Əməkdaşlıq memorandumu imzalanmışdır

 

Aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Dövlət Sosial Müdafiə Fondu arasında əməkdaşlığa dair memorandum imzalanmışdır.

AzərTAc xəbər verir ki, bu münasibətlə keçirilən tədbiri açan akademiyanın rektoru akademik Urxan Ələkbərov Prezident İlham Əliyevin elm və təhsilin inkişafına, sosial innovasiyaların geniş tətbiqinə, sosial xidmət sferasında fəaliyyət göstərən dövlət qurumlarının fəaliyyətinin şəffaf və səmərəli olmasına xüsusi önəm verdiyini vurğulamışdır.

U.Ələkbərov memorandumun qarşılıqlı əməkdaşlığın genişlənməsinə, akademiyada təhsil alan, dövlət idarəçilik sahəsində ixtisaslaşan gənclərin təcrübi fəaliyyətləri üçün daha bir imkan əldə olunacağına inamını ifadə etmişdir.

Daha sonra çıxış edən Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov əhalinin sosial müdafiəsinin daim dövlətin diqqət mərkəzində saxlanıldığını vurğulamış, bu istiqamətdə uğurlu institusional islahatların təmin edilməsi istiqamətində görülən işlərdən danışmışdır.

S.Müslümov dövlətin sosial sığorta və əmək pensiyası siyasətinin istiqamətlərinə dair təkliflərin hazırlanması və ümumiyyətlə, bu siyasətin idarə edilməsində elmi yanaşmanın təmin edilməsi və təcrübə mübadiləsi sahəsində Dövlət İdarəçilik Akademiyası ilə əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bildirmişdir.

Sonda əməkdaşlıq memorandumu imzalanmışdır. Sənədi Urxan Ələkbərov və Səlim Müslümov imzalamışlar. Əməkdaşlıq memorandumu tərəflər arasında birgə layihələrin, konfransların, ixtisasartırma kurslarının və müzakirələrin keçirilməsi, müxtəlif elmi tədqiqatların aparılması, analitik materialların hazırlanması və təcrübi-praktikanı əhatə edir.

 

 

Azərbaycan.- 2013.- 10 aprel.- S. 4.