Bütün gələcək həyatımı müəyyən edən həlledici bünövrə

 

Müasir Azərbaycan Respublikasının ictimai, siyasi, mədəni həyatındakı bütün həlledici qələbələri bilavasitə ölkə  tarixinə parlaq səhifələr yazmış qüdrətli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin adı ilə, onun otuz beş il müddətində davam edən səmərəli dövlətçilik fəaliyyəti ilə bağlı olduğu inkaredilməz həqiqətdir. Bu böyük Azərbaycan oğlu titanik zəhməti, tükənməz enerjisi və işıqlı zəkası ilə bütün ömrünü vətənə, dövlətə həsr etmiş, zamanın ən çətin sınaqlarında, həyatın ən mürəkkəb anlarında fitri xilaskarlıq missiyası ilə xalqının köməyinə gəlmişdir.

 

"Rəhbərlik etmək, yəni, adamları öyrətmək və tərbiyələndirmək üçün gərək mənəvi haqqın olsun."

Heydər Əliyev

 

Belə bir görkəmli şəxsiyyət haqqında yeni söz demək, qələm götürüb nəsə yazmaq heç də asan məsələ deyil. Çünki daim qürur hissi ilə - "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən - azərbaycanlıyam!" - deyərək bütün taleyini xalqla bağlayan ən böyük azərbaycanlı Heydər Əliyev fenomeni haqqında ürək sözlərini söyləmək nə qədər şərəfli olsa da, bir o qədər çətin və məsuliyyətlidir.    

O böyük insan hansı sahədə  çalışırsa-çalışsın, öz bacarığı, biliyi, fitri istedadı sayəsində həmişə diqqət mərkəzində olub. İlk dəfə 1969-cu ildə Azərbaycanın rəhbəri seçiləndən sonra geridə qalmış İttifaq subyektini qısa vaxt ərzində gur inkişaf yoluna çıxarıb, respublikanın həyatında ciddi dönüş yaradan, Azərbaycanı xammal istehsalçısından müasir texnika ilə təchiz olunmuş qabaqcıl sənaye bazasına çevirə bilən, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülən, Sov.İKP MK Siyasi Bürosuna üzv seçilən Heydər Əliyevin işgüzarlıq  keyfiyyətlərinə həmişə mərkəzi hakimiyyət tərəfindən yüksək qiymət verilib. Vaxtilə Sov.İKP MK-nın Baş Katibi Yuri Andropov Heydər Əliyevə "Sən daha böyük  miqyaslarda işləməyə qadirsən və layiqsən!" - deyərək onu Moskvaya dəvət etməsi, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi çox yüksək vəzifə  həvalə etməsi, yaxud uzun illər SSRİ-nin xarici işlər naziri olmuş görkəmli dövlət xadimi Andrey Qromıkonun Heydər Əliyev barəsində " O hətta SSRİ-yə rəhbərlik edə biləcək böyük potensiala malik güclü şəxsiyyətdir" - fikrini deməsi heç də təsadüfi deyldi. Bunlar Heydər Əliyev dühasının miqyasını göstərən faktlardır.

Güclü lider xarizmasına malik Heydər Əliyevi həqiqətən, çoxları üçün nümunə idi. Onun qeyri-adi yaddaşı, iti zəkası, dəmir məntiqi, gərgin situasiyalardan özünəməxsus ustalıqla qalib çıxmaq bacarığı, mürəkkəb siyasi məqamlarda düzgün qərarlar vermək qabiliyyəti, uzaqgörənliyi, qətiyyətli iradəsi, prinsipial, eyni zamanda, qayğıkeş idarəçilik metodları əsl örnək olaraq hələ bundan sonra çox öyrəniləcək, dərindən tədqiq ediləcəkdir.

Heydər Əliyev fenomenini təhlil edərkən, özünü qabarıq büruzə verən ən xarakterik xüsusiyyətlərdən biri də onun şəxsiyyətinin bütövlüyü, sadə dillə desək, müdrikliyidir. Bu müdrik insanın illər boyu gərgin zəhmət hesabına təməlini qoyduğu böyük ideyalar zaman-zaman gerçəkləşdikcə gələcək nəsillər hələ çox yeniliklərin şahidi olacaqlar. Onun zəngin ideyaları vaxtı çatanda bir-bir reallaşdıqca insanlar görəcəklər ki, ümummilli lider Azərbaycanın uzaq perspektivinə hesablanmış inkişaf proqramlarını necə məharətlə, dəqiqliklə, mərhələ-mərhələ  işləyib hazırlamışdır. Xalqımız hər dəfə bu uzaqgörənliyin, müdrikliyin, vətənə sonsuz məhəbbətin, unikal idarəçilik nümunəsinin şahidi olduqca həm yaxşı mənada heyrətlənəcək, həm də öz böyük oğlu ilə fəxr edəcəkdir.

