Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti heyətinin professional inkişafına dəstək tvinninq layihəsinin təqdimatı olmuşdur

 

Aprelin 5-də "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti heyətinin professional inkişafına dəstək" tvinninq layihəsinin təqdimatı olmuşdur.

Tədbirdə çıxış edən Dövlət Miqrasiya Xidmətinin (DMX) rəis müavini Pərviz Musayev bildirmişdir ki, DMX-nin 2009-cu ildə Avropa İttifaqının institusional quruculuq aləti olan tvinninq layihəsində iştirak etmək üçün Avropa Komissiyasına təqdim etdiyi layihə Avropa Komissiyası tərəfindən bəyənilərək həyata keçirilməsi məqsədəuyğun hesab edilmişdir. 2013-2015-ci illəri əhatə edən bu layihədə DMX-nin əsas tərəfdaşı Niderland Krallığının İmmiqrasiya və Pasportların Verilməsi İdarəsi və Krallıq Əlaqələri Nazirliyinin Repatriasiya və Geriqaytarma Xidməti, digər tərəfdaşları isə Latviyanın Vətəndaşlıq və Miqrasiya İdarəsi, Rumıniyanın Baş Miqrasiya Müfəttişliyidir.

Qeyd edilmişdir ki, layihənin əsas hədəfi Azərbaycan Respublikasının miqrasiya sahəsindəki qanunvericiliyinin Avropa İttifaqının müvafiq qanunvericiliyinə və standartlarına uyğunlaşdırılmasını daha səmərəli həyata keçirmək üçün Avropa İttifaqına üzv ölkələrin təcrübəsinin ölkəmizdə tətbiq edilməsi, sistematik təhlil yolu ilə qeyri-qanuni miqrasiyanın qarşısının alınması, ictimaiyyəti maarifləndirmə və məlumatlandırma kampaniyalarının, həmçinin xidmətin əməkdaşlarının peşəkar bacarıqlarının artırılması, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının təmin olunması istiqamətində aparılan işlərin daha da yaxşılaşdırılmasıdır. 

Ümumilikdə, layihə çərçivəsində miqrasiya qanunvericiliyi, qanunsuz miqrasiyaya qarşı mübarizə, DMX-nin əməkdaşlarının professionallığının yüksəldilməsi üçün təlim-tədris metodlarının inkişafı və ictimaiyyətin miqrasiya məsələləri barədə maarifləndirilməsinin artırılması, qanuni miqrasiyanın gücləndirilməsi nəzərdə tutulmuşdur.

Vurğulanmışdır ki, tvinninq proqramı qarşılıqlı əməkdaşlığa söykənən layihədir. Miqrantların hüquqlarının qorunmasını daim diqqət mərkəzində saxlayan DMX bu məqsədlə xarici dövlətlərlə əməkdaşlığa xüsusi diqqət yetirir. Layihə Azərbaycan Respublikası və Avropa İttifaqı arasında əməkdaşlığı gücləndirmək yolunda mühüm əhəmiyyət daşıyır. Avropa Komissiyası tərəfindən maliyyələşdirilən  layihə ölkəmizdə qanunsuz miqrasiyaya qarşı mübarizənin səmərəliliyinə, yaşayış icazəsi üçün müraciətlər barədə qərarların qəbulu prosesinin sürətləndirilməsi və keyfiyyətinin artırılmasına yardım göstərəcəkdir.

Niderland Krallığının Azərbaycandakı səfiri Arjen Uijterlinde, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Federika Berne çıxış edərək bu cür görüşlərin və qarşılıqlı əməkdaşlığın müsbət töhfələr verəcəyini bildirmişlər.

Niderland Krallığının Daxili İşlər və Krallıq Əlaqələri Nazirliyinin Repatriasiya və Geriqaytarma Xidmətinin rəisi xanım Rodia Maas isə layihədən gözlənilən nəticələr barədə məlumat vermişdir.

Digər tərəfdaş ölkələr - Latviya və Rumıniya tərəfindən layihə rəhbərləri öz ölkələrinin miqrasiya haqqında qanunvericiliyinin Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması prosesində bu ölkələrin təcrübəsi barədə danışmışlar.

Tədbirdə eləcə də Rumıniya Respublikası və Niderland Krallığının bu sahədəki qabaqcıl təcrübəsinin öyrənilməsi ilə bağlı məsələlər müzakirə edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2013.- 6 aprel.- S. 11.