SOCAR Ukraynada failiyyətini genişləndirmək üçün tədbirlər görür

 

SOCAR-ın Ukraynadakı nümayəndəliyi daha bir xeyriyyəçilik tədbiri həyata keçirərək əllə işləmək imkanı məhdud olan gənc ukraynalı pianoçu Yaroslav Bıxın beynəlxalq musiqi müsabiqəsində iştirakını dəstəklədi.

Hər iki əlində anadangəlmə qüsurlar olan 13 yaşlı Yaroslav Bıx xəstəliyinə baxmayaraq, fortepianoda virtuoz ifa bacarığı ilə tanınır. O, artıq bir sıra beynəlxalq müsabiqələrdə müvəffəqiyyət qazanıb, 2010-cu ildə isə "Nadir istedad" nominasiyasında "Ölkənin fəxri" mükafatına layiq görülüb. Gənc pianoçunun ən böyük arzusu Almaniyada ənənəvi olaraq keçirilən S.V.Raxmaninov adına beynəlxalq müsabiqədə iştirak etmək idi. SOCAR-ın Ukraynadakı nümayəndəliyi ona bu arzusuna çatmaqda kömək göstərdi və onun Almaniyaya səfərini təşkil etdi.

Ukraynanın qərb regionunda "SOCAR" yanacaqdoldurma məntəqələrini idarə edən "Qərbi Yanacaq Qrupu" MMC tərəfindən isə Lvovda sayca səkkizinci məntəqə istismara verilib. Məntəqənin şəhərin köhnə hissəsinin yaxınlığında yerləşməsi sürücülər arasında stansiyanın populyarlığını artırıb.

"SOCAR" şəbəkəsindəki YDM-lər arasında ilk dəfə olaraq burada unikal yanacaqpaylama kolonkası (YPK) quraşdırılıb. O, eyni vaxtda dörd avtomobilə (hər tərəfdən iki avtomobil) yanacaq doldurulmasına imkan verir. Brendləşdirilmiş "Nanodiesel" yanacağı, A 95, A 92 benzinləri bu kolonka vasitəsilə reallaşdırılır.

Qeyd edək ki, Ukraynada "SOCAR" brendi altında fəaliyyət göstərən bütün YDM-lər "beşulduzlu hotel" prinsipi ilə tikilir. Yəni burada yüksək keyfiyyətli yanacaq və xidmətlərin təklif olunması ilə yanaşı, həm də müştərilərin istirahəti üçün əla şərait yaradılıb. Məntəqələrdə "Butamarket" firma mağazası fəaliyyət göstərir. Müştərilər həmçinin təkərlərin doldurulması, wi-fi, mobil telefonların yüklənməsi və s. xidmətlərdən pulsuz istifadə edə bilərlər.

Məlumat üçün bildirək ki, hazırda ARDNŞ Ukraynanın Kiyev, Odessa, Lvov, Nikolayevsk və Rovensk vilayətlərində 34 YDM ilə təmsil olunur. 2013-cü ildə bu ölkədə fəaliyyət göstərən

"SOCAR" YDM-lərinin sayının 100-ə çatdırılması nəzərdə tutulub.

 

 

Azərbaycan.- 2013.- 6 aprel.- S. 9.