Azərbaycan və Polşa Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilmişdir

 

Aprelin 12-də Bakıda Azərbaycanın və Polşanın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilmişdir.

Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov, Polşa nümayəndə heyətinə isə bu ölkənin xarici işlər nazirinin müavini xanım Katarjına Pelçınska-Nalenç başçılıq etmişdir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan-Polşa münasibətlərinin səviyyəsindən məmnunluq ifadə edən Xələf Xələfov ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu bildirmişdir. Qeyd edilmişdir ki, Polşa nümayəndə heyətinin səfəri ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsinə təkan verəcəkdir. Xələf Xələfov həmçinin Azərbaycan-Polşa əməkdaşlığının inkişaf dinamikasının mövcud potensiala cavab vermədiyini də diqqətə çatdırmışdır.

Katarjına Pelçınska-Nalenç ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsində qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulamışdır. Azərbaycanın sürətlə inkişaf etdiyini söyləyən qonaq Polşanın ölkəmizlə enerji, iqtisadi, təhsil və digər sahələrdə əməkdaşlığın dərinləşməsində maraqlı olduğunu bildirmişdir.

Xələf Xələfov Azərbaycan-Polşa münasibətlərinin tarixi kökə malik olduğunu qeyd etmişdir. O vurğulamışdır ki, bu tarix iki ölkə arasındakı münasibətlərin daha da möhkəmləndirilməsi üçün olduqca vacib bünövrədir. Azərbaycanın Polşa ilə enerji, kənd təsərrüfatı, turizm, sənaye və bir sıra digər sahələrdə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdıran Xələf Xələfov bunun üçün iradənin və bütün lazımi şəraitin mövcudluğunu diqqətə çatdırmışdır.

Azərbaycanın xarici işlər nazirinin müavini ölkəmizin Avropa İttifaqı üçün mühüm tərəfdaş olduğunu bildirmiş və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində respublikamızın oynadığı müstəsna roldan danışmışdır.

Regionda davamlı inkişafın təmin edilməsi üçün Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsinin vacibliyini vurğulayan Xələf Xələfov rəsmi Yerevanın münaqişənin həlli istiqamətində konkret addımların atılması üçün lazımi iradə göstərmədiyini diqqətə çatdırmışdır. Bu baxımdan Avropa dövlətləri tərəfindən Ermənistana təzyiqlərin artırılmasının, işğal edilmiş torpaqların azad olunması üçün konkret addımların atılmasının vacibliyi qeyd edilmişdir.

Katarjına Pelçınska-Nalenç qeyd etmişdir ki, Polşa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarıdır.

Görüşdə həmçinin qarşılıqlı maraq kəsb edən digər beynəlxalq və ikitərəfli məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.-2013.- 13 aprel.- S.7.