Azərbaycan beynəlxalq antikorrupsiya mübarizəsində fəal iştirak edir

 

Respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsi və rəhbərliyi ilə korrupsiyaya qarşı qəti mübarizə tədbirləri həyata keçirilir və bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilir.

Azərbaycan dünyada korrupsiyaya qarşı mübarizə aparan qurumları birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) təşkilatçılarından biri kimi beynəlxalq antikorrupsiya əməkdaşlığına dəyərli töhfələr verir. Respublikamızın nümayəndəsi IAACA-nın vitse-prezidenti seçilərək qurumun işində fəal iştirak edir.

 Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nazir Fikrət Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti Hindistanda səfərdədir.

F.Məmmədov IAACA-nın vitse-prezidenti kimi aprelin 8-dən 10-dək Assosiasiyanın İcraiyyə Komitəsinin Nyu Dehlidə təşkil olunmuş iclasında iştirak etmişdir.

Tədbiri Hindistanın dövlət naziri V.Narayanasami açdıqdan sonra IAACA-nın prezidenti, Çinin baş prokuroru Çao Cianminq çıxış etmişdir.

İclasda korrupsiyaya qarşı beynəlxalq əməkdaşlığın və bu sosial bəla ilə qlobal səviyyədə mübarizənin gücləndirilməsi, antikorrupsiya orqanlarının fəaliyyətinin daha mükəmməl əlaqələndirilməsi üçün təsirli mexanizmlərin tətbiqi, bu sahədə çevikliyin təmin olunması və digər aktual məsələlər müzakirə edilmişdir. Həmçinin Assosiasiyanın fəaliyyətinin səmərəliliyinin artırılması üzrə tədbirlərə, o cümlədən ölkəmizin ekspertlərinin iştirakı ilə hazırlanmış IAACA-nın Strateji Proqramına baxılmışdır.

IAACA-nın vitse-prezidenti kimi Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov mühüm təşkilati məsələlərə dair əsas məruzəçi qismində çıxış etmişdir.

 İclasda konkret təkliflər irəli sürülmüş və müvafiq qərarlar qəbul olunmuşdur.

Yığıncaq çərçivəsində Hindistanın dövlət naziri V.Narayanasami, bu ölkənin əsas antikorrupsiya orqanı olan Mərkəzi Sayıqlıq Komissiyanın sədri P.Kumar, bir sıra digər dövlətlərin ədliyyə, prokurorluq və s. hüquq-mühafizə orqanlarının rəhbərləri ilə işgüzar görüşlər keçirilmişdir.

Görüşlərdə ölkəmizdə qətiyyətlə həyata keçirilən antikorrupsiya tədbirləri barədə ətraflı məlumat verilmiş, əməkdaşlığa dair faydalı fikir və təcrübə mübadiləsi aparılmışdır.

Çinin baş prokuroru, IAACA-nın prezidenti Ç.Cianminq ilə görüşdə iki ölkə arasında əlaqələrin ardıcıl inkişafı, hüquqi əməkdaşlığın genişləndirilməsi vurğulanmışdır.

Çinin baş prokuroru dövlətimizin korrupsiya ilə mübarizəyə, bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlığa mühüm əhəmiyyət verməsini yüksək qiymətləndirərək Azərbaycanın IAACA-nın inkişafına göstərdiyi dəstəyi və dəyərli töhfələrini xüsusi qeyd etmişdir.

Həmçinin Çinin baş prokurorunun yaxın günlərdə ölkəmizə gözlənilən səfəri ilə bağlı məsələlər müzakirə olunmuşdur.

 

 

Azərbaycan.- 2013.- 11 aprel.- S. 6.