Bakıda Avropa Olimpiya Komitəsinin Olimpiya Oyunları Komissiyasının növbəti iclası keçirilmişdir

 

Aprelin 5-də Bakıda Avropa Olimpiya Komitəsinin (AOK) Olimpiya Oyunları Komissiyasının növbəti iclası keçirilmişdir.

AzərTAc xəbər verir ki, hər il mütəmadi olaraq görüşən AOK-un Olimpiya Oyunları Komissiyasının üzvləri müxtəlif Olimpiya Oyunları haqqında hesabatları müzakirə etməklə yanaşı, Avropa ölkələrinin Milli Olimpiya komitələrinə fərqli istiqamətlərdə tövsiyələrlə çıxış edirlər.

Olimpiya Oyunları Komissiyasının Bakı yığıncağının əsas müzakirə mövzusu ötən il London şəhərində keçirilmiş XXX Yay Olimpiya Oyunları haqqında Komissiyanın işçi heyətinin aparmış olduğu tədqiqat, Avropanın Milli Olimpiya komitələrinin London 2012-də qazanmış olduqları nailiyyətlər və qarşıda duran vəzifələr olmuşdur.

London Yay Olimpiya Oyunlarının təşkilatçılığının keçirilmə səviyyəsi müzakirə olunduqdan sonra komissiya üzvləri Avropa Olimpiya Komitəsinin ümumi nailiyyətləri ilə dünya göstəriciləri arasında müqayisəli təhlil aparmışlar.

Günün ikinci yarısı isə 2015-ci ildə Bakıda keçiriləcək birinci  Avropa Oyunlarının təşkili ilə əlaqədar olaraq, Olimpiya Komissiyası üzvləri Oyunların keçirilməsi üçün nəzərdə tutulmuş idman obyektlərinə səfər etmişlər.

Qeyd etmək lazımdır ki, 2012-ci ilin dekabrında Avropa Olimpiya Komitəsinin Romada keçirilən iclasında 2015-ci il Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edilmişdir.

Qeyd edək ki, Avropa Olimpiya Komitəsinin Olimpiya Oyunları Komissiyasının tərkibi Azərbaycanla yanaşı, Böyük Britaniya, Danimarka, Finlandiya, İspaniya, İsrail, İsveç, Türkiyə və s. ölkələrin Milli Olimpiya komitələrini təmsil edən yüksək vəzifəli şəxslərdən ibarətdir. Azərbaycan Respublikasını Avropa Olimpiya Komitəsinin Olimpiya Oyunları Komissiyasında Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə təmsil edir.

 

 

Azərbaycan.- 2013.- 6 aprel.- S. 8.