Klaus ŞVAB: Azərbaycan son 20 ildə böyük uğurlara imza atmışdır

 

Azərbaycan təkcə Avropa və qonşu ölkələr üçün deyil, həm də bütün dünya üçün əhəmiyyətli olan bir regionda yerləşir. Azərbaycan son 20 ildə böyük uğurlara imza atmışdır.

Bu sözləri Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvab AzərTAc-a müsahibəsində bildirmişdir.

Professor Klaus Şvab demişdir ki, qlobal iqtisadi göstəricilər kontekstində müqayisə apararkən görürük ki, Azərbaycan çox sürətlə inkişaf edir. Ötən 10 ildə bu ölkədə ümumi daxili məhsul üç dəfə artmışdır. Bu, dünya miqyasında nadir bir göstəricidir. Düzdür, bu artımın böyük bir hissəsi neftlə bağlıdır. Lakin Azərbaycan iqtisadiyyatının enerji resurslarından asılılığını aradan qaldırmaq üçün insan kapitalının stimullaşdırılması kimi zəruri islahatlar həyata keçirir. Azərbaycan dünyada 100 faizlik təhsil göstəricisinə, inkişaf edən təhsil sisteminə malik azsaylı ölkələrdən biridir. Gələcəkdə dünya istedadların rəqabəti ilə xarakterizə olunacaqdır. Rəqabət daha çox informasiya texnologiyaları, elmtutumlu sahələrdə olacaqdır. Biz intellektual iqtisadiyyata doğru gedirik. Bu, ənənəvi ağır sənayenin xüsusi çəkiyə malik olduğu bir iqtisadiyyat deyildir. Düşünürəm ki, Azərbaycan öz resurslarından əldə etdiyi imkanları iqtisadiyyatının və cəmiyyətin yeni intellektual dünya iqtisadiyyatına sürətli və hərtərəfli transformasiyası üçün istifadə edəcəkdir. 

"Dünya İqtisadi Forumunun Bakıda keçirilməsi bizim üçün bir qürurdur", - deyən K.Şvab bildirmişdir ki, Azərbaycan çox böyük imkanların olduğu ölkədir. Ümumiyyətlə, son illər ərzində ölkədə çox böyük iqtisadi artım göstəriciləri qeydə alınmışdır. Bu, ilk növbədə ölkənin müstəsna təbii resurs potensialının düzgün istifadəsi sayəsində mümkün olmuşdur. Eyni zamanda, bu nailiyyətlər həmin resurslardan ölkə iqtisadiyyatının şaxələndirilməsində uğurla və bacarıqla istifadə edilməsi sayəsində qazanılmışdır. Azərbaycan informasiya texnologiyaları, maliyyə, tikinti sahələrində çox qabaqcıl bir ölkədir. Azərbaycanın nadir coğrafi mövqeyi, yüksək təhsil almış işçi qüvvəsi vardır. Buradakı sağlam mühit, ümumiyyətlə, birgə iş və əməkdaşlıq çərçivəsində çox uğurlar əldə oluna bilər.

K.Şvab demişdir: "Sonuncu dəfə 20 il əvvəl Azərbaycanda olmuşam. Həqiqətən deməliyəm ki, o vaxtdan bəri çox böyük dəyişikliklərin baş verdiyini müşahidə etdim. Bakı şəhəri həqiqətən çox gözəl bir məkana çevrilmişdir".

Klaus Şvab Dünya İqtisadi Forumu ilə əməkdaşlıq etdiyinə, yeddi ildir ki, davamlı olaraq forumun görüşlərində fəal iştirak etdiyinə, həmçinin bu mötəbər tədbirin Bakı kimi gözəl şəhərdə yüksək səviyyədə təşkilinə, eləcə də Azərbaycanı və regionu beynəlxalq aləmdə çox gözəl təqdim etdiyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirmişdir.

 

 

Azərbaycan.-2013.-10 aprel.-S.5.