 

"Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır."

Heydər Əliyev

 

Mən dahi şəxsiyyətin ölçüyəgəlməz dərəcədə geniş, çoxşaxəli fəaliyyətinin bir mühüm istiqaməti barədə danışmaq istəyirəm. Dövlət idarəçiliyində  böyük strateq olan Heydər Əliyevin əsasını qoyduğu özünəməxsus idarəetmə prinsiplərinin üstün cəhətlərindən biri kadrların seçilib yerləşdirilməsi idi. O, əsasən yüksək mənəvi-əxlaqi keyfiyyətləri, intellekti, mədəni səviyyəsi və dövlətə sədaqəti ilə fərqlənən kadrlara üstünlük verirdi.

Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə yaranan demokratik, şəffaf idarəçilik sayəsində öz arzusuna çatmış yüzlərlə sadə azərbaycanlı övladı ulu öndərin  qayğısını həmişə ehtiramla xatırlayacaqdır. Ötən əsrin 70-80-ci illərində minlərlə gəncin respublikamızın hüdudlarından kənarda ali təhsil almasına, ixtisaslı kadr kimi yetişməsinə hər cür qayğı və kömək göstərməsi ulu öndərin vətən, xalq sevgisinin ifadəsi idi. Həm də o, gələcəkdə Azərbaycanın bir sıra yeni sahələrdə - informasiya texnologiyaları, beynəlxalq hüquq, beynəlxalq münasibətlər, aviasiya və s.  mütəxəssislərə ehtiyacı olacağını nəzərə alıb azərbaycanlı gənclərin Moskva, Kiyev, Minsk və başqa şəhərlərdəki nüfuzlu universitetlərdə məhz bu profillər üzrə təhsil almasına nail olurdu. Yeri gəlmişkən, bu günlərdə "AzərSpace" ilk Azərbaycan telekommunikasiya peykinin kosmosa buraxılmasında əməyi olan insanlar arasında həm də o dövrdə oxumuş yüksək ixtisaslı mütəxəssislərin də iştirakı dediklərimizə əyani sübutdur. O, hər il 800 tələbəni dövlət hesabına Azərbaycandan kənara oxumağa göndərirdi. Bu gün müstəqil respublikamızın xalq təsərrüfatında, iqtisadi-siyasi, sosial-mədəni həyatında öz yerini tapan və uğurla çalışan kadrların çoxu məhz o zaman ulu öndərin uzaqgörənliklə qayğı göstərdiyi gənc azərbaycanlı mütəxəssislərdir.

Mən də ilk gənclik illərindən Heydər Əliyevin böyük diqqət və qayğısını bilavasitə öz üzərimdə hiss etmiş, dəfələrlə onun tam təmənnasız atalıq qayğısının şahidi olmuşam. İlk dəfə 1971-ci ildə, ulu öndər Azərbaycan KP MK-nın birinci katibi seçiləndən iki il sonra onunla görüşmək mənə nəsib oldu.  Həmin görüş mənim bütün taleyimi dəyişdi. Gənc bir tələbə kimi o vaxt Heydər Əliyevin dəvəti ilə səhər tezdən böyük həyəcan içində MK-nın binasına görüşə tələsəndə təsəvvürümə belə gətirə bilməzdim ki, bir zaman gələcək mən hər gün səhərlər o tarixi binaya - ulu öndərin etimad göstərdiyi yüksək dövlət vəzifəsini icra etməyə gedəcəyəm...

Heydər Əliyev təbiət etibarilə yaradıcı şəxs idi və işlədiyi bütün sahələrdə öz yaradıcı təxəyyülü, hadisələrə hamıdan fərqli, novatorcasına yanaşması ilə seçilirdi. Məlumdur ki, keçmiş SSRİ-də Ali Sovetə deputat seçkiləri müəyyən kvotalar əsasında aparılırdı və namizədlər ictimaiyyətin müxtəlif təbəqələri arasından seçilirdi. Məsələn, fəhlə, kəndli, qulluqçu, hərbçi, ziyalı və s. Ancaq Heydər Əliyevin yaradıcı idrakı bu məsələdə də yenilik etmişdi. O fərqli bir üsula  əl ataraq təklif etmişdi ki, deputat seçkisində cəmiyyətin digər təbəqələri ilə yanaşı tələbə gənclərin də nümayəndəsinə yer ayrılsın. Bu, əlbəttə, ulu öndərin ölkənin gələcəyini düşünərək kadr potensialını mütəmadi yeniləşdirmək və yetişdirmək məqsədilə atdığı uzaqgörən addımlardan biri idi.

