Azərbaycan beynəlxalq və regional əməkdaşlıq sahəsində ararıcı rola malik dövlətdir

 

Dünya İqtisadi Forumunun (Davos Forumu) Bakıda keçirilməsi bunu bir daha təsdiqlədi

 

Azərbaycanın ildən-ilə artan iqtisadi qüdrəti ölkəmizə olan marağı yüksəltməklə yanaşı, beynəlxalq və regional əməkdaşlıq sahəsində bundan sonra da respublikamızın ararıcı rola malik olacağını deməyə əsas verir. Bakıda "Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq" mövzusunda Dünya İqtisadi Forumunun (Davos Forumu) keçirilməsi də ölkəmizin dünya miqyasında nüfuzunun yüksəldiyini və iqtisadi potensialının gücləndiyini sübuta yetirdi.

Forumun Bakıda keçirilməsi barədə razılıq yanvarın 23-də Prezident İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvab ilə görüşü zamanı əldə edilmişdi. Belə bir mötəbər tədbirin ölkəmizdə keçirilməsi dünyanın diqqətini növbəti dəfə Azərbaycana yönəltdi. Son illərdə beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edən Bakı Dünya İqtisadi Forumunun iştirakçılarını da qəbul etdi. Dünyanın iqtisadi vəziyyətini proqnozlaşdıran tanınmış iqtisadçılar, ekspertlər, dövlət və hökumət nümayəndələrinin bir araya gələrək bəşəriyyəti narahat edən mühüm iqtisadi məsələlərin müzakirəsi üçün mərkəz kimi Bakını seçmələrinin son dərəcə mühüm əhəmiyyəti vardı.

Prezident İlham Əliyev forum çərçivəsində Albaniya Respublikasının Baş naziri Sali Berişani ilə görüşmüşdür. Görüşdə Azərbaycan ilə Albaniya arasında əlaqələrin siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə inkişafının perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparıldı. Dövlət başçısının Litvanın Baş naziri Alqirdas Butkeviçiusu ilə görüşü zamanı son illər ölkələrimiz arasında ticarət dövriyyəsinin dinamik şəkildə artdığı qeyd edildi. Sərmayə qoyuluşu, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olundu. Forum çərçivəsində ölkə başçısı "Statoil" şirkətinin baş icraçı direktoru Helge Lundu ilə də görüşdü. Azərbaycan Respublikası ilə Dövlət Neft Şirkəti arasında əməkdaşlığın perspektivləri müzakirə predmeti oldu.

İqtisadi sahədə keçid dövrünü başa vuran Azərbaycan bu gün dünyada özünəməxsus milli inkişaf modeli ilə tanınır. Bu modelin üstün cəhətləri ilə bağlı beynəlxalq maliyyə qurumlarında geniş müzakirələr, təhlillər aparılır. Respublikamız son illərdə bütün investisiya layihələrini daxili resursları hesabına reallaşdırmaqla yanaşı, regionda sərmayədar dövlət kimi çıxış edir, Ukrayna, Gürcüstan, Moldova, İçveçrə, Rusiya və digər dövlətlərin iqtisadiyyatına sərmayə qoyur. Bütün bunlar həm də respublikamızın inkişaf etməkdə olan ölkədən inkişaf etmiş ölkəyə çevrilmək əzmini nümayiş etdirir. Əslində, Azərbaycan bu gün adambaşına düşən 7000 dollarlıq milli gəlirlə orta inkişaf etmiş ölkələr qrupunda yer alır.

Dövlət başçısı ölkədə makroiqtisadi inkişafı təmin etməklə yanaşı, Azərbaycan üçün bir sıra taleyüklü məsələlərin yoluna qoyulmasına da nail olmuşdur. Ümummilli liderin yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri istismara verilmiş, vaxtilə bir çoxlarına əfsanə kimi görünən bu layihələr reallığa çevrilərək Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına daşınmasını təmin etmişdir. Azərbaycanın bu gün Avropanın enerji təhlükəsizliyi sisteminin əsas təminatçısı qismində çıxış etməsi danılmaz faktdır.

Prezident İlham Əliyev forumun açılış mərasimində bildirmişdi: "Əgər Azərbaycanın iqtisadi inkişafına nəzər yetirsəniz görərsiniz ki, iqtisadiyyatımız son 10 ildə dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biri olmuşdur. Ümumi daxili məhsul 3 dəfə - 300 faiz, sənaye istehsalı 2,5 dəfə artmışdır. Biz işsizliyi azalda bilmişik, hazırda işsizliyin səviyyəsi 5,2 faizdir. On il əvvəl əhalimizin, demək olar ki, yarısı yoxsulluq şəraitində yaşayırdı. Hazırda yoxsulluq səviyyəsi 6 faiz təşkil edir. Büdcə xərcləri, demək olar ki, 20 dəfə artıb və inflyasiya isə təxminən 1 faiz səviyyəsindədir. Bu, son 10 il ərzində müşahidə olunan inkişafdır.

