Azərbaycan Dövlət İqtisad Universiteti ilə Slokaviyanın Sladkovicove Universiteti arasında elmi əməkdaşlıq haqqında müqavilə imzalanmışdır

 

Aprelin 15-də Slovakiyanın Vysoka Skola v Sladkovicove Universitetinin (VSS) rektoru və ölkə parlamentində elm, təhsil, gənclər və idman komitəsinin sədri, professor Moymir Mamoyka Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) olmuşdur.

ADİU-dan AzərTAc-a bildirmişlər ki, universitetin rektoru, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, professor Şəmsəddin Hacıyev rəhbərlik etdiyi ali təhsil ocağının fəaliyyəti, müəllim-tələbə heyəti, ixtisaslar və tədris prosesi, universitetdə son illərdə Bolonya sisteminin tətbiqi ilə əlaqədar aparılan islahatlar haqqında ətraflı məlumat vermişdir. Rektor ADİU rəhbərliyinin universitetin beynəlxalq əlaqələrinin və universitetlərarası ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişafına verdiyi prioritetlər haqqında danışmışdır.

Avropa ali təhsil məkanına inteqrasiyada maraqlı olan ADİU üçün Slovakiyanın ali təhsil müəssisələri ilə qarşılıqlı əməkdaşlıq münasibətlərinin genişləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyi xüsusi vurğulanmışdır.

Professor M.Mamoyka Sladkovicovo Universitetinin ADİU ilə təhsil əlaqələrinin qurulmasında maraqlı olduqlarını və bütün istiqamətlərdə - həm müəllim-tələbə mübadiləsi, həm də tədqiqat işləri sahəsində əməkdaşlıq qurmağa hazır olduqlarını qeyd etmişdir.

Görüşün nəticəsi olaraq universitetlər arasında elmi əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. Müqaviləyə əsasən VSS və ADİU birgə elmi və tədqiqat layihələri hazırlayacaq, ortaq elmi-praktiki konfrans, simpozium, seminar və "dəyirmi masa"lar təşkil edəcək, yeni dərslik və elmi ədəbiyyatlar nəşr edəcək, habelə pedaqoji heyətin ixtisasının artırılması məqsədi ilə qarşılıqlı mübadilə həyata keçirəcəklər.

Görüşdə Azərbaycanın Slovakiyadakı fəxri konsulu Cəlal Qasımov iştirak etmişdir.

 

 

Azərbaycan.-2013.- 16 aprel.- S.5.