Mən o vaxt ordudan qayıtdıqdan sonra Azərbaycan Politexnik İnstitutunda  təhsilimi davam etdirir, həm də inşaat fakültəsinin komsomol komitəsinin katibi, eyni zamanda, institut komsomol komitəsi katibinin müavini kimi ictimai işlərdə fəal iştirak edirdim. Bizim instituta da təklif olunmuşdu ki,  Heydər Əliyevin qarşıya qoyduğu beş əsas şərt nəzərə alınmaqla (namizəd əlaçı olmalı, hərbi xidmətini bitirməli, fəhlə ailəsinə mənsub olmalı, komsomolun üzvü və ictimai işlərdə fəal iştirak etməliydi), tələbələrin sırasından deputat seçkisi üçün layiqli namizədləri müəyyənləşdirib təqdim edək. Bu, rəhbərin ümumxalq məsələlərinə nə qədər ciddi yanaşmasının və obyektivliyinin göstəricisi idi. Çünki, açığı, o istəsəydi, şəxsi iradəsi ilə arzuladığı hər hansı bir tanış, yaxın, doğma adamını qeyd-şərtsiz namizəd kimi irəli sürə bilərdi. Ancaq Heydər Əliyev demokratik ruhlu və xalqına bağlı insan - əsl böyük azərbaycanlı olduğuna görə bu məsələni  ictimaiyyətin öhdəsinə buraxmışdı.

İlkin mərhələdə ümumən respublika üzrə təklif olunan 184 tələbə namizədin 11 nəfəri bizim Politexnik İnstitutundan idi. Ancaq irəli sürülən namizədlərin şəxsi işləri ilə tanışlıqdan  sonra Mərkəzi Komitə yenə bütün institutlarda ən layiqli namizəd axtarışını davam etdirməyi məsləhət görmüşdü. Odur ki, bizim institutun fəalları da rektoratda toplaşaraq daha yeni namizədlər axtarışını müzakirə edən zaman institutumuzun partiya təşkilatının katibi bildirdi ki, bizdə deyilən tələblərə cavab verən namizəd yoxdur. Yalnız yeganə bir nəfər uyğun gəlir, ancaq o da partiyanın üzvüdür. Rektor kimi nəzərdə tutduğunu soruşduqda partkom məni göstərib dedi: "Respublika rəhbərinin tələblərinə yalnız Yaqub Eyyubovun göstəriciləri uyğun gəlir: əlaçı tələbədir, hərbi xidmətini başa vurub, fəhlə ailəsinə mənsubdur, fəal ictimaiyyətçidir, fakültə komsomol komitəsinin katibi, institut komsomol komitəsi katibinin müavini kimi kollektivdə böyük nüfuza malikdir..." Rektor təcili mənim  sənədlərimi hazırlamağı tapşırdı. Artıq axşam saat 8-9  radələri idi. Mən şəxsi işimi hazırlayıb rektora təhvil verdim və evə getdim. Gecə saat 3-ün yarısı Mərkəzi Komitədən xəbər gəldi: Y.Eyyubov səhər tezdən Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin qəbulunda olmalıdır.

Təbii, çox böyük həyəcan keçirdim. O gecəni demək olar ki gözümə yuxu getmədi. Sübh tezdən mən artıq MK-nın binasında idim. Bir qədər sonra Heydər Əliyev məni qəbul etdi. Əzəmətli görkəmi ilə ulu öndərin zəhmi həyəcanımı daha da artırmışdı. O isə söhbəti çox sadə, səmimi, mehriban aparırdı. Elə bil çoxdanın tanışları idik. Əslində, o, artıq mənim şəxsi işimə baxıb həyat yolumla ətraflı tanış olmuşdu.

Söhbət zamanı tələbələrin təhsili ilə maraqlandı, müasir gəncliyin həyatı,  düşüncələri, maraq dairələri, yaşayışları barədə danışmağımı istədi. Dedi, gənclər bizim gələcəyimizdir, onların nəylə nəfəs aldıqlarını bilməyimiz vacibdir. Mən özümü toplayaraq sıxıla-sıxıla danışdım. Arada o, daha bir neçə müxtəlif suallar verdi və mən mümkün qədər ətraflı, dolğun cavablar verməyə çalışdım. Nəhayət, söhbətin sonunda mənə uğurlar arzulayıb sağollaşdı. Ancaq namizədliyimin qəbul edilib-edilmədiyi barədə heç bir söz demədi.

