Azərbaycan ilə Ukraynanın məhkəmə hüquq sistemləri arasında əlaqələr yeni mərhələyə qədəm qoymuşdur

 

 Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin dəvəti ilə Bakıda səfərdə olan Ukrayna Ali Məhkəməsi sədrinin müavini Valentin Barbaranın başçılıq etdiyi nümayəndə heyəti aprelin 9-da Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarı önünə əklil qoymuş, xatirəsini ehtiramla yad etmişlər.

Qonaqlar görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın da məzarı üstünə tər çiçəklər düzmüşlər.

Ali Məhkəmədən AzərTAc-a bildirmişlər ki, qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən oğullarının xatirəsini ehtiramla yad etmiş, məzarları üstünə tər qərənfillər düzmüş, "Əbədi məşəl" abidəsi önünə əklil qoymuşlar.

Ukrayna nümayəndə heyətinin üzvləri Ali Məhkəmənin inzibati binasını gəzmiş, hakimlərin iş şəraiti ilə tanış olmuş, məhkəmə tarixi muzeyinə baxmışlar.

Sonra Ali Məhkəmədə Ukrayna Ali Məhkəməsi sədrinin müavini Valentin Barbaranın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olmuşdur.

Ali Məhkəmənin sədri Ramiz Rzayev Azərbaycan ilə Ukrayna xalqları arasında vahid ideya birliyi və həmrəyliyi ilə bağlı çoxsaylı nümunələrin mövcudluğunu qeyd etmişdir. Ukrayna ilə Azərbaycan prezidentlərinin qarşılıqlı səfərlərinin, ölkələrimiz arasında imzalanmış müqavilə və sazişlərin əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsi üçün böyük imkanlar açdığını diqqətə çatdırmışdır. Ali Məhkəmənin sədri Azərbaycan ilə dost Ukraynanın məhkəmə hüquq sistemləri arasında əlaqələrinin yeni mərhələyə qədəm qoyduğunu, əməkdaşlığın uğurla inkişaf edərək ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində genişlənəcəyini vurğulamışdır.

Respublikamızda məhkəmə hüquq sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyi qeyd edilmiş, bu islahatların Ali Məhkəmənin strukturunda və fəaliyyətində də əksini tapdığı vurğulanmışdır.

Ukrayna Ali Məhkəməsinin nümayəndə heyətinin Azərbaycana səfərinin məhkəmə orqanları arasında əməkdaşlığın daha da inkişaf etməsinə xidmət edəcəyinə əminlik ifadə olunmuşdur.

Valentin Barbara Ukrayna Ali Məhkəməsinin fəaliyyəti barədə danışmış, ölkələrimiz arasında qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını bildirmişdir. Bildirilmişdir ki, əməkdaşlığımız bundan sonra da davam etdiriləcəkdir.

Görüşdə hüquqi dövlət quruculuğu sahəsində aparılan islahatlar və məhkəmə təcrübəsi ilə bağlı geniş fikir mübadiləsi aparılmışdır.

Ukrayna Ali Məhkəməsi nümayəndə heyətinin Azərbaycana səfəri davam edir.

 

 

Azərbaycan.-2013.-10 aprel.-S.6.