Astanada rus dilində çap edilən «Strana i mir» qəzetində ulu öndər Heydər Əliyevin 90 illiyi ilə bağlı material verilmişdir

 

 Astanada rus dilində çap edilən "Strana i mir" qəzetində Qazaxıstanın birinci Prezidenti Muzeyinin direktoru Alma Saqınqalinin ulu öndər Heydər Əliyevin 90 illiyi ilə bağlı "Azərbaycan xalqının fəxri" sərlövhəli geniş materialı verilmişdir.

Materialda deyilir ki, 2013-cü il Azərbaycan xalqının tarixində əlamətdar bir ildir. Belə ki, bu il Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illiyi qeyd edilir.

Materialda deyilir: "Tarixdən də göründüyü kimi, Heydər Əliyev mürəkkəb siyasi vəziyyətdə öz təcrübəsi, istedad və iradəsi, yüksək təşkilatçılığı və tələbkarlığı sayəsində o illərdə Azərbaycanı ictimai-siyasi böhrandan çıxardı, ölkədə sabitliyi təmin etdi. Bu böyük siyasətçi 1990-cı illərin xaosunda vətəndaş qarşıdurmasını və xarici siyasi təhlükələrin qarşısını ala bildi ki, bu da liderdən böyük vətəndaşlıq hünəri tələb edirdi".

Müəllif yazır: "Heydər Əliyev haqqında yazılmış kitab və məqalələri səhifələyərkən məsləkdaşları və dostları bu dahi şəxsiyyət haqqında hansı epitetləri işlətməmişlər: "Azərbaycan xalqının böyük oğlu", "Tarixi yaradan insan", "Böyük yaradıcı", "Azərbaycanın memarı", "Hər bir millətin fəxri ola biləcək şəxsiyyət", "Təmiz qəlbli insan".

Məqalədə qeyd olunur ki, bioqraflar isə Heydər Əliyev haqqında bunları yazmışlar: "Allah Heydər Əliyevi çox sevirdi, ona həm boy-buxun, həm yüksək intellekt, fenomenal yaddaş, natiqlik bacarığı, fiziki və mənəvi gözəllik bəxş etmişdi".

Materialda Qazaxıstan-Azərbaycan münasibətlərinin indiki səviyyəyə qalxmasında ulu öndər Heydər Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin xüsusi xidmətləri olduğu vurğulanır, bu böyük şəxsiyyətlərin həm Bakıya, həm də Astanaya səfərlərindən danışılır, onların dostluğundan bəhs olunur.

 

 

Qulu KƏNGƏRLİ,

AzərTAc-ın xüsusi müxbiri

 

Azərbaycan.-2013.-10 aprel.-S.7.