Biz də əslində nailiyyətlərimizi Dünya İqtisadi Forumunun verdiyi qiymətdə görməkdən çox şadıq. Çünki Dünya İqtisadi Forumu iqtisadiyyatın rəqabətədavamlılığı baxımından Azərbaycanı 46-cı yerdə qərarlaşdırmışdır və bu sahədə ölkəmiz ardıcıl olaraq dördüncü ildir ki, MDB məkanında birinci yerdədir. Hətta iqtisadi və maliyyə böhranı zamanı iqtisadiyyatımız artmaqda davam etmişdir. Neftin qiymətləri kəskin surətdə aşağı düşdüyü zaman iqtisadiyyatımız yenə də inkişafını davam etdirmişdir. Çünki qeyri-enerji sektorumuz yaxşı nəticələr verməyə başladı. "Fitch", "Standard & Poor's", "Moody's" kimi əsas kredit reytinqi təşkilatları Azərbaycanın kredit reytinqini bu yaxınlarda yaxşılaşdırmışlar. Bu da islahatların yaxşı göstəricisidir".

Azərbaycanın iqtisadi inkişaf dinamikası əvvəlcə resurslara əsaslanırdısa, hazırda iqtisadi şaxələndirmənin nəticəsi olaraq qeyri-neft sektoru üstün artım tempinə malikdir. Bəzən ölkəmiz dünya iqtisadiyyatında yeni təmayülləri hətta Avropa ölkələrini qabaqlamaqla mənimsəyir. Məsələn, Azərbaycan resursla zəngin olan ölkələr sırasında enerji səmərəliliyi sahəsində ən yüksək nailiyyət qazanmış və Şərqi Avropada "yaşıl iqtisadiyyat"ın tədqiqini aparan ilk ölkə olmuşdur.

Azərbaycanın neftlə yanaşı, böyük qaz hasilatçısı ölkəsinə çevrilməsi yeni ixrac imkanlarının artmasına və buna müvafiq olaraq daha irimiqyaslı layihələri reallaşdırmağa imkan yaradır. Xəzərin zəngin karbohidrogen ehtiyatlarının daha böyük həcmdə dünya bazarlarına çıxarılması ölkəmizin iqtisadi potensialını gücləndirməklə qarşıda yeni perspektivlərə yol açır.

Prezident İlham Əliyev Azərbaycanın müasir dövlətə çevrilməsini və tam müstəqil siyasət yürütməsini milli ideyanın başlıca hədəfi kimi müəyyənləşdirmişdir. İqtisadi məsələlərə xüsusi diqqətin ayrılması da əsaslı yanaşma olaraq dövlət müstəqilliyinin iqtisadi bazisini möhkəmlətmək, cəmiyyətin davamlı inkişafı üçün zəmin hazırlamaq məqsədindən irəli gəlmişdir. Ötən illərdə respublika iqtisadiyyatında islahatlar kursu inamla davam etdirilmiş, xüsusən də regional inkişafa, qeyri-neft sektorunun yüksəlişinə, infrastrukturun müasirləşdirilməsinə, neft amilindən asılılığın azaldılmasına, sahibkarlığın inkişafına və güclü insan kapitalının formalaşdırılmasına xidmət edən mühüm addımlar atılmışdır.

Prezident İlham Əliyev ötən 10 illik fəaliyyəti dövründə məhz ölkə üçün taleyüklü, strateji əhəmiyyətli hadisələrin müəllifinə çevrilmiş, onun ardıcıl və sistemli surətdə həyata keçirdiyi islahatlar cəmiyyətin mənəvi yüksəlişinə və birliyinə xidmət etmişdir. 2003-2012-ci illərdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar cənab İlham Əliyevin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, reallığa adekvat olduğunu göstərmişdir.

Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2004-cü il tarixli "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı", habelə 14 aprel 2009-cu il tarixli "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın həyata keçirilməsi Azərbaycanın qeyri-neft sektorunda mühüm nəticələrin əldə olunmasına gətirib çıxarıb. Bu və digər inkişaf proqramları nəticəsində paytaxtla yanaşı, bölgələrin də siması dəyişmiş, sahibkarlığın inkişafı, yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması, yeni yerlərinin açılması naminə sistemli addımlar atılmışdır. Regionların inkişafına xidmət edən kompleks tədbirlərin davamlı səciyyə daşıması isə tamamilə təbiidir: inkişaf etmiş dövlətlərin təcrübəsi sübut edir ki, iqtisadiyyatın sabit tempini qorumaq üçün regional inkişafda tarazlığın, tarixi məşğulluq ənənələrinin saxlanılması vacib şərtlərdəndir. Dövlət başçısı İlham Əliyevin son 10 illik iqtisadi siyasətində regional inkişaf məsələlərinə xüsusi diqqət yetirilməsi, bölgələrin tərəqqisinə yönəlmiş dövlət proqramlarının, fərman və sərəncamların imzalanması məhz bu reallığa əsaslanır.

Prezident İlham Əliyevin ötən 10 illik fəaliyyətinin təhlili göstərir ki, bu müddətdə iqtisadi inkişaf strategiyası uğurla davam etdirilmiş, zəruri hallarda məhz onun təşəbbüsü ilə dövrün tələblərinə uyğun olaraq keyfiyyət dəyişikliklərini özündə əks etdirmişdir. Əldə olunan uğurların beynəlxalq təşkilatların hesabatlarında əksini tapması bu siyasətə alternativin olmadığını bir daha sübuta yetirir.

 

 

Elnur HACALIYEV

 

Azərbaycan.-2013.- 13 aprel.- S.6.