Rüstəm İbrahimbəyov da Əkrəm Naibov kimi Vətəninə xəyanət yolu tutmuş ermənipərəst ünsürdür

 

Rüstəm İbrahimbəyov Rusiyanın "Rosbalt" agentliyinə müsahibəsi ilə  özünün əsl ermənipərəst simasını tam açıqlığı ilə nümayiş etdirdi. Azərbaycan ictimaiyyətinə bir daha bəlli oldu ki, bu şəxs Bakını tərk etmiş ermənilərin xiffətini çəkir, onların həsrəti ilə yaşayır.

Təsadüfi deyil ki, bu şəxs müsahibəsində Azərbaycan tərəfindən Dağlıq Qarabağa qarşı ədalətsiz münasibətdən şikayətlənir və bu ərazinin Azərbaycandan daha çox Ermənistana aid olması barədə fikirlər bildirir. R.İbrahimbəyov erməniləri münaqişənin qurbanı hesab edir. Bütün bunlar göstərir ki, R.İbrahimbəyov da Əkrəm Naibov kimi Vətəninə xəyanət yolu tutmuş ermənipərəst ünsürdür. Onun Ə.Naibovun xəyanətinə münasibətdə ermənipərəst yazıçını dəstəklədiyini bəyan etməsi heç də təsadüfi xarakter daşımamış və bu R.İbrahimbəyovun kosmopolit, antiazərbaycan ruhlu mövqeyindən irəli gəlir. Belələrinin özlərini azərbaycanlı adlandırması xalqımız, bir milyona yaxın qaçqın və məcburi köçkünümüz, müharibədə əzizlərini qurban vermiş vətəndaşlarımız üçün, şəhidlərimizin ruhuna əsl təhqirdir.

Əkrəm Naibova layiq olduğu yerini göstərən ictimaiyyətimizin onun digər tayı olan Rüstəm İbrahimbəyova da əsl münasibətini ortaya qoyacağına şübhə yoxdur. Çünki Əkrəm Naibovun "Daş yuxular"ında təriflədiyi ermənilərə Rüstəm İbrahimbəyov Dağlıq Qarabağı hədiyyə etmək niyyətindədir.

Kinematoqrafın məhz seçki ilində yenidən belə açıqlamalar verməsi başqa fikir də formalaşdırır. Bütün bunlar antiazərbaycançı şəbəkənin sifarişiola bilər. Eyni zamanda, bunun bir mərkəzdən idarə olunduğu da istisna deyil. Çünki Rüstəm İbrahimbəyovun Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqeyi Azərbaycana qarşı olan qüvvələrin mövqeyindən zərrə qədər də fərqlənmir. Rüstəm İbrahimbəyov müsahibəsi ilə Azərbaycanla bağlı olmadığını, Azərbaycan xalqının dərdlərini yaşamadığını, Azərbaycan vətəndaşının Qarabağın işğal faktı ilə bağlı çəkdiyi əzab-əziyyəti görmədiyini əyani şəkildə, çılpaqlığı ilə ortaya qoyur. Məlumdur ki, ölkəmizdə bir milyondan artıq qaçqın və məcburi köçkün öz yurd-yuvalarından didərgin düşüb, torpaqlarımızın 20 faizi hələ də düşmən tapdağı altındadır. R.İbrahimbəyov zərrə qədər də olsa qaçqın və məcburi köçkünlərin çəkdikləri əzabı görməyib, daha doğrusu, görmək istəməyib. Bu insan birmənalı şəkildə qaçqınların hüquqlarına, bütövlükdə isə Azərbaycanın bütün vətəndaşlarına, ölkəmizin ərazi bütövlüyünü qorumağa cəhd göstərən və şəhid olan insanların ruhuna hörmətsizlik edib. Bunu Azərbaycan ictimaiyyəti, siyasətçilər, tarixçilər də təsdiqləyir.