Mən respublika rəhbərinin yanından çıxıb  institut rəhbərinin yanına tələsdim. Fikrim Heydər Əliyevlə görüş barədə rektora məlumat vermək idi. İnstituta çatanda akt zalında iclasa hazırlıq getdiyini gördüm. İnstitutun tələbə, müəllim, professor heyəti burada idi. Digər ali məktəblərin rektorları, respublikanın bir neçə yüksək səviyyəli partiya-sovet fəalları da gəlmişdilər. Mən məlumat üçün rektora yaxınlaşanda o: "Səninlə sonra görüşüb danışarıq, hələliksə kömək elə, təcili iclas keçirməliyik", - deyib məni də hazırlıq işlərinə qoşdu.

Az sonra tədbir başlandı. İclası giriş sözü ilə açan Bakı Şəhər Partiya Komitəsinin birinci katibi Əli Kərimov toplantının məqsədi barədə qısa məlumat verərək, bildirdi ki, indi bütün respublika üzrə hər bir idarə, təşkilat və müəssisə  zəhmətkeşləri Ali Sovetə növbəti seçkilər üçün özlərinin ən layiqli namizədlərini irəli sürürlər. Eyni zamanda, bütün ali məktəblər də öz namizədlərini təklif etmişlər. Lakin biz bugünkü yekun iclasında ali məktəblərin tələbə, müəllim və professor heyətini Ali Sovetdə layiqincə təmsil edə biləcək bir nəfərin namizədliyini müəyyənləşdirməliyik.

Sonra çıxış üçün söz Azərbaycan KP MK-nın ideoloji məsələlər üzrə katibi Danil Quliyevə verildi. Tribunaya qalxan D.Quliyev bunları dedi: "Yoldaşlar, bu gün bu zalda Azərbaycanın bütün institutlarının tələbə və müəllim heyətinin nümayəndələri, rektorları, digər vəzifəli şəxsləri həqiqətən, çox əlamətdar bir hadisə münasibətilə toplaşmışlar. İnstitut kollektivlərini Ali Sovetdə təmsil edəcək bir nəfər ən layiqli namizədi müəyyənləşdirmək əlbəttə, asan məsələ deyil. Lakin müzakirələrə başlamazdan əvvəl mən Azərbaycan KP MK-nın bu məsələyə dair mövqeyini sizə çatdırmaq istərdim. Mərkəzi Komitə qarşıdakı seçkilərdə Azərbaycan Politexnik İnstitutunun əlaçı tələbəsi, Lenin təqaüdçüsü, hərbi xidmətini başa vurmuş, fəhlə ailəsinə mənsub, fəal ictimaiyyətçi, fakültə komsomol komitəsinin katibi və institut komsomol komitəsi katibinin müavini Eyyubov Yaqub Abdulla oğlunun deputatlığa namizədliyi məsələsini  sizin müzakirənizə çıxarmağı tövsüyə edir."

Mən  heyrət içində donub qalmışdım. Nə edəcəyimi bilmirdim. Səhnədən eşitdiklərim - cəmi bir saat öncə ulu öndərlə keçən ilk görüşümüzün əks-sədası idi. Tribunadan deyilənlər həm də böyük Heydər Əliyevin Azərbaycan gəncliyinə verdiyi yüksək qiymətin, inamın, etimadın və əlbəttə, qayğının təzahürü idi!

Zalda hamı tələbə namizədi görmək arzusunda idi. Bu zaman iclasın sədri məni rəyasət heyətinə dəvət etdi. Gur alqış sədaları altında səhnəyə çıxıb öz yerimi tutdum. Deputatlığa namizədin tərcümeyi-halı ilə iclas iştirakçılarını daha ətraflı tanış etmək üçün söz institutumuzun rektoruna verildi. Rektor öz tələbəsi haqqında çox fərəhlə, ürəkdən xoş sözlər söylədi...

Beləliklə, mən ölkədə ilk tələbə-deputat oldum. Doğrudur, sonralar bu ənənə davam etdi və deputat seçkilərində tələbələr də iştirak etməyə başladılar.  Ancaq fəxr edirəm ki, məhz ulu öndərin xeyir-duası ilə Azərbaycan tarixində ilk tələbə deputat mən olmuşam. Tərcümeyi-halımın ən qürurverici məqamlarından olan bu hadisə bütün gələcək həyatımı müəyyən edən həlledici bünövrə oldu. 

