Azərbaycanın və Ukraynanın Ədliyyə nazirlikləri arasında imzalanmış əməkdaşlıq haqqında Saziş hüquqi əlaqələrin daha da genişləndirilməsinə mühüm töhfə verir

 

 Azərbaycanda səfərdə olan Ukrayna Ali Məhkəməsinin sədr müavini Valentin Barbaraonun başçılıq etdiyi nümayəndə heyəti aprelin 9-da Ədliyyə Nazirliyində olmuşdur.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nazir müavini Azər Cəfərov Azərbaycan ilə Ukrayna arasında dostluq və tərəfdaşlıq münasibətlərindən danışmış, əlaqələrimizin inkişafında dövlətlərimizin başçılarının qarşılıqlı səfərlərinin xüsusi rolunu vurğulamış, ölkələrimizin həm ikitərəfli səviyyədə, həm də beynəlxalq təşkilatlar daxilində səmərəli əməkdaşlıq etdiyini bildirmişdir. A.Cəfərov Ədliyyə nazirlikləri arasında imzalanmış əməkdaşlıq haqqında Sazişin hüquqi əlaqələrin daha da genişləndirilməsinə mühüm töhfə olduğunu söyləmişdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ədliyyə və məhkəmə sistemində aparılan genişmiqyaslı islahatlar, o cümlədən yeni məhkəmələrin yaradılması, hakimlərin sayının artırılması, müddətsiz təyinatı, onların ən şəffaf prosedurlarla çoxmərhələli seçimi qonaqların marağına səbəb olmuş, son illər məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə qazanılmış nailiyyətlər məmnunluqla qarşılanmışdır.

V.Barbara Ukraynanın məhkəmə sistemi barədə məlumat vermiş, təcrübə mübadiləsinin hər iki tərəf üçün əhəmiyyətini vurğulamışdır. Qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinə dair faydalı fikir mübadiləsi aparılmışdır.

Görüşdə əməkdaşlığın prioritetləri, o cümlədən inzibati ədliyyə, hakimlərin tədrisi, Məhkəmə-Hüquq Şurasının və Hakimlərin Seçki Komitəsinin fəaliyyəti və digər məsələlər müzakirə olunmuş, qarşılıqlı maraq doğuran suallara aydınlıq gətirilmişdir.

Nümayəndə heyəti nazirlikdəki Ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.

 

 

Azərbaycan.-2013.-10 aprel.-S.6.