Modernləşmə kursu güclü iqtisadiyyata, demokratikləşməyə və yüksək sosial rifaha əsaslanır

 

Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev çoxsaylı elmi əsərlərində Azərbaycanın son 20 illik inkişaf yolunun nəzəri əsaslarını yaratmışdır

 

Siz uzun illərdir ki, dövlət qulluğunda fəaliyyət göstərirsiniz. 1970-80-ci illərdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işləmisiniz. Ulu öndərimiz müstəqil Azərbaycanın rəhbəri kimi fəaliyyətə başlayandan sonra onun ilk təyin etdiyi şəxslərdən biri də siz olmusunuz. O vaxtdan bu günə qədər - 15 il ərzində dövlət qulluğunda, Azərbaycanın dövlət quruculuğunda çox fəal iştirak etmisiniz və bu fəaliyyətinizi indi də davam etdirirsiniz. İctimai fəaliyyətiniz çox genişdir, elmi fəaliyyətiniz çox genişdir. Sizin çoxlu elmi əsərləriniz var. Fəlsəfi xarakter daşıyan, Azərbaycanın dövlət quruculuğu ilə, Azərbaycanın keçdiyi yolla və ölkəmizin hərtərəfli inkişafı ilə bağlı çox geniş nəzəri baxışlarınız var, əsərləriniz var.

Mən sizin fəaliyyətinizi yüksək qiymətləndirirəm. Prezidentin İcra Aparatının rəhbəri kimi siz ölkəmiz üçün çox vacib funksiyanı icra edirsiniz. Bütün bu amilləri nəzərə alaraq dövlət qulluğunda, dövlət quruculuğu prosesində fəal işlərinizə görə mən sizi Azərbaycan dövlətinin yüksək mükafatı, yüksək ordeni - "İstiqlal" ordeni ilə təltif etmişəm.

Ramiz müəllim, mən sizə bundan sonra da uzun-uzun illər cansağlığı arzulayıram, fəal işlər arzulayıram. Siz çox fəal insansınız. Çünki gecə-gündüz işləyirsiniz, çox enerjilisiniz. Mən arzu edirəm ki, gələcəkdə də, uzun-uzun illər ərzində belə qalasınız və biz birlikdə bundan sonra da çox böyük işlər görək.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il aprelin 17-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə dövlət qulluğunda və dövlət quruculuğu işlərində xidmətlərinə görə təltif olunduğu "İstiqlal" ordenini təqdim edərkən çıxışından

 

Müstəqil Azərbaycanın yeni inkişaf mərhələsinin əsas tələbi qarşıda duran məqsədlərin yüksək səviyyəli, çoxşaxəli olması, zamanın çağırışlarına cavab verməsi ilə bağlıdır. Bu məqsədlərə nail olmaq üçün ciddi elmi əsaslara söykənən müasir idarəetmə üsullarının tətbiqi, eləcə də strateji yanaşmaların daha uzunmüddətli dövrü əhatə etməsi zərurəti yaranır. Ölkənin yaxın gələcək üçün inkişaf prioritetlərinin müəyyənləşdirilməsi, keçilən yolun nəzəri və praktiki prizmadan araşdırılması zərurəti həm də onunla şərtlənir ki, respublikamız keçid dövründən modernləşmə mərhələsinə uğurla transformasiya edir.

Bu mərhələdə Azərbaycanda milli demokratik keçid prosesinin mahiyyətini məhz iqtisadi firavanlıq müəyyənləşdirir. Son illərdə demokratik cəmiyyətin təməl prinsiplərindən biri kimi respublikada fərdiyyətçiliyə əsaslanan iqtisadi münasibətlər sistemi təşəkkül tapmış, xüsusi mülkiyyət formaları genişlənmiş, ictimai münasibətlər sistemində antoqonizmi aradan qaldıran, sabitliyin təminatçısı olan orta sahibkarlar sinfinin mövqeləri möhkəmlənmişdir.

