Azərbaycan müəyyən etdiyi hədəflərə uğurla çatır

 

Regionların sosial-iqtisadi inkişafına yönəldilən ikinci Dövlət Proqramının təsdiq edildiyi gündən 4 il keçir

 

Dörd il əvvəl Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında fərman imzalamışdır. Bu, regionların inkişafına yönəldilən ikinci Dövlət Proqramı idi. Birinci proqram isə 2004-2008-ci illəri əhatə etmişdi.

Birinci Dövlət Proqramında və "Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı"nda, bu istiqamətdə qəbul edilmiş digər sənədlərdə nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası inkişafın keyfiyyətcə yeni mərhələsinin başlanğıcını qoymuşdu. Belə ki, onlar qeyri-neft sektorunun davamlı inkişafına, yeni iş yerlərinin və müəssisələrin yaradılmasına, regionlarda kommunal, xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəlməsinə təkan vermişdi. Bununla yanaşı, sahibkarlıq mühiti daha da yaxşılaşmış, iqtisadiyyata investisiya qoyuluşları artmış, əhalinin məşğulluq səviyyəsi yüksəlmiş və yoxsulluğun səviyyəsi aşağı düşmüşdü.

2004-2008-ci illərdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 27,5 mindən çox yeni müəssisə yaradılmış, 547,5 min daimi yeni iş yeri açılmış, yoxsulluğun səviyyəsi 13,2 faizədək azalmışdı. Bu müddətdə ümumi daxili məhsulun real həcmi 2,6 dəfə, qeyri-neft sektorunda məhsul istehsalı 1,8 dəfə çoxalmış, iqtisadiyyatın bütün sahələrində dinamik artım müşahidə edilmiş, o cümlədən sənaye istehsalı 2,5 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 25,2 faiz, əhalinin gəlirləri 4 dəfə artmışdı.

Dövlət bu istiqamətdə işlərin davam etdirilməsini məqsədəuyğun saymışdır. Odur ki, Prezidentin 14 aprel 2009-cu il fərmanında deyilirdi: "Azərbaycan Respublikası regionlarının mövcud potensialından daha səmərəli istifadə etməklə yerlərdə sənaye sahələrinin və kənd təsərrüfatının inkişafını sürətləndirmək, bu işdə sahibkarlara dəstək olmaq, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaqla yoxsulluq probleminin həllinə nail olmaq və ölkəni iqtisadi cəhətdən hərtərəfli inkişaf etdirmək bu gün də dövlətin qarşısında duran əsas vəzifələrdəndir".

İkinci Dövlət Proqramı əsasən üç bölmə üzrə tərtib olunmuşdur. Bunlardan birincisi ölkə əhəmiyyətli, ikincisi Bakı şəhərinin rayon və qəsəbələrini əhatə edən, üçüncüsü isə Azərbaycanın iqtisadi rayonları üzrə görüləcək tədbirlərdir. Regionlarda həyata keçiriləcək işlər Abşeron, Aran, Dağlıq Şirvan, Gəncə-Qazax, Quba-Xaçmaz, Lənkəran, Naxçıvan, Kəlbəcər-Laçın, Şəki-Zaqatala, Yuxarı Qarabağ iqtisadi rayonları üzrə müəyyənləşdirilmişdir.

Ötən dövr ərzində ölkənin sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən tədbirlər, gerçəkləşdirilən layihələr bu möhtəşəm proqramın necə yerinə yetirildiyinə aydın sübutdur. Bu il fevralın 12-də Bakı Biznes Mərkəzində Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirilmişdir. Burada qazanılmış nailiyyətlərdən danışılmış, qarşıda duran işlər müəyyənləşdirilmiş və mövcud problemlər çözülmüşdür.