O hadisədən sonra bütün taleyim dəyişdi. Sanki həyat yollarında qarşımda yaşıl işıq yandı. İnstitutu bitirib  aspiranturada təhsilimi davam etdirdim, namizədlik, sonra doktorluq dissertasiyaları müdafiə etdim, elmlər doktoru, professor elmi adı aldım, institutda dekan müavini, dekan, kafedra müdiri, prorektor vəzifələrinə irəli çəkildim...

Ancaq həyat düşündüyümüz qədər də sadə deyilmiş, onun gözlənilməz enişləri-yoxuşları varmış.

Təəssüf ki, 1985-ci ildən sonra məkrli Mixail Qorbaçovun apardığı   "yenidənqurma" siyasəti və onun yerlərdəki dalğası bir çoxları kimi, mənim də həyat yolumun qarşısını müvəqqəti olaraq kəsdi. Heydər Əliyev Moskvada Kreml tərəfindən təqiblərə məruz qalanda Ə.Vəzirov, A.Mütəllibov, sonra isə AXC-Müsavat liderləri kimi təsadüfi, naşı və kölə xislətli adamlar da Bakıda onun tərəfdarlarını təqib etməyə başladılar. Heydər Əliyevin qayğı göstərdiyi, irəli çəkdiyi bütün kadrlar, ona rəğbət bəsləyənlər işdən çıxarılırdı. O cümlədən, mən də prorektor vəzifəsindən kənarlaşdırıldım. M.Qorbaçovun qısqanclığı o dərəcəyə çatmışdı ki, hətta Moskvada SSRİ Nazirlər Soveti aparatında bilavasitə Heydər Əliyevin rəhbərliyi altında çalışan rus millətindən olan sədaqətli işçilər də vəzifədən uzaqlaşdırılırdı.  Təsəvvür edin, heç bir vəzifə sahibi olmayan İlham Heydər oğlu Əliyev də müəllim  kimi çalışdığı Moskva Beynəlxalq Münasibətlər İnstitutunda təzyiqlərlə üzləşərək ikrah doğuran şərait ucbatından institutu tərk etməli olmuşdu.

Bəli, bunlar da yaxın keçmişimizin heç vaxt unudulmayacaq acı reallığıdır.

 

"Azərbaycan adlı müstəqil dövlətin varlığı bizim ən böyük tarixi sərvətimizdir."

Heydər Əliyev

 

Müstəqilliyin ilk illərində yaranan gərgin, mürəkkəb vəziyyətdə xalq yenidən xilaskar oğluna, görkəmli dövlət xadimi, müdrik Heydər Əliyevə üz tutub təkidlə onu respublika rəhbərliyinə dəvət etdi. Haqq nazilsə də, üzülmədi. Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı və Azərbaycan dövlətini, Azərbaycan xalqını, Azərbaycan ölkəsini uçurumdan xilas etdi.

Bəzən Heydər Əliyevin fəaliyyətini qardaş Türkiyənin böyük dövlət xadimi Mustafa Kamal Atatürkün fəaliyyəti ilə müqayisə edirlər. Heydər Əliyev özü də türk dünyasının bu dahi oğluna yüksək qiymət verirdi. O, Atatürkün xidmətlərindən danışarkən demişdir ki, Türkiyə Cümhuriyyəti məhz Atatürkün mübarizəsinin, cəsarətinin nəticəsində yaranmışdır. Eynilə müstəqil Azərbaycan dövlətinin qurulması, qorunması və möhkəmləndirilməsi də Heydər Əliyevin mübarizəsinin, böyük cəsarətinin, qətiyyətli iradəsinin nəticəsi idi. Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 15 iyun tarixli iclasındakı çıxışında Heydər Əliyev bütün dünyaya bəyan etdi: "Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcəkdir".

Ulu öndərin yenidən hakimiyyətə qayıdışı üçün bütün qeyrətli vətənpərvər ziyalılar kimi, biz də o zaman çalışdığım Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda müəyyən aksiyalar keçirirdik. Mən institutda Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının ilk özək qrupunu təşkil edib oraya yeni üzvlər cəlb edirdim. Bu cür siyasi fəaliyyətlə yaxından məşğul olmağım məni yenidən ulu öndərlə görüşdürdü.

O, Yeni Azərbaycan Partiyasının yaradılmasında, onun genişlənməsində iştirak edən, ən çətin anlarda irticadan qorxub çəkinmədən ulu öndərin müdafiəsinə qalxan insanlara xüsusi hörmət bəsləyir, həssaslıqla yanaşır, müasir dövrdə yeni kadr potensialının formalaşdırılmasında onlara üstünlük verirdi. Partiya fəalları ilə yaxından tanış olarkən gələcəkdə dövlət işində çalışa biləcək kadrlarla dərindən  maraqlanır, hamını, hər kəsi diqqətlə öyrənirdi. Və 1997-ci ildə mən möhtərəm Heydər Əliyevin dəvəti ilə onun qəbulunda oldum.