BMT-nin təsnifatına əsasən, ümumi daxili məhsul istehsalının həcminə görə "Yuxarı inkişaf etmiş ölkələr" qrupuna daxil olan Azərbaycan bu gün özünün milli inkişaf modeli ilə "Asiya pələngi" adlandırılan, dünya iqtisadiyyatında xüsusi çəkisi olan Malayziya, Cənubi Koreya, Sinqapur və digər ölkələrin sırasına daxil olmaqdadır. Respublikamızda adambaşına düşən ümumi daxili məhsulun 7000 dolları ötməsi bir tərəfdən ölkənin zəngin iqtisadi resurslarının sosial rifah məqsədinə yönəldilməsi, digər tərəfdən demokratik proseslərin ictimai şüurda mənimsənilməsi üçün uğurlu təməl yaradır. Başqa sözlə, respublikamız yeni dünya nizamının tələb etdiyi vəzifələrin həyata keçirilməsi prosesində zəngin imkanlarından səmərəli yararlanır, insan və təbii resurslarına, sosial-iqtisadi bazasına, yerləşdiyi ərazinin təbii-coğrafi şəraitinə güvənərək müasir cəmiyyət formalaşdırmağa çalışır. Dünyanın iqtisadi cazibə və təsir mərkəzinin Qərbdən Şərqə yönəldiyi tarixi dönəmdə Azərbaycanın strateji önəmi və bənzərsizliyi onun Avropa ilə Asiyanın qovuşağında yerləşməsi, iqtisadi əməkdaşlıq və dialoq məkanına çevrilməsi ilə şərtlənir.

Son 10 ildə ölkəyə inamla rəhbərlik edən Prezident İlham Əliyevin praqmatik və rasional təfəkkürlü lider olaraq qarşıya qoyduğu ən mühüm vəzifə müasir dövlət, müasir iqtisadiyyat və müasir cəmiyyətin yaradılmasıdır. Cəmiyyətdə mütləq çoxluğun mənafeyini dolğun şəkildə əks etdirən bu məqsədlər qlobal səciyyə daşıması, mütərəqqi və nəcib mahiyyəti ilə ictimai şüurda möhkəmlənir, tədricən inkişaf edərək milli ideya səviyyəsinə yüksəlir. Ölkə başçısının Azərbaycanı iqtisadi cəhətdən inkişaf etmiş, müasir dövlətə çevirmək istəyi ictimaiyyətin müəyyən gözləntilərini, məqsədlərini özündə təcəssüm etdirir: modernləşmənin əsas hədəfi kimi özünü göstərən bu məqsəd ölkədə reallaşdırılan islahatların stimulvericisi kimi çıxış edir.

Dövlət başçısı İlham Əliyev gələcək inkişaf prioritetlərinin araşdırılması zərurətini önə çəkmişdir: "Biz 10 il, 20 il, 50 il qabağa baxmağa çalışmalıyıq. Dünya necə inkişaf edəcək?! Azərbaycan nəyin hesabına inkişaf edəcək?! Bölgədə vəziyyət necə olacaq?! Demoqrafik vəziyyət necə olacaq?!. Bu gün aparılan işlər 10 il, 15 il, 20 il bundan sonra uğurlu inkişafımızı təmin edəcəkdir".

Gələcəyə aparan yolun düzgün müəyyənləşdirilməsi ölkənin son 20 illik inkişaf yolunun iqtisadi, fəlsəfi və politoloji aspektdən dərin elmi tədqiqini, möhtəşəm uğurlar üçün möhkəm təmələ çevrilmiş milli inkişaf strategiyasının nəzəri əsaslarının yaradılmasını tələb edir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, həqiqi dövlət müşaviri, akademik Ramiz Mehdiyevin son illərdə gərgin zəhmət, dərin analitik təhlil və elmi düşüncə əsasında qələmə aldığı sanballı əsərlər konseptual əsasları Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş inkişaf strategiyasının mahiyyətinin, habelə milli demokratik tranzitin və iqtisadi modernləşmə prosesində qarşıda duran hədəflərin adekvat dərkinə imkan yaradır. Çağdaş iqtisadi, siyasi, fəlsəfi düşüncəni düzgün məcrada istiqamətləndirən, respublikanın keçdiyi mütərəqqi inkişaf yoluna mükəmməl elmi-fəlsəfi yanaşma olan bu əsərlərin ictimai dəyəri həm də onların cəmiyyətdə böyük maraqla qarşılanması, səmərəli polemikalara, diskussiyalara yol açması, yeni elmi araşdırmalar üçün metodoloji baza rolunu oynaması ilə ölçülür.

