Növbəti uğur

 

 Gənclərimiz Kolombo Beynəlxalq Monotamaşalar Teatr Festivalında yüksək mükafata layiq görülüblər

 

 Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi beynəlxalq festivaldan bu dəfə də mükafatla qayıdıb. Kollektiv mart ayının 26-dan  aprelin 4-dək Kolombo Beynəlxalq Monotamaşalar Teatr Festivalında uğurla iştirak edib.

ASSİTEJ-in Şri-Lanka Mərkəzinin təşkilatçılığı ilə Kolombo şəhərində keçirilən festivalda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı P.Züskindin "Kontrabas" tamaşası ilə təmsil olunub. Yaradıcı heyətə teatrın direktoru, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti, əməkdar artist Mübariz Həmidov rəhbərlik edib.

Festival çərçivəsində Şri-Lankanın Battikala şəhərində yerləşən Şərq Universitetində keçirilən beynəlxalq konfransda Mübariz Həmidovun "Azərbaycan Milli Dünyəvi Peşəkar Teatrı - 140" və "Azərbaycan Teatrının dünya teatrları ilə beynəlxalq əlaqələri və dünya teatr məkanına inteqrasiya" mövzularında çıxışı peşəkarların marağına səbəb olub.

Dünyanın bir çox ölkələrinin  teatr kollektivlərinin iştirak etdiyi festivalda maraqla qarşılanan "Kontrabas"  müxtəlif  adda mükafatlara layiq görülüb.

Tamaşada respublikanın əməkdar artisti, "Qızıl Dərviş" mükafatçısı Şövqi Hüseynov çıxış edib. 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının  mətbuat xidmətindən verilən məlumata əsasən, tamaşa Avstriya, Hindistan, Səudiyyə Ərəbistanı və Misir ölkələrindən festivala qatılmış səhnə sənəti mütəxəssisləri və yerli sənətsevərlər tərəfindən maraqla qarşılanıb.

Onu da qeyd edək ki, festival çərçivəsində Avstriya, Hindistan və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rəhbərləri arasında qarşılıqlı yaradıcılıq əlaqələri barədə söhbət aparılıb.

Məlumat üçün bildirək ki, "Kontrabas" tamaşası İran, Türkiyə, Moldova, RusiyaUkraynada da keçirilən beynəlxalq teatr festivallarında yüksək mükafatlara layiq görülüb.

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.-2013.-7 aprel.-S.7.