər ödənilmişdir. Bundan başqa, idman veteranlarına, idman akademiyasının tələbələrinə MOK öz təqaüdlərini vermişdir. Eyni zamanda, London Olimpiadasına lisenziya qazanmış idmançılar və onların məşqçiləri də MOK-un xüsusi lisenziya təqaüdlərini almışlar.

Natiq vurğulamışdır ki, MOK idmançılar, məşqçilər, idman mütəxəssislərinin sosial vəziyyətini yaxşılaşdırmaqla bağlı hər il müxtəlif işlər görür. Ölkə başçısı hər il idmançılarımızla bir neçə görüş keçirir. Bu görüşlərdə idmançılara, məşqçilərə və idman mütəxəssislərinə mənzil orderləri, müxtəlif mükafatlar verilir. Yüksək idman nailiyyətləri göstərmiş idmançılar və onların məşqçiləri ordenmedallarla, MOK prezidentinin fəxri fərmanları ilə təltif olunurlar.

Azərbaycanda idmana və idmançıya diqqət və qayğı böyükdür. Bu qayğı yalnız sosial vəziyyətin yaxşılaşdırılması ilə məhdudlaşmır. MOK Azərbaycanın idman şöhrətini yüksəklərə qaldıranların əməyini mənəvi tərəfdən də qiymətləndirmək təşəbbüsçüsü olmuşdur. Hesabat dövründə MOK Olimpiya çempionlarımız Nazim Hüseynov, Zemfira Meftəhətdinova və Namiq Abdullayev haqqında tammetrajlı filmlər çəkdirmiş və həmin filmlərin təqdimatı keçirilmişdir. Onu da qeyd edim ki, MOK özünün 20 illik yubileyi ilə əlaqədar da bir film çəkdirmişdir.

Komitə hesabat dövründə nəşriyyat sahəsində bir sıra vacib işlər görmüşdür. "Azərbaycan Milli Olimpiya Komitəsi - 20 il", "Azərbaycan XXX Olimpiya Oyunlarında", "London - 2012. Möhtəşəm qələbə" kitabları hazırlanıb çap edilmişdir. Sonuncu kitab, Londondakı qələbəmizin tarixi anlarını fotolarda təqdim edən bu albom, hesab edirəm ki, idman sevənlərimizin, eləcə MOK üzvləri üçün yaxşı hədiyyədir.

Sonra Təftiş Komissiyasının sədri Eyvaz Qurbanov hesabat məruzəsi ilə çıxış etmişdir.

MOK-un vitse-prezidenti Xəzər İsayev, güləş üzrə beynəlxalq dərəcəli hakim Hicran Şərifov bildirmişlər ki, Azərbaycanda idmanın inkişafı getdikcə geniş vüsət alır bu inkişaf yeni-yeni uğurlara vəsilə olur. Müstəqilliyini bərpa edəndən bu günədək Azərbaycan idmançıları müxtəlif səviyyəli beynəlxalq yarışlarda minlərlə medal əldə etmişlər. Bütün bunlar isə qazanılan uğurlardan, tarixi nailiyyətlərdən xəbər verir.

Qeyd olunmuşdur ki, artıq Azərbaycan ali, mötəbər idman tədbirlərinə ev sahibliyi edir. Bu isə ölkəmizin idman sahəsində uğurlarının, dövlətin bu sahəyə qayğısının nəticəsidir. Bu tədbirlərin Azərbaycanda keçirilməsi üçün ölkəmizdə təşkilati baxımdan da yüksək şərait imkan var. Bunu dünya idman təşkilatları təsdiqləyir bu səbəbdən bu yarışlar reallaşır. Bu gün bir sıra ölkələr dövlətimizin idman sahəsinə qoyduğu yatırımlara, dəstəyinə qibtə edir. Bu isə ölkəmizdə idmanın kütləviliyinin artmasına, gəncliyin sağlam gələcəyinin inkişafına kömək edir.

Gənclər idman nazirinin müavini İsmayıl İsmayılov çıxışında hesabat dövründə ölkəmizdə 159 beynəlxalq yarışın, 1.800-dən artıq respublikadaxili yarışın keçirildiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, idmançılarımız 1.200 yarışa ezam olunmuş, 1.100-dən çox təlim-məşq toplanışında iştirak etmişlər. Dörd il ərzində idmançılarımız 998 qızıl, 816 gümüş 1.010 bürünc medal qazanmışlar.

Nazir müavini vurğulamışdır ki, idmançılarımızın qazandıqları bu qələbələr, əslində, möhkəm təmələ əsaslanır. Yəni onların dünyanın idman arenalarında əldə etdikləri bu qələbələrin arxasında güclü Azərbaycan dövləti dayanır. Təbii ki, Azərbaycanın digər sahələri kimi, idman sektoru da böyük inkişaf dövrünü yaşayır. Dövlətin inkişafı, iqtisadiyyatın daha da güclənməsi, möhkəm dayaqlara əsaslanması idmanın da inkişafında həlledici rol oynayır.

MOK-un İcraiyyə Komitəsinin üzvlüyünə ölkəmizin başçısı İlham Əliyev və  Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva seçilmişlər. İcraiyyə Komitəsi 17 üzvdən ibarətdir.

Sonra MOK-un Təftiş Komissiyasının üzvləri seçilmişdir. Hicran Şərifov, Nazim Hüseynov, Firat Hüseynov, Lyudmila Şubina və Fərid Mansurovun namizədliyinə yekdilliklə səs verilmişdir. Daha sonra Hesablama Komissiyasının 3 üzvü  - Mirkamil Rəhimov, Qabil Mehdiyev və Eldar İsmayılov seçilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 5 aprel.- S.3.