Kanada parlament nümayəndə heyəti azərbaycanlı qaçqın və məcburi köçkünlər üçün yaradılmış şəraitlə tanış olmuşdur

 

Azərbaycanda səfərdə olan Kanada parlamenti İcmalar Palatası sədrinin müavini Barri Devolinin başçılıq etdiyi nümayəndə heyəti aprelin 4-də Bakı şəhərinin Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində 1440 məcburi köçkün ailəsi üçün yeni salınmış məhəllədə olmuşdur.

AzərTAc xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov məlumat vermişdir ki, qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqları əsasında ölkənin ayrı-ayrı şəhər və rayonlarında 78 müasir qəsəbə salınmış, 140 mindən çox soydaşımız yeni evlərə köçürülmüş, təhsil, səhiyyə, rabitə və mədəniyyət ocaqları tikilmiş, müvafiq infrastruktur yaradılmışdır. Hazırda qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir, yeni binalar tikilir, məhəllələr salınır.

Məhəllə ilə tanış olan qonaqların diqqətinə çatdırılmışdır ki, buradakı 1440 mənzildən 211-i birotaqlı, 659-u ikiotaqlı, 429-u üçotaqlı, 141-i isə dördotaqlıdır. Ərazidə klub-icma mərkəzi, inzibati bina, təcili yardım stansiyası, poçt şöbəsi və iki çıxışlı yanğınsöndürmə deposu da tikilmişdir. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən tikilən məhəllə Azərbaycan Respublikasının Dövlət Neft Fondundan ayrılan 127,5 milyon manat vəsait hesabına inşa olunmuşdur.

Ağdam rayonundan olan məcburi köçkün Həvva Hacıyevanın evində olan qonaqlar çay süfrəsinə qonaq edilmişlər. Qonaqlar ailənin problemləri ilə yaxından tanış olmuş, dünya ictimaiyyətini münaqişə və məcburi köçkünlərin vəziyyəti ilə bağlı məlumatlandıracaqlarına söz vermişlər.

Öz doğma yurd-yuvalarına dönmək arzusunda olduqlarını dilə gətirən məcburi köçkün ailəsinin üzvləri onlar üçün yaradılmış şəraitə görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.

Kanadalı qonaqlar ev sahibinə xatirə hədiyyəsi təqdim etmişlər.

Daha sonra Kanada parlament nümayəndə heyəti məhəllədə inşa edilmiş 140 yerlik uşaq bağçası ilə də tanış olmuşdur. Bildirilmişdir ki, zəruri avadanlıqla təchiz olunan bağçada balacaların təlim-tərbiyəsi üçün bütün tələblər nəzərə alınmışdır.

Məhəllədə tikilən 1300 şagird yerlik Ağdam rayon 33 nömrəli tam orta məktəblə tanış olan qonaqların diqqətinə çatdırılmışdır ki, müasir təlim avadanlığı ilə diqqəti cəlb edən bu təhsil ocağında təlim-tədris üçün hər cür şərait yaradılmışdır. Bu, bir daha təsdiqləyir ki, zəngin təbii sərvətləri ilə məşhur olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini əsas amil seçmişdir. Azərbaycan Prezidentinin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı bu vacib amilin son vaxtlar dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edildiyini təsdiqləyir.

Kanadalı qonaqlar Azərbaycanda qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirmişlər.

 

 

Azərbaycan.-2013.- 5 aprel.- S.5.