Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın həyat və yaradıcılığından bəhs edən sərgi böyük maraqla izlənilmişdir

 

Suraxanı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasında görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 90 illik yubileyinə həsr edilmiş "dəyirmi masa" keçirilmiş və sərgi təşkil olunmuşdur.

Kitabxanadan AzərTAc-a bildirmişlər ki, tədbirdə Suraxanı rayonunun Bülbülə qəsəbəsindəki 24 nömrəli birləşmiş şəhər xəstəxanasının göz həkimi Rəna Qanbayeva akademik Zərifə xanım Əliyevanın elmi fəaliyyəti, onun oftalmologiyaya qiymətli töhfələri haqqında geniş məlumat vermişdir.

Tədbir iştirakçıları sərgidə görkəmli oftalmoloq alim, akademik  Zərifə Əliyevanın həyat və yaradıcılığından bəhs edən kitabları və dövri mətbuat nümunələrini böyük maraqla izləmişlər.

Sonda "dəyirmi masa" iştirakçılarına göz xəstəlikləri barədə dəyərli məsləhətlər verilmişdir.

 

 

Azərbaycan.-2013.- 16 aprel.- S.8.