Tələbəlik illərində olduğu kimi, yenə o böyük insanın sonsuz  xeyirxahlığını, qayğıkeşliyini öz üzərimdə hiss etdim. Biz görüşəndə bir daha onun fenomenal yaddaşına heyrət etdim. Tələbə vaxtı mənim deputat  seçkisinə necə qatılmağımla bağlı bütün təfərrüatlar yadında idi və ən əsası, mənim bütün tərcümeyi-halımı əzbər bilirdi. Söhbət zamanı sonrakı illərdə nələr baş verdiyi ilə maraqlandı. Mən bütün olanları ətraflı danışdım, elmi-pedaqoji fəaliyyətimdən, ictimai həyat yolumdakı eniş və yoxuşlar barədə məlumat verdim. O, mənim artıq elmlər doktoru, professor, Beynəlxalq Mühəndislər Akademiyasının akademiki olduğumu eşidəndə bir anlıq fikrə getdi, gözlərində sevinc yarandı, gülümsəyərək dedi:  "Bax, bu mənim üçün ən böyük hədiyyədir. Vaxtilə qayğı göstərdiyim tələbə-gənclər yetişdirdiyim körpə fidanlar idi. İndi o kövrək fidanların qollu-budaqlı iri ağaclara çevrildiyini gördükdə çox fərəhlənirəm..."

Beləliklə, həmin il ulu öndər yenidən mənə etimad göstərib Azərbaycan Respublikasının Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə və Dağ-Mədən Nəzarəti Komitəsinin sədri vəzifəsinə təyin etdi. Bu vəzifədə mən onun etimadını doğrultmaq üçün var qüvvəmlə çalışır, rəhbərin qarşıya qoyduğu bütün tapşırıqları yüksək səviyyədə yerinə yetirmək üçün bütün kollektivi səfərbər edirdim.

Təxminən iki il sonra, 1999-cu il iyulun 10-da Heydər Əliyev məni yanına çağırdı. Komitədə işlərin gedişi ilə maraqlandı, neçə müddətdir orada çalışdığımı soruşdu. Və söhbət əsnasında dedi ki, artıq dövlət qulluğunda kifayət qədər təcrübə toplamısan. Odur ki, mən indi səni partiyanın namizədi kimi daha məsul sahəyə, Nazirlər Kabinetinə işə göndərirəm. Sən həm də NK aparatında partiyanın yerli strukturunu qurub möhkəmləndirməlisən.

Beləliklə, ulu öndər bu dəfə mənə daha böyük etimad göstərərək Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsinə təyin etdi.

Mən vaxtilə institutda tələbə olarkən Ali Sovetin deputatı kimi, sonra Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə və Dağ-Mədən Nəzarəti Komitəsinin sədri vəzifəsində işləyərkən onun etimadını doğrultmaq üçün necə əzmlə  çalışırdımsa, Nazirlər Kabinetində də eynilə, hələ daha artıq həvəs və əzmlə işləməyə başladım. Ulu öndərin verdiyi bütün tapşırıqları layiqincə icra etmək üçün var qüvvəmlə səy göstərirdim. Tezliklə NK-da YAP-ın ilk təşkilatını qurub üzvlərinin sayını yüz nəfərədək artıra bildim.

Aradan yenə iki il keçəndən sonra Heydər Əliyev bir gün məni yanına çağırdı. Yenə hökumətdə kurasiyam üzrə işlərin gedişi ilə, öhdəmə düşən vəzifələrlə, tapşırıqların icrası ilə, həmçinin ilk partiya təşkilatındakı ümumi vəziyyətlə maraqlandı. Sonra yenə NK-da neçə müddətdir çalışdığımı soruşdu (düşünürəm, hətta əlli illik tarixə malik hadisələrin hər nüansını incəliyinə qədər dəqiqliklə yadında saxlayan fenomenal yaddaş sahibi hər dəfə bu sualı mənə yalnız sınaq məqsədilə verirdi). Cavabımdan sonra ulu öndər ötən müddət ərzində mənim fəaliyyətimi daim nəzərində saxladığını deyərək əlavə etdi ki, daha NK-da lazımi təcrübəyə yiyələnmisən, indi mən səni Baş nazirin birinci müavini vəzifəsinə təyin edirəm. Get eyni qayda ilə işləməkdə davam et.