Dövlət başçısı birinci Dövlət Proqramının qəbulundan keçən 9 il ərzində ölkədə sosial-iqtisadi inkişafı təmin etmək üçün görülən işlərə və əldə olunan  nailiyyətlərə toxunaraq demişdir: "Bütövlükdə əgər 2004-cü ildən bu günə qədər keçən dövrü təhlil etsək, görərik ki, biz bütün işləri ardıcıllıqla aparmışıq və aparırıq. Ölkədə gedən proseslər müsbət istiqamətdə inkişaf edir. Bu fikri təsdiqləyən statistik rəqəmlər də vardır. Son 9 il ərzində ölkə iqtisadiyyatı üç dəfədən çox artmışdır. Hesab edirəm ki, bu, dünya miqyasında analoqu olmayan göstəricidir. Sənaye istehsalı təxminən üç dəfə artmışdır, ölkə iqtisadiyyatına təxminən 130 milyard dollar sərmayə qoyulmuşdur və keçən il sərmayə qoyuluşu rekord həddə çatmışdır - 22 milyard dollardan çox. Onlardan 13 milyardı yerli investisiyalar olmuşdur".

Azərbaycan iqtisadiyyatı ulu öndər Heydər Əliyevin yaratdığı möhkəm zəmin üzərində inkişaf edir. İndi böyük vüsət alan və uğur qazanan islahatlara  hələ 1990-cı illərin ortalarında başlanmışdır. O dövrdə ümummilli lider əsaslı, köklü və radikal iqtisadi islahatlara xeyir-dua vermiş və onların reallaşmasına rəhbərlik etmişdir. Ölkəyə xarici investisiyalar cəlb olunmuşdur. Ulu öndər tərəfindən əsası qoyulmuş və bu gün də uğurla icra edilən yeni neft strategiyası böyük nailiyyətlərin zəminini yaratmışdır. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasında da neft strategiyası böyük rol oynamışdır. Belə ki, onun sayəsində imkanlarımız artmış və maliyyə vəziyyətimiz yaxşılaşmışdır.

Son 9 ildə Azərbaycanın strateji valyuta ehtiyatları 28,8 dəfə artaraq 46 milyard dolları ötüb. Yoxsulluğun səviyyəsi 44,7 faizdən 6 faizə, işsizlik isə 5,2 faizə qədər azalıb. 2003-2012-ci illərdə Azərbaycan iqtisadiyyatına yönəldilən 128,3 milyard dollar investisiyadan 65,7 milyard dollarını daxili investisiyalar təşkil edib.

Enerji, nəqliyyat təhlükəsizliyi məsələlərində böyük uğurlar əldə olunub. Son illərdə ərzaq təhlükəsizliyi məsələsi gündəmdədir. Nəqliyyat və enerji sahəsində irəli sürülən təşəbbüslər və həyata keçirilən layihələr təkcə ölkəmizin deyil, bölgənin və qitənin maraqlarını təmin edir. Azərbaycan bu sahələrdə əvəzolunmaz tərəfdaşa çevrilib. Avropa ölkələrinin bəzilərinin enerji balansında Azərbaycan neftinin payı 30-40 faizə çatır. Bu isə o deməkdir ki, Azərbaycan öz neft resursları ilə bir sıra ölkələrin enerji təhlükəsizliyini təmin edir. TANAP layihəsi isə Azərbaycan qazının Avropaya nəqlini təmin edəcək. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi başa çatdıqdan sonra yaranan daimi dəhliz bizim gücümüzü daha da artıracaq.

Ötən dövrdə sənayeləşmə siyasəti başlıca prioritetlərdən biri olub. Aqrar sektorun inkişafı daim diqqət mərkəzində saxlanılır. 2003-2012-ci illərdə aqrar sektor 1,4, heyvandarlıq məhsullarının istehsalı 3,4 dəfə artıb. Bu dövr ərzində turizm sürətlə inkişaf edib. Ölkəmizə gələn turistlərin sayı 3,3 dəfə çoxalıb.

Ölkədə həyata keçirilən infrastruktur layihələri də kifayət qədər çoxdur. İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqinə və bu sahənin inkişafına görə Azərbaycan öncül yerlərdədir. Bu yaxınlarda Azərbaycanın ilk telekommunikasiya peyki orbitə çıxarılıb.

