Azərbaycanda Olimpiya hərəkatı geniş vüsət alır

 

Bu, MOK-un VI hesabat-seçki baş məclisində bir daha vurğulandı

 

Bu gün dünyada müxtəlif millətlərin nümayəndələrini bir araya toplayaraq onların ədalətli oyun prinsipləri əsasında idman mübarizəsinə qoşulmasını təmin etməsi ilə seçilən Olimpiya oyunları beynəlxalq həyatın ən mötəbər idman tədbiridir. Hər bir dövlət Olimpiya oyunlarında layiqincə təmsil olunmağa çalışır.

Azərbaycanda isə Milli Olimpiya Komitəsinin tarixi müstəqilliyimizin tarixi ilə üst-üstə düşür. Dövlət müstəqilliyinin bərpasından bir il sonra - 1992-ci ildə Milli Olimpiya Komitəsi yaradıldı. Çox fərəhli haldır ki, ötən il Milli Olimpiya Komitəsi  20-ci illiyini böyük təmtəraqla qeyd etmişdir. Ölkəmizdə Olimpiya hərəkatının inkişafı heç şübhəsiz ki, birbaşa dövlət başçısı İlham Əliyevlə bağlıdır.

Xatırladaq ki, MOK-un 1997-ci ilin 31 iyulunda keçirilmiş növbəti baş məclisində qeyd olunmuşdur ki, istedadlı idmançılarımız, məşqçi və mütəxəssislərimizin bir qismi ölkədən getmişdir, idmançıların məşq və yarışlarda iştirakı, onların sosial vəziyyəti acınacaqlı halda idi. O da məlum oldu ki, MOK-un nəinki beynəlxalq idman qurumları ilə, hətta ölkənin idman təşkilatları ilə əlaqələri yox idi.

Belə bir vəziyyətlə barışmayan baş məclis MOK-un İcraiyyə Komitəsinin yeni tərkibini seçdi. Yekdil səsvermə nəticəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Məclisin deputatı İlham Əliyev MOK-un prezidenti seçildi.

1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilməsi ilə respublikamızda Olimpiya hərəkatının və bütövlükdə idmanın inkişafında yeni mərhələnin əsası qoyuldu. İlk növbədə, Olimpiya hərəkatının real vəziyyəti öyrənildi, bununla bağlı ölkəmizdə mövcud problemlər aşkara çıxarıldı. İşə əngəl törədən amillər müəyyənləşdirildi və onları aradan qaldırmaq üçün təxirəsalınmaz tədbirlərin görülməsinə başlanıldı.

1997-ci ildən bu günə qədər Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi və digər idman təşkilatları ilə sıx əməkdaşlığın qurulması ölkəmizin dünya Olimpiya hərəkatına fəal şəkildə qoşulmasını nümayiş etdirir. Bir sözlə, MOK cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ideal bir Olimpiya Komitəsinə çevrilmişdir. Dövlət başçısının yorulmaz və gərgin əməyi sayəsində, qısa müddətdə Azərbaycan idmanı ayağa qaldırılmış, dünya şöhrəti qazanmışdır. Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandığı parlaq uğurlar cənab İlham Əliyevin başçılıq etdiyi idman hərəkatının böyük  qələbəsidir.

Ötən 4 il də Azərbaycan idmanında tarixi nailiyyətlərlə yadda qalmışdır. Bu, Milli Olimpiya Komitəsinin (MOK) VI hesabat-seçki baş məclisində öz əksini tapmışdır. Dörd illik hesabat dövründə MOK-un gördüyü işlər miqyasına görə çox əhatəli olmuş, əldə edilmiş uğur və nailiyyətlər isə ötən dövrdəki ilə müqayisədə həm keyfiyyətinə, həm də kəmiyyətinə görə çox yüksək səviyyəyə qalxmışdır.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bildirmişdir ki, hesabat dövründə ölkəmizin Olimpiya və idman həyatında bir sıra əlamətdar hadisələr baş vermişdir. Azərbaycan Londonda keçirilmiş Olimpiya oyunlarında qazanılmış 10 - 2 qızıl, 2 gümüş, 6 bürünc medalla ümumi hesabda medalların keyfiyyətinə görə 30-cu, sayına görə isə 24-cü yeri tutmuşdur. Bu, Avropa ölkələri arasında 15-ci, islam dövlətləri arasında üçüncü, türkdilli ölkələr arasında ikinci, keçmiş SSRİ respublikaları arasında beşinci nəticədir.