Artıq on ildir ki, mən hər gün o tarixi binaya gedib, ulu öndərin tələbə vaxtı ilk dəfə məni qəbul etdiyi o işıqlı, geniş kabinetdə mənə etibar etdiyi yüksək dövlət vəzifəsini icra edirəm...

 

"Bizim hamımızın bir Vətəni var - bu, Azərbaycandır. Hamımız bir torpaqda yaşayırıq - bu, Azərbaycan torpağıdır. Azərbaycan torpağının hər guşəsi hər birimiz üçün müqəddəs yerdir."

 

Heydər Əliyev

 

Heydər Əliyev ikinci dəfə Azərbaycanda rəhbərliyə qayıtdıqdan sonra daha artıq əzmlə, çox böyük gərginliklə on il gecə-gündüz dincəlmədən çalışdı. Titanik zəhmət hesabına Azərbaycanı ermənilərin "xaç atası" Mixail Qorbaçovun sürüklədiyi xaos girdabından xilas etdi, ölkəni səfalətdən, dağıntılardan qurtardı, dövləti qoruyub saxladı, ölkədə sabitlik yaratdı və Sovetlər dönəmindən miras qalmış qanlı Qarabağ müharibəsində zəruri atəşkəs elan olundu.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında uzun illər işləmiş bir adam kimi mən həmişə o dahi insanın qeyri-adi xarakteri, zamanı qabaqlayan geniş erudisiyası qarşısında heyran qalmışam. Respublikadakı saysız-hesabsız idarə və təşkilatların fəaliyyətini əlaqələndirməklə onları ümumi bir strateji məqsədə doğru yönəltmək, hər birinin vəzifəsini müəyyənləşdirmək, xalqın və ölkənin mənafeyinə tabe etdirmək fövqəladə qabiliyyət tələb edən xüsusiyyətlərdir. Heydər Əliyevin simasında biz xalqına və vətəninə sonsuz məhəbbət bəsləyən böyük vətəndaşı, fitri istedad sahibini görürdük. Onunla işləmək həm  hədsiz zövq verirdi, həm xoşbəxt anlar yaşadırdı, həm də böyük məsuliyyət idi. O, hər bir spesifik sahənin idarə olunmasında böyük səriştəlilik və əsl ixtiraçılıq istedadı göstərirdi. Bu nadir şəxsiyyət hər bir işə son dərəcə ciddi yanaşmaqla irəli sürülən təklifləri, mülahizələri diqqətlə öyrənir, ətraflı müzakirədən sonra ən optimal variant üzərində dayanıb icrasına qərar verirdi.   

Qısa müddət ərzində müstəqil Azərbaycanın sürətli inkişafı üçün ən optimal  iqtisadi və siyasi model yaradan ulu öndər respublikamızı MDB-də yenə öncül yerlərə çıxartdıqdan sonra, onu müasir təfəkkürlü, dünyadakı mürəkkəb prosesləri dərindən təhlil edərək düzgün qərarlar çıxara bilən etibarlı əllərə təhvil verdi.

Bu gün ulu öndərin "Özü qədər inandığı" möhtərəm Prezident İlham Əliyev onun başladığı quruculuq işlərini uğurla davam etdirir, Heydər Əliyevin iqtisadi-siyasi-mədəni inkişaf modelinə yaradıcı yanaşmaqla onu daha da təkmilləşdirir, müasir Azərbaycanı yeni, daha yüksək inkişaf mərhələsinə doğru aparır. 

 

"Əmin ola bilərsiniz ki, Azərbaycanın sükanı etibarlı əllərdədir. Biz Azərbaycanı demokratiya yolu ilə ardıcıl surətdə irəliyə aparacağıq, ölkəmizin müstəqilliyini göz bəbəyimiz kimi qoruyacağıq, Azərbaycanın müstəqilliyini daimi edəcəyik."