Milli Məclisin deputatı Nizami Cəfərov bir vaxtlar  bu şəxsin kimliyi, məqsədi haqqında fikirlər səsləndirdikdə bu, ictimaiyyət tərəfindən birmənalı qaşılanmamışdı. 2008-ci ildə Nizami Cəfərov "Yeni Müsavat" qəzetinə müsahibə verərək Rüstəm İbrahimbəyovun Azərbaycan xalqına qarşı işlətdiyi təhqiramiz ifadələrə görə onu sərt tənqid etmişdi. Çünki hələ o zaman R.İbrahimbəyov "Azərbaycanda milli elita yoxdur" ifadəsini işlətməklə əsl simasını nümayiş etdirmişdi. Bundan hiddətlənən N.Cəfərov isə qəzetə müsahibəsində "qələt edir, başını da daşın yekəsinə döyür. Rüstəm İbrahimbəyov xalqın üzünə tüpürüb" kimi ifadələr işlətmişdi. Həmin vaxt bir qrup ziyalı onların özünü təhqir edən R.İbrahimbəyova yox, N.Cəfərova qarşı hücumlara başlamışdı. N.Cəfərovun cəmiyyətdən təcrid olunmasını tələb edən ziyalılar görəsən, indi necə fikirləşirlər? Yenədəmi ermənini bizə düşmən hesab etməyən Rüstəm İbrahimbəyovu dəstəkləyəcəklər? Amma nədənsə hələlik Nizami Cəfərova o vaxt hücum edənlər R.İbrahimbəyovun son fikirlərinə reaksiya verməyiblər. İndi Azərbaycan ictimaiyyəti R.İbrahimbəyovun bu xalqın düşməni kimi danışdığının şahididir. R.İbrahimbəyovu müdafiə edən çox güman ki, tapılmaz. Amma bu şəxs hələ xeyli müddət əvvəl də eyni fikirdə idi. Onun özü deyirdi ki, Bakı şəhərindən xoşu gəlmir. Çünki buranı zəbt etdilər - qaçqın, köçkün gəldi. Nəticədə isə Bakının mənzərəsi pisləşdi. Ermənilərsiz Bakını təsəvvür etməyən kinematoqraf yəqin ki, erməni dostlarından aldığı tapşırığın yenidən icrasına başlayıb.

Nizami Cəfərov isə yenə də öz fikirlərində qalır. Bu dəfə o, Rüstəm İbrahimbəyovu tarixi bilməməkdə günahlandırır: "Rüstəm İbrahimbəyovun Əkrəm Naibov ilə heç bir fərqi yoxdur. Yəni, əgər Rüstəm İbrahimbəyov elə deyirsə, ən azı onun o söhbəti etməyi iki baxımdan qüsurludur. Birincisi odur ki, o, mənsub olduğu millətin tarixini bilmir". N.Cəfərov hesab edir ki, özünü ziyalı adlandıran adam gərək dünya tarixini ümumi şəkildə, millətinin tarixini isə kifayət qədər dərindən bilə.

"İknici böyük qüsur da odur ki, İbrahimbəyov bilsə də, bilməsə də, xüsusi məqsədlə fikir söyləyir, xüsusi bir maraqla, yəni şəxsi maraq mövqeyindən belə fikir söyləyir. Dünyada bundan pis şey yoxdur ki, öz millətinin tarixini, məskunlaşdığın ərazinin coğrafiyasını şəxsi marağından, hər hansı bir iddiandan ötəri məmnuniyyətlə satasan. Bu, çox böyük bir günahdır. Hər halda əgər hansı millətə mənsubsansa, onun ruhu qarşısında çox böyük günah edirsən. Axı hər millətdə olduğu kimi, bizim millətin də bir dədə-baba ruhu var".

Bəli, bu gün Azərbaycan ictimaiyyəti Nizami Cəfərovun haqlı olduğunu düşünür və çox güman ki, tezliklə xalq ona təhqirlər yağdıran bir şəxsin Azərbaycan cəmiyyətindən təcrid olunmasını tələb edəcək. Çünki Rüstəm İbrahimbəyovun hər zaman antiazərbaycan qüvvələrlə birliyində olması, ölkəmizin əleyhinə yönəlik müəyyən kampaniyalarda fəaliyyəti, milli ruhdan uzaq düşməsi, milli hissiyatını itirməsi məlumdur. R.İbrahimbəyovun Azərbaycanın çörəyini yeyib ölkəmizə qənim kəsilən ermənipərəst mövqe sərgiləyərək bəzi dairələrin alətinə çevrilməsi bu insanın xəyanətkar olduğunu, onun-bunun əlində alətə çevrildiyini bir daha ortaya qoydu.

 

 

R.BAXŞƏLİYEV.

 

Azərbaycan.- 2013.- 7 aprel.- S. 4.