Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilmişdir

 

"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin (İB) mərkəzi qərargahında İB-nin və Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilmişdir.

İB-dən AzərTAc-a bildirmişlər ki, əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin büstü önünə tər çiçəklər düzmüş, dahi şəxsiyyətin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Ümummilli liderin mənalı həyatı və çoxşaxəli fəaliyyəti ilə bağlı filmin nümayişindən sonra tədbiri açan İB-nin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov ulu öndərin respublikamıza rəhbərliyinin bütün dövrlərində milli-mənəvi dəyərlərimizin qorunması, mədəniyyətimizin inkişafındakı xidmətlərindən danışmışdır. Qeyd edilmişdir ki, Azərbaycanda 1993-cü ildə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev ölkəmizin dövlət müstəqilliyinin qorunub saxlanılmasında əvəzsiz rol oynamışdır.

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor İradə Hüseynova məruzə ilə çıxış edərək ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycan dövlətinin möhkəmlənməsi istiqamətində mühüm tədbirlər həyata keçirdiyini vurğulamışdır. Bildirilmişdir ki, görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyev bütün həyatını Azərbaycanın tərəqqisinə və çiçəklənməsinə, beynəlxalq aləmdə tanınmasına, dövlətçiliyimizin möhkəmlənməsinə, ölkəmizdə demokratik dövlət quruculuğuna həsr etmişdir.

İB-nin idarə heyətinin üzvü, deputat Elman Məmmədov, Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev, birliyin analitik-informasiya mərkəzinin müdiri Elçin Əhmədov ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtdıqdan sonra ölkəmizi inkişaf yoluna çıxarması, Azərbaycanın regionda və dünyada özünəməxsus yer tutması istiqamətində həyata keçirdiyi uğurlu xarici siyasətdən danışmışlar. Çıxış edənlər ulu öndərin uzaqgörən siyasi xəttinin onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində tezliklə torpaqlarımızın işğalçılardan azad olunacağına əminliklərini vurğulamışlar.

 

 

Azərbaycan.-2013.- 16 aprel.- S.10.