 

Heydər Əliyev

 

Artıq 22 ildir ki, Azərbaycan Respublikası dünya birliyinin layiqli  üzvü kimi müstəqil yaşayır, inkişaf edir. Bu dövlətin qurucusu və qoruyucusu dahi Heydər Əliyev həqiqətən də, son bir neçə əsrdə Azərbaycan xalqının yetirdiyi ən parlaq şəxsiyyət və qüdrətli dövlət xadimi olaraq ölkənin həyatında, tarixində dərin izlər qoyub. Məlum olduğu kimi, Heydər Əliyev hələ imperiya daxilində yaşadığımız illərdə o məhdud imkanlar şəraitində var qüvvəsi ilə Azərbaycanın gələcək müstəqil inkişafı, tərəqqisi, firavanlığı naminə əzmlə çalışıb, bugünkü  müstəqil Azərbaycanın iqtisadi modelinin bünövrəsini hazırlayıb. Bu model, azad bazar iqtisadiyyatı prinsipləri əsasında qarşılıqlı faydalı əməkdaşlıq yolu ilə dünya birliyinə inteqrasiya olunan və milli maraqlar naminə öz təbii sərvətlərindən səmərəli istifadə edən müstəqil Azərbaycanın sürətli inkişaf konsepsiyasına əsaslanır. Bu gün məhz ümummilli liderin yaratdığı həmin strateji xətt üzrə yüksələn müasir Azərbaycan hətta iqtisadi artım tempinə görə dünyada ən   islahatçı ölkə kimi tanınır. Xüsusən, neft və qeyri-neft bölmələrinin ahəngdar inkişaf etdirilməsi  diversifikasiyalı iqtisadiyyatın dinamik yüksəlişini təmin edən amildir.

Uzaqgörən müdrik şəxsiyyət Heydər Əliyevin vaxtilə işləyib hazırladığı stabil  inkişaf konsepsiyası bütün sahələrdə - iqtisadi, sosial, humanitar, xarici siyasətdə və s. özünü doğrultmaqla, Azərbaycanın dövlət müstəqilliyinin daimi, dönməz və əbədi xarakter almasına möhkəm zəmin yaradır.

 

"...Mən ona özüm qədər inanıram. İnanıram ki, o bizim başladığımız işləri axıra çatdıra biləcəkdir."

 

Heydər Əliyev

 

Bu gün bütün dünyada yaşayan 50 milyonluq Azərbaycan xalqı fəxr edir ki, zamanın ən çətin sınaqları qarşısında onun Heydər Əliyev kimi dahi oğlu, qüdrətli sərkərdəsi və müdrik rəhbəri olub. Əlbəttə, xalqımız ulu öndərin əbədiyyətə qovuşaraq bizi tərk etməsini ürək ağrısı ilə qarşıladı, bundan çox böyük sarsıntı keçirib onun sevgisini, əziz xatirəsini əbədilik qəlbinə köçürdü. O bizim böyük arxa-dayağımız, inam, güvənc yerimiz idi. Onsuz çox çətindir.

Ancaq nə qədər çətin olsa da, eyni zamanda, bizim üçün, bütün xalqımız üçün bir təsəllidir ki, ulu öndəri onun özünün də böyük inam bəslədiyi istedadlı, qabiliyyətli, müasir təfəkkürlü gənc lider - möhtərəm İlham Heydər oğlu Əliyev layiqincə əvəz edir. Onun başladığı quruculuq işlərini layiqli varisi böyük bilik,  bacarıq, inam və səriştə ilə, ümummilli liderin arzularına, tövsiyələrinə uyğun  şəkildə irəliyə aparır. Tam əminliklə deyə bilərik ki, Azərbaycan xalqı hələ uzun illər Prezident İlham Əliyevin rəhbərliyi altında qarşıda çox zirvələr fəth edəcək, çox taleyüklü qələbələrə imza atacaqdır.

Hər dəfə dönüb arxaya, keçdiyim həyat yoluna baxanda qəlbimdə bir qürur hissi oyanır. Fəxr edirəm ki, bu yolu ən Böyük Azərbaycanlı ilə, ümummilli liderimiz Heydər Əliyevlə birgə  keçmişəm, onun idarəçilik məktəbindən dərs almış, öyrənmiş, yanında təcrübə toplamış və məhz bu səbəbdən də həyatda inamla addımlaya bilmişəm.

Bu, mənim taleyimdir, bu, mənim həyatımdır. Həyatımın bu uğurunu lazımınca dərk edir, qiymətləndirir və özümü xoşbəxt taleli insan hesab  edirəm.

Yazını dünya durduqca daim Azərbaycanla birgə var olacaq Heydər Əliyevin bir müdrik kəlamı ilə bitirmək istəyirəm. O deyirdi: "Həyatın mənası insanın çox və yaxud az yaşamasından ibarət deyil. Onun əsas mənası bu həyatda öz yerini tutmaq, mövqeyini müəyyən etmək, ləyaqət göstərmək və başqaları üçün nümunə olmaqdır."

 

 

Yaqub EYYUBOV,

Azərbaycan Respublikası Baş

nazirinin birinci müavini

 

Azərbaycan.- 2013.- 10 aprel.- S. 3.