İstanbulda II Dünya Türk Forumu keçirilir

 

Türk Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) təşkilatçılığı ilə İstanbuldakı "Titanik" hotelində II Dünya Türk Forumu öz işinə başlamışdır.

"Türk diasporu və qlobal türk siyasəti" mövzusunda keçirilən forumda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və türk muxtariyyətlərindən dəvət olunmuş alimlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri, siyasi şərhçilər və media təmsilçiləri 12 bölmə iclasında "Türk dünyası və Türk Şurasının 2023 hədəfi", "Türk dövlətlərinin müstəqilliklərinin 30-cu ilinə yönəlik planları", "Türkiyə və müstəqil türk respublikalarının münasibətlərinin hazırkı vəziyyəti və yeni arayışlar" kimi məsələlər müzakirə olunur.

Forumun açılışında çıxış edən TASAM-ın sədri Süleyman Şensoy, Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı türk dünyası ölkələri və xalqları arasında əməkdaşlığın, diasporların həmrəyliyinin gücləndirilməsi sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən bəhs etmişlər.

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Valeh Hacıyev və millət vəkili Qənirə Paşayeva dövlətimizin başçısı İlham Əliyevin diaspor təşkilatlarının fəaliyyətinə göstərdiyi qayğı və diqqətdən, son illər Azərbaycanın dünyanın müxtəlif ölkələrindəki diaspor təşkilatlarının türk həmkarları ilə birgə səylərindən ətraflı bəhs etmişlər. Onlar vurğulamışlar ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə son qoymaq, qondarma "erməni soyqırımı" təbliğatını ifşa etmək, türk dünyasının digər problemlərini həll etmək üçün diaspor təşkilatları birgə fəaliyyətlərini gücləndirməlidir.

Türkiyəli millət vəkili Sinan Oğan çıxışında bildirmişdir ki, 250 milyonluq türk dünyası ciddi bir gücdür və Türkiyə türkdilli ölkələr və türk toplumları ilə əməkdaşlığı daha da gücləndirməlidir. Bu gün Azərbaycan Türkiyədə ən böyük sərmayəçidir, Qazaxıstan da bu sahədə mühüm addımlar atmışdır. 

ABŞ, Avropa və Asiyadan gəlmiş diaspor nümayəndələri, türk dünyasının görkəmli simaları - Azərbaycandan xalq yazıcısı Anar, Qazaxıstandan Oljas Süleymenov və digərləri forumda iştirak edirlər. Forum aprelin 5-də öz işini davam etdirəcəkdir.

 

 

Azərbaycan.-2013.- 5 aprel.- S.3.