Bakıda alman fotoqrafı Helqa Parisin fotosərgisi

 

Bakıdakı Müasir İncəsənət Muzeyində bu muzeyin, Almaniyanın Azərbaycandakı səfirliyinin, həmin ölkənin Xarici Əlaqələr və Höte institutlarının birgə təşkilatçılığı ilə tanınmış alman fotoqrafı Helqa Parisin fotosərgisinin açılış mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbiri giriş sözü ilə açan "YARAT!" Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova təqdim olunan  sərginin əhəmiyyətindən söz açmışdır.

Tədbirdə əməkdar rəssam, Beynəlxalq Muzeylər Şurasının və müasir incəsənət kolleksiyası "SİMAM"ın üzvü, Höte İnstitutunun Azərbaycandakı mədəni layihələr üzrə nümayəndəsi Səbinə Şıxlinskaya alman mədəniyyətini əks etdirən sərginin Almaniyanın Xarici Əlaqələr İnstitutunun dəstəyi ilə bütün dünyanı gəzərək gözəl işlər nümayiş etdirdiyini vurğulamışdır.

Sərginin keçirildiyi məkanın önəmli olduğunu xüsusi vurğulayan S.Şıxlinskaya bu fotosərgidə nümayiş etdirilən əsərlərin Müasir İncəsənət Muzeyində təqdim edilən əsərlərlə mədəni dialoq yaratdığını da söyləmişdir.

Sonra Almaniyanın Azərbaycandakı səfirinin müavini Volfqanq Mössinger və Almaniyanın Xarici Əlaqələr İnstitutunun nümayəndəsi Lutz Birkholz çıxış edərək sərginin keçirilməsinə göstərdikləri dəstəyə görə Heydər Əliyev Fonduna və Müasir İncəsənət Muzeyinə minnətdarlıqlarını bildirmişlər. Onlar həmçinin fotoqraf Helqa Parisin həyat və yaradıcılığından söz açmışlar.

Bildirilmişdir ki, 1938-ci ildə Pomeraniya vilayətinin Qollnov şəhərində anadan olmuş tanınmış fotoqraf 1956-1960-cı illərdə Berlində Moda və Geyim Texnikumunda təhsil almış, eyni zamanda,  kostyum dizaynı tarixindən mühazirələr oxumuş, rəsm və foto laboratoriyasında əlaqələndirici şəxs kimi çalışmışdır. 1967-ci ildə fotoqrafiya sahəsində bacarıqların təkmilləşdirilməsi üzrə azad fəaliyyətlə məşğul olmuşdur. 1972-1990-cı illərdə keçmiş Almaniya Demokratik Respublikasının Təsviri İncəsənət Assosiasiyasının üzvü olmuşdur. 1996-cı ildən Berlin İncəsənət Akademiyasının üzvüdür.

Qeyd edilmişdir ki, hazırda Berlin şəhərində yaşayan Helqa Parisin işləri Almaniyanın fotoşəkillər aləmində mühüm yer tutur. Otuz ildən artıq müddətdə yaradılmış, ayrıca və seriyalarla çəkilmiş Almaniya tarixinin təzahürü olan fotoşəkillərin sayı rekord təşkil edir. Helqa Paris mehriban, eyni zamanda, sərt baxışı ilə İkinci Dünya müharibəsindən sonra - 1949-cu ildə əməkçi və kəndli dövləti kimi yaradılmış, sonralar "Soyuq müharibə" nəticəsində parçalanmış, 1989-cu ildə isə yenidən birləşmiş Almaniyanın şərqində yaşanan həyatı əks etdirmişdir.

Gündəlik həyatda yaranan münasibətləri, sadə və bəzən bayağı anları sezib əks etdirmək Helqa Parisin maraq dairəsindədir. Hadisələrin və tarixlərin ifadə edilməsində insan hekayələrini, təcrübələrini və müxtəlif hallarda davranışlarını təzahür etdirən vasitələr kimi bədən pozaları, baxışlar, mimika, jestlər, hərəkətlər, səthlərin fakturasına müraciət olunur. O, unudulmuş və baxımsız küçələri, dağılan evləri, eyni zamanda, kafelərdə istirahət edənləri, oynayan uşaqları, insanların və əşyaların xüsusi incəliklərini eyni məharətlə göstərmişdir.

Mayın 3-dək davam edəcək sərgidə 140 əsər nümayiş etdirilir.

 

 

Azərbaycan.-2013.- 14 aprel.- S.6.