Sahibkarlığın inkişafı ilə bağlı ciddi addımlar atılıb. Bölgələrdə gedən böyük quruculuq işləri, infrastruktur layihələri sahibkarlıq üçün münbit zəmin yaradıb. Belə ki, kənd bölgələrinə fasiləsiz elektrik enerjisinin verilməsi, yeni qaz xətlərinin çəkilməsi, yolların təmir edilməsi həmin ərazilərdə yeni müəssisələrin yaradılmasına təkan verib.

Sahibkarlığın inkişafı üçün verilən dövlət maliyyə dəstəyi də mühüm rol oynayır. Son illər ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara güzəştli kreditlərlə 1 milyard 200 milyon manat vəsait verilib. Təkcə keçən il bu fondun vəsaitləri hesabına 2419 sahibkarlıq subyekti güzəştli kreditlər alıb. Bu kreditlərin hesabına 9 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulub. Kreditlərin 83 faizi regionların payına düşüb.

Sosial həyatımızda baş verən yeniliklər də məqsədyönlü siyasət sayəsində mümkün olub. Başqa sözlə, ölkədə iqtisadi sahədə aparılan islahatlar güclü sosial siyasətlə tamamlanır. 2004-cü ildə orta əməkhaqqı təxminən 100 dollar səviyyəsində olduğu halda, bu gün 500 dollara çatıb. Orta pensiya on dəfə artaraq 20 dollardan 200 dollara yüksəlib.

Təkcə 2012-ci il ərzində ölkədə 120,4 min yeni, o cümlədən 95,7 min daimi iş yeri açılıb. İkinci Dövlət Proqramı çərçivəsində 2009-cu il yanvarın 1-dən bu il yanvarın 1-nə kimi 361,4 min, o cümlədən 275,3 min daimi iş yerləri yaradılıb.

Son 9 il ərzində 2500-ə yaxın məktəb, 500-dən çox yeni tibb müəssisəsi, 35 olimpiya idman kompleksi və digər obyektlər istifadəyə verilib.

 İnfrastruktur layihələri sırasında yolların tikintisi və təmiri xüsusi önəm daşıyır. Bir sıra magistral və kənd yolları artıq qaydaya salınıb. Bu istiqamətdə işlər davam edir.

Bütün bunlar adi rəqəmlər deyil. Onlar ölkənin sürətli inkişafını, insanların rifahının daha da yaxşılaşdığını, dünyada dövlətimizin reytinqinin yüksəldiyini səciyyələndirir. Təsadüfi deyil ki, dünyanın ən nüfuzlu "Standard & Poor's", "Fitch" və "Moody's" beynəlxalq agentliklərinin Cənubi Qafqazda investisiya reytinqinə layiq görülən ilk ölkə də məhz Azərbaycandır. "Qlobal Rəqabətlilik Hesabatı"nda ölkəmiz 144 ölkə arasında 46-cı, MDB məkanında isə ardıcıl olaraq dörd ildir ki, birinci yerdədir. Beynəlxalq imici durmadan yüksələn Azərbaycan "Yüksək insan inkişafı" və "Yuxarı orta gəlirli" ölkələr qrupuna daxildir.

Başqa sözlə desək, həm 2004-cü ildə, həm də 2009-cu ildə qəbul edilmiş dövlət proqramları ölkənin inkişafında böyük rol oynayıb. Onların sayəsində Azərbaycanın hərtərəfli, dayanıqlı, şaxələnmiş iqtisadiyyatı təmin edilib. İkinci proqram üçün nəzərdə tutulan vaxtın bitməsinə 9 ay qalır. Prezident İlham Əliyev qarşıya qoyulan vəzifələrin layiqincə başa çatdırılacağına inamını ifadə edərək demişdir: "Ölkədə gedən müsbət dəyişikliklər deməyə əsas verir ki, bu ilin sonuna qədər ikinci Dövlət Proqramının tam icrası təmin ediləcəkdir. Bu ilin sonuna qədər dövlət investisiya proqramında və regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapmalıdır".

 

 

Flora SADIQLI

 

Azərbaycan.-2013.- 14 aprel.- S.7.