Hesabat dövründə 2010-cu ildə Sinqapurda yeniyetmələrin Birinci Yay Olimpiya Oyunlarında 12 idmançımızın 5 qızıl, 3 gümüş medalla dünya miqyasında 11-ci, Avropa ölkələri arasında isə 6-cı yeri tutduğu diqqətə çatdırılmışdır.

Milli Olimpiya Komitəsinin ən böyük uğurlarından biri də ilk Avropa Olimpiya Oyunlarını ölkəmizə qazandırması olmuşdur. Ötən il dekabr ayının 8-də Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında 2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilmişdir. Qitədə ilk dəfə təşkil olunacaq bu mötəbər idman tədbirinin məhz Azərbaycana həvalə edilməsi beynəlxalq və Avropa Olimpiya hərəkatı tərəfindən ölkəmizdə görülən bütün işlərə, o cümlədən idman və bədən tərbiyəsi sahəsində əldə edilən nailiyyətlərə verilən yüksək qiymətdir.

MOK-un vitse-prezidenti bununla bağlı demişdir: "Bu qərardan sonra ölkə başçısı Azərbaycan xalqını təbrik etmiş, Azərbaycan Prezidentinin sərəncamı ilə Birinci Avropa Olimpiya Oyunlarının Təşkilat Komitəsi yaradılmışdır. Mehriban xanım Əliyevanın rəhbərliyi altında təşkilat komitəsi Birinci Avropa Olimpiya Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün çoxşaxəli fəaliyyətə başlamışdır".

MOK-un 20 illik yubileyinin 2012-ci ildə dövlət səviyyəsində qeyd olunduğunu bildirən Ç.Hüseynzadə bu tədbirdə beynəlxalq idman qurumlarının və bir çox ölkələrin Olimpiya komitələrinin rəhbərlərinin iştirak etdiyini diqqətə çatdırmışdır. Yubiley mərasimində iştirak etmiş beynəlxalq idman qurumları rəhbərlərinin çıxışlarında, onların müsahibələrində Azərbaycanda Olimpiya hərəkatında və idman sahəsində qazanılmış uğurları dönə-dönə qeyd olunmuş, ölkəmizin təcrübəsinin bir örnək olduğu bildirilmişdir.

Azərbaycanda idmana və idmançıya diqqət və qayğı yalnız sosial vəziyyətin yaxşılaşdırılması ilə məhdudlaşmır. MOK Azərbaycanın idman şöhrətini yüksəklərə qaldıranların əməyini mənəvi tərəfdən də qiymətləndirmək təşəbbüsçüsü olmuşdur. Hesabat dövründə MOK Olimpiya çempionlarımız Nazim Hüseynov, Zemfira Meftahətdinova və Namiq Abdullayev haqqında tammetrajlı filmlər çəkdirmiş və həmin filmlərin təqdimatı keçirilmişdir. MOK özünün 20 illik yubileyi ilə əlaqədar da bir film çəkdirmişdir.

MOK-un VI hesabat-seçki baş məclisində MOK-un İcraiyyə Komitəsinin üzvlüyünə ölkəmizin başçısı İlham Əliyev və  Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva seçilmişlər.

Bu gün Milli Olimpiya Komitəsinin dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirdiyi düşünülmüş siyasət, ardıcıl və məqsədyönlü fəaliyyət Azərbaycanda idmanın kütləviliyini təmin etmiş, ölkəmizin idman şöhrətini yüksəklərə qaldırmışdır. Son on il ərzində Azərbaycan 300-ə yaxın beynəlxalq səviyyəli idman turnirini yüksək səviyyədə təşkil etmişdir.

Çox fərəhli haldır ki, bu gün Milli Olimpiya Komitəsinin qazandığı nüfuz, göstərdiyi fəaliyyət beynəlxalq idman qurumları tərəfindən dəstəklənir və yüksək qiymətlərə layiq görülür. Bütün bunlar isə Prezident

İlham Əliyevin tutduğu düzgün və prinsipial mövqe, yüksək təşkilatçılıq və idarəçilik qabiliyyətinin hesabına reallaşmışdır.

 

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2013.- 7 aprel.- S. 3.