Uzun illər dövlət idarəetmə sistemində yüksək vəzifələrdə çalışmış görkəmli akademikin nəzəri mülahizə və düşüncələrini təcrübi fəaliyyətlə əlaqələndirmək və uzlaşdırmaq, müqayisəli təhlillər aparmaq, gələcəyi proqnozlaşdırmaq məharəti onun həm də yeni dünya nizamının incəliklərini yetərincə düzgün dəyərləndirən yüksək erudisiyalı, peşəkar tədqiqatçı olmasından irəli gəlir. Ulu öndərin yaxın və etibarlı məsləkdaşı olan akademik Ramiz Mehdiyev bilavasitə içində olduğu siyasi hadisə və proseslərin, idarəetmə metodlarının peşəkar planda fəlsəfi-politoloji və iqtisadi təsvirini verməklə həm də yüksək alim təəssübkeşliyi nümayiş etdirmişdir.

"Heydər Əliyev məktəbi"nin layiqli məzunlarından biri kimi böyük strateqin siyasi kursunda ehtiva olunan ideoloji-siyasi və iqtisadi konsepsiyaları dərindən dərk edən akademik Ramiz Mehdiyev əsərlərində təkcə Azərbaycanın son 20 illik inkişaf yolunun elmi-nəzəri mənzərəsini yaratmamış, eyni zamanda yeni dövrdə qloballaşma tendensiyasının müsbət və mənfi məqamları, müasir dünyanın əsas inkişaf vektoruna çevrilmiş demokratiyanın universal dəyərlərinin konkret məkanda suveren səciyyə daşıması, iqtisadi modernləşmənin əsas xüsusiyyətləri, totalitarizmdən demokratiyaya keçid problemləri, milli ideya, siyasi elita və digər maraqlı məsələlər ətrafında düşüncələrini açıqlamışdır. Ən başlıcası, akademik Ramiz Mehdiyev Azərbaycanın təcrübədə uğurla sınaqdan çıxmış milli inkişaf modelinin nəzəri əsaslarını yaratmaqla ölkənin iqtisadi və fəlsəfi fikir tarixinə möhürünü vurmuşdur.

Görkəmli filosofun "Azərbaycanın inkişaf dialektikası" (2000), "Azərbaycan: tarixi irs və müstəqillik fəlsəfəsi" (2001), "Azərbaycan: qloballaşma dövrünün tələbləri" (2005), "Vətəndaş cəmiyyətinə yol açan ideyalar" (2006), "Demokratiya yolunda: irs haqqında düşünərkən" (2008), "Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti" (2008), "Modernləşmə xətti yenə də gündəlikdədir" (2008), "Yeni siyasət: inkişafa doğru" (2008), "Azərbaycan 2003-2008: reallığa çevrilən qeyri-adi zaman" (2008), "Zaman haqqında düşünərkən və elitanı transformasiya edərkən: varislik və innovasiyalılıq" (2008), "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" (2009), "Azərbaycanın kursu: sabitləşmədən modernləşməyə doğru" (2011), "Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi" (2011), "XXI əsrdə Azərbaycan ideyası kreativ millət konteksində" (2012), "Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi" (2012), "İlham Əliyev yeni əsrin yeni lideridir" (2013) və adlarını sadalamadığımız digər əsərləri milli tariximizin son 20 illik mərhələsinin mükəmməl elmi mənzərəsidir. Bütün bunlarla yanaşı, görkəmli akademikin ideya müəllifliyi ilə son illərdə işıq üzü görmüş bir çox kitablarda ictimai həyatın müxtəlif sahələrində uğurla reallaşdırılmış islahatlara, habelə taleyüklü milli həqiqətlərə nəzər salınmışdır.

Elmi aktuallığı, nəzəri-praktik səciyyə daşıması ilə diqqət çəkən həmin əsərlərdə ümumiləşmiş qənaətlərdən biri budur ki, dünyanın hansı qütbündə yerləşməsindən və iqtisadi potensialından asılı olmayaraq dövlətlərin inkişaf səviyyəsini müəyyən edən başlıca meyarlardan biri də məhz milli lider amili ilə şərtlənir. "Azərbaycan: tarixi irs və müstəqillik fəlsəfəsi" əsərində müəllif göstərir ki, XX əsrin sonlarına yaxın dövlət müstəqilliyini əldə etmiş Azərbaycan demokratik və hüquqi cəmiyyət quruculuğu yolunu seçdiyini bəyan etsə də, yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bu istiqamətdə mühüm addımlar atmışdır. Ümummilli lider Azərbaycanın prioritet inkişaf yoluna çevrilmiş milli iqtisadi modeli özünəməxsus uzaqgörənliklə əsaslandırmış, eyni zamanda bu spesifik modelin yalnız demokratik tərəqqiyə əsaslanan möhkəm ictimai-siyasi sabitlik şəraitində davamlı nəticələr verə biləcəyini vurğulamışdır. Heydər Əliyevin rəhbərliyi altında iqtisadi sahədə həyata keçirilən islahatların başlıca qayəsini - iqtisadi cəhətdən güclü və müstəqil milli şirkətlərin yaradılması, insanların biznes təşəbbüskarlığının, özünüifadə və özünütəsdiq imkanlarının artırılması, demokratik dəyərlərin ictimai şüurda möhkəmlənməsi kimi mühüm prinsiplər təşkil etmişdir.

"Əsl vətəndaş, böyük şəxsiyyət və qüdrətli lider haqqında bəzi düşüncələr" əsərində siyasi memuar janrına istinad edən müəllif bu il 90 illik yubileyi təntənə ilə qeyd olunan ulu öndər Heydər Əliyevin zəngin ideya və baxışları, idarəçilik üslubu ilə bağlı maraqlı fəlsəfi-siyasi qənaətlərini açıqlamış, ulu öndərin hakimiyyətdə olduğu illərin mühüm hadisə və proseslərini özünəməxsus şəkildə şərh etmişdir. Akademik Ramiz Mehdiyev əsərdə haqlı olaraq qeyd edir ki, ümummilli liderin şəxsiyyətinin və fəaliyyətinin mahiyyətinin dərk olunması on illərlə Azərbaycan ətrafında cərəyan etmiş hadisələrin təbiətinə, son dərəcə mürəkkəb problemlərin həlli yollarına işıq salır. Müəllif hesab edir ki, dövlətçiliyin mükəmməl təməl prinsiplərini yaratmış Heydər Əliyev idarəçilikdə səriştəsizliyə, qətiyyətsizliyə, bəsitliyə birdəfəlik son qoyaraq dünyanın fövqəlgüc dövlətlərini Azərbaycanla hesablaşmaq məcburiyyətində qoymuşdur.

Müəllifin təhlillərindən doğan ümumi nəticələrdən biri də budur ki, posttransformasiya dövrünün yeni cəmiyyətinin - dövlətin əsasını vətəndaşın siyasi və iqtisadi təşəbbüslərinin təşkil etdiyi cəmiyyətin bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qurulmuşdur. Qloballaşan dünyanın inkişaf meyilləri və bu prosesdə lider fenomeninin rolu, ümumilikdə, Azərbaycanın getdikcə daha çox transmilli səciyyə daşımağa başlayan dünya iqtisadi siyasi sisteminə nüfuz imkanları və digər aktual məsələlər isə akademikin "Azərbaycan: qloballaşma dövrünün tələbləri" əsərində yüksək elmi-nəzəri və praktik əsasda təhlil olunmuşdur.

Müəllif qloballaşmanın geniş vüsət aldığı müasir dövrdə vahid ərazi hüdudları üçün səciyyəvi ideoloji qəlib və istehkamların nisbətən zəifləyəcəyi, texnogen proseslərin dinamik inkişafı ilə əlaqəlar təkcə yeni dünya nizamının deyil, yeni həyat tərzinin formalaşacağı qənaətindədir. Əsərdə qeyd olunur ki, qloballaşma beynəlxalq hüququn getdikcə yeni-yeni subyektlərini özünə cəlb edərək, milli iqtisadiyyatları vahid ümumdünya sisteminə - kapitalın yerdəyişməsinin əvvəllər ağlagəlməz asanlığına, dünyanın informasiya üçün indiyədək görünməmiş açıqlığına, sənayecə inkişaf etmiş ölkələrin malların və kapitalın sərbəst hərəkəti prinsipinə tərəfdar olmasına, kommunikasiya yaxınlığına, planetar elmi-texniki və texnoloji inqilaba, təhsilin beynəlmiləlləşməsinə və digər amillərə əsaslanan universal konsolidasiya formalaşdırır.

Fransız sərkərdəsi və dövlət xadimi Napoleon demişdir ki, "siyasətdə dahilik mümkün olanla mümkün olmayanı fərqləndirə bilmək qabiliyyətidir". Bu prizmadan yanaşdıqda, Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı - Prezident İlham Əliyevin dünyanın yeni iqtisadi və siyasi münasibətlər sisteminə dərindən bələd olan praqmatik liderlik keyfiyyətləri, reallığa əsaslanan siyasət yürütməsi qabarıq görünür. Ölkə başçısının son 10 ildə reallaşdırdığı iqtisadi islahatlar nəticəsində Azərbaycan müasir keyfiyyət və iqtisadi yüksəliş mərhələsini yaşayır. Prezident İlham Əliyevin iqtisadi modernləşməni davamlı və sonu görünməyən proses kimi dəyərləndirməsi isə yeni elmi yanaşma kimi böyük maraq doğurur: "Biz gələcəyə baxmalıyıq. Bizi gələcəkdə nələrin gözlədiyi bizdən asılıdır. Azərbaycan xalqından asılıdır. Biz seçimimizi etmişik. Azərbaycan artıq müasir ölkədir. Ancaq müasirləşmənin limiti, hüdudları yoxdur. Bu, əbədi bir prosesdir, sonsuz bir prosesdir".

Bu gerçəkliklər fonunda akademik Ramiz Mehdiyev 2003-cü ildən sonrakı mərhələni Azərbaycanın inkişafında keyfiyyətcə yeni dövr kimi qiymətləndirməkdə tamamilə haqlıdır. "Modernləşmə xətti yenə də gündəlikdədir" əsərində müəllif vurğulayır ki, Prezident İlham Əliyevin iqtisadi məsələlərə xüsusi yer verməsi əsaslı yanaşma olaraq dövlət müstəqilliyinin iqtisadi bazisini möhkəmlətmək, cəmiyyətin davamlı inkişafı üçün zəmin hazırlamaq məqsədindən irəli gəlir. "Hazırda həyata keçirilən siyasi və iqtisadi islahatlar bir qədər başqa çalar alır. Bu, ölkənin inkişafında artıq yeni mərhələ olacaqdır. Deməli, iqtisadi islahatların ünvanı da yeni məna kəsb edir və onların məqsədi postsənaye cəmiyyətinin səciyyəvi cəhətlərini tam şəkildə mənimsəməkdən ibarətdir. Bununla bərabər, siyasi və iqtisadi islahatlar paralel şəkildə həyata keçiriləcək, çünki növbəti illər üçün əsas vəzifə Azərbaycan cəmiyyətinin demokratik konsolidasiyasıdır" deyən cənab Ramiz Mehdiyev ABŞ-ın tanınmış ictimai-siyasi xadimi F.D.Ruzveltin "ehtiyac və azadlığın bir araya sığışmaması" fikrinə istinad edir.

Akademik Ramiz Mehdiyevin son bir neçə ildə "Azərbaycan" qəzetində işıq üzü görmüş əsərlərinin toplandığı "Yeni siyasət: inkişafa doğru" adlı IV və V kitabları da ensiklopedik səciyyə daşıması, yüksək elmi-fəlsəfi siqləti ilə seçilir. Əsərdə "Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında daha da möhkəmləndi və inkişaf etdi", "İlham Əliyevin uğurlu prezidentlik fəaliyyəti Heydər Əliyev siyasi kursunun uzunömürlüyünü təmin edir", "Demokratiya Azərbaycanın inkişafının əsas istiqamətidir", "Şəffaflığın artırılması və korrupsiyaya qarşı yeni milli strategiya xalqın rifahını yüksəldəcək", "Qloballaşma dövründə dövlət və cəmiyyət", "Azərbaycançılıq - milli ideologiyanın kamil nümunəsi kimi" əsərləri və onlar haqqında yazılmış rəylər toplanmışdır. Bu əsərlərin hər biri respublikanın çağdaş inkişaf vektorları, respublikamızın qloballaşan dünya iqtisadiyyatında və siyasətində yeri, modernləşmə xətti, innovasion cəmiyyətin qurulması xüsusiyyətləri ilə bağlı dərin elmi-fəlsəfi fikir və mülahizələrin məcmusu kimi mühüm aktuallıq kəsb edir.

"XXI əsrdə Azərbaycan ideyası kreativ millət kontekstində" əsərində müəllif 2003-cü ildən etibarən Prezident İlham Əliyevin Heydər Əliyevin strateji kursunu uğurla davam etdirdiyini, yaradılmış sosial-iqtisadi bazaya əsaslanaraq zamanın çağırışlarına uyğun yeni vəzifələri həyata keçirmək imkanı qazandığını yazır. Əsərdə xüsusi vurğulanır ki, sənaye cəmiyyətinin tələblərindən irəli gələn problemlərin sürətli həlli üçün postsənaye (informasiya) cəmiyyəti quruculuğuna keçid istiqamətində çoxşaxəli tədbirlər həyata keçirilmişdir: "İlham Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan dövlətinin həyatında keyfiyyətcə yeni mərhələ başlamışdır. Prezident İlham Əliyev vəzifəsinin icrasına başlayandan az sonra imzaladığı "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsinə dair tədbirlər haqqında" (noyabr 2003-cü il), "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında" (fevral 2004-cü il) fərmanları ilə ölkənin sosial-iqtisadi inkişafına təkan vermişdir. Azərbaycanın inkişafı problemlərinin yeni, innovativ dərkinə keçid prosesinə təkan verən də məhz bu fərmanlar olmuşdur. Dünyanın ən inkişaf etmiş dövlətləri sırasına daxil olmaq üçün cəmiyyət həyatının bütün sahələrinin modernləşdirilməsi prioritetə çevrilmişdir".

Əsərdə yer almış maraqlı qənaətlərdən biri də məhz budur ki, sosial modernləşmə olmadan, ölkənin məmur və idarəçi elitasını "cavanlaşdırmadan", həmin elitanı texnokratlar, bu və ya digər fəaliyyət sahəsində uğur rəmzinə çevrilmiş, müvafiq praktik iş təcrübəsinə malik insanlar hesabına genişləndirmədən qarşıya qoyulmuş məqsədlərə nail olmaq mümkün deyildir. Bu fikrini "Zaman haqqında düşünərkən və elitanı transformasiya edərkən: varislik və innovasiyalılıq" əsərində daha da genişləndirən akademik Azərbaycanda siyasi elitaların təkamül yolu ilə əvəzlənməsinin iqtisadi inkişaf proseslərinə təsirini tədqiq etmişdir. Müəllif əsərdə haqlı olaraq yazır ki, kadrların yeni, intellektual və kreativ insanlarla əvəz edilməsinin təkamül xarakteri əvvəlki nəsillərin ənənələrinin, təcrübəsinin qəbul olunması, onlara hörmət edilməsi, müasir inkişafın və postmodernist demarşın tələblərinə uyğun olaraq yenilik gətirən ideyaların tətbiqi prinsipi əsasında qurulur. Həmçinin qeyd olunur ki, Azərbaycanda yeni siyasi elitanın formalaşdırılması daha çox dövlət idarəçiliyinin müasirləşdirilməsi, "elekton hökumət"in yaradılması, bir sözlə, bütün sahələrdə idarəetmənin kompyuterləşdirilməsi, innovasion yeniliklərin tətbiqi ilə şərtlənir. Yeni siyasi elitanın formalaşması zərurəti həm də insan kapitalının gücləndirilməsini tələb edir.

"XXI əsrdə Azərbaycan ideyası kreativ millət kontekstində" əsərində akademik Ramiz Mehdiyev respublikamızın dünya iqtisadi böhranının mənfi təsirlərinə məruz qalmamasını Prezident İlham Əliyevin iqtisadi siyasətinin sınaqdan uğurla çıxması kimi dəyərləndirir. Əsərdə qeyd olunur ki, 2008-2010-cu illərdə əsas səylər ölkədə maliyyə sabitliyinin qorunmasına yönəlmiş, iqtisadiyyatı geri salan, əhalinin sosial vəziyyətini pisləşdirən devalvasiya, defolt və inflyasiya kimi destruktiv iqtisadi meyillərə yol verilməmişdir. Bütün dünyada böhranın əsasən banklardan başladığı, nəticədə işgüzar maddi fəallığın azalması, istehlak, biznes kreditləşməsində ciddi problemlərin yaranması, istehlak tələbinin enməsi və digər amillər nəzərə alınmaqla, iqtisadiyyatın lokomotivi sayılan bu sektora dəstək gücləndirilmişdir: "Azərbaycan iqtisadiyyatı, ölkənin bank sistemi, real sektorun sistemyaradan müəssisələri dünya maliyyə böhranını sənaye cəhətdən inkişaf etmiş bir sıra ölkələrdə və yeni müstəqil dövlətlərdə olduğu dərəcədə hiss etməmişdir. Hətta böhran dövründə Azərbaycan iqtisadiyyatının artım sürəti isə dünya ekspertləri arasında uğurlu strategiya nümunəsi kimi diskussiya mövzusuna çevrilmişdir. 2008-2009-cu illərdə - böhranın ən şiddətli dövründə belə Azərbaycan iqtisadiyyatı 9 faiz artmışdı. Özü də ÜDM-in strukturunda istehsal sektorunun üstünlüyü qorunub saxlanmış, yəni iqtisadi artımın 64 faizi real sektorun, istehsal sahəsinin hesabına təmin edilmişdi. Qonşu Ermənistanda isə, 2009-cu ilin yekunlarına görə, ÜDM-in həcmi dram ilə götürdükdə 14,4 faiz, dollar ifadəsində 30 faizdən çox aşağı düşmüşdü. Böhranlı 2009-cu ildə Gürcüstanda da ÜDM 3,9 faiz azalmışdı".

Akademik Ramiz Mehdiyev haqlı olaraq göstərir ki, ölkə iqtidarı uzunmüddətli perspektivdə neft-qaz ehtiyatlarının məhdud olacağını nəzərə alaraq Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə daha çox diqqət yetirir: "Bu məqsədlə kiçik və orta sahibkarlığın dəstəklənməsinə yönəldilmiş geniş tədbirlər həyata keçirilir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kiçik və orta sahibkarlığın fəal kreditləşdirilməsi, o cümlədən uzunmüddətli kreditlərin ayrılması özəl sektorun inkişafına güclü təkan vermişdir. Bu gün Azərbaycan vətəndaşlarının, onun idarəçilik və işgüzar elitasının ən yaxşı nümayəndələrinin "uğur tarixlərinin" əksəriyyəti məhz özəl sektorda müşahidə olunur. Kreditlərin 80 faizinin regionlara verilməsi göstərir ki, iqtisadiyyatın təkcə sektorlar üzrə deyil, həm də respublikanın bölgələri üzrə şaxələndirilməsinin zəruriliyinə diqqət yetirilir... Ölkə iqtisadiyyatına cəlb edilən investisiyaların həcmi saxlanılmaqla onların strukturunda müsbət dəyişikliklər baş verir - investisiyaların üçdə iki hissəsi Azərbaycanın öz kapitalı ilə təmin edilir".

Məhz bu siyasətin nəticəsi olaraq 2003-2012-ci illərdə ümumi daxili məhsulun orta illik artımı 13 faiz, qeyri-neft sektorunda 10,6 faiz təşkil etmişdir. ÜDM 3 dəfə, onun adambaşına düşən həcmi 2,7 dəfə, qeyri-neft sektoru 2,3 dəfə artmışdır. Əsas kapitala yönəldilən investisiyaların həcmi 7,3 dəfə artmışdır. Bu dövrdə ölkənin iqtisadiyyatı 3 dəfədən çox artmış və onun inkişafına 132 milyard dollar məbləğində sərmayə qoyulmuşdur. Dövlət büdcəsi 19 dəfə, strateji valyuta ehtiyatları 29 dəfə, iqtisadiyyatın kreditləşməsi 24,5 dəfə artmışdır. Əhalinin gəlirləri, orta aylıq əməkhaqları və pensiyaların orta məbləği müvafiq olaraq 6,9, 6,3 və 6,4 dəfə yüksəlmişdir. Bu müddətdə bir milyondan artıq yeni iş yeri açılmış, yoxsulluq səviyyəsi 44,7 faizdən 6 faizə enmişdir. Əldə olunmuş dinamik iqtisadi artımın nəticəsidir ki, Azərbaycanın "yuxarı orta gəlirli" ölkələr sırasında mövqeyi daha da möhkəmlənmişdir.

Bu günlərdə Bakıda keçirilmiş Ümumdünya İqtisadi Forumunun yekunları Azərbaycanın iqtisadi sahədə regional liderliyinin, habelə Avratlantik məkandakı iqtisadi nüfuzunun əyani göstəricisi kimi dəyərləndirilməlidir. Təşkilatın baş katibi Klaus Şvabun bəyan etdiyi kimi, Bakıda keçirilmiş forum ümumən Cənubi Qafqaz və Orta Asiya regionlarında iqtisadi əməkdaşlığın və inteqrasiyanın inkişafına öz töhfəsini verəcəkdir.

43-cü ənənəvi illik toplantının yekunlarının təhlili göstərir ki, qeyri-rəsmi səciyyə daşıyan Davos müzakirələri kifayət qədər işgüzar və səmimi atmosferdə keçməklə, beynəlxalq iqtisadi münasibətlər sisteminin tənzimlənməsi, ciddi siyasi məzmun kəsb edən qərarların qəbuluna təsirsiz ötüşməyən qlobal iqtisadi proseslərin nəzarətdə saxlanması, aparıcı dünya dövlətləri arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, nəhəng şirkətlər arasında əlaqələrə körpü salınması, qarşılıqlı sərmayələrin təşviqi baxımından yaxşı imkanlar açır. Foruma, bir qayda olaraq, iqtisadi cəhətdən inkişaf etmiş və yaxud özünün iqtisadi yüksəliş mərhələsini yaşayan, qlobal iqtisadi-siyasi proseslərə nüfuz imkanları ilə seçilən, beynəlxalq iqtisadi münasibətlər sistemində mühüm rol oynayan dövlətlər dəvət alırlar. Seçimdə toplantıya qatılaraq yeni iqtisadi əməkdaşlıq imkanları, münbit və etibarlı biznes mühiti axtaran şirkətlərin maraqları da həlledici rol oynayır. Bu baxımdan Davos Forumunun Azərbaycana olan hədsiz marağı bir sıra reallıqlarla şərtlənir. Sürətlə inkişaf edən, qlobal böhran şəraitində qeyri-neft sektorunun 9,7 faizlik artımına nail olan, sosial-infrastruktur baxımından yeniləşən, liberal biznes və sərmayə mühiti ilə seçilən Azərbaycan Ümumdünya İqtisadi Forumunun favoritlərindən birinə çevrilmişdir.

Forumda müzakirə olunan əsas məsələlərdən biri də Azərbaycanın İKT sahəsində əldə etdiyi mühüm nailiyyətlər olmuşdur. Akademik Ramiz Mehdiyevin "XXI əsrdə Azərbaycan ideyası kreativ millət kontekstində" əsərində qeyd etdiyi kimi, Azərbaycan yaxın 10-15 ildə informasiya-kommunikasiya texnologiyaları sahəsindən gələn gəlirlərin həcminin neft ixracından əldə edilən gəlirlərə çatdırılmasına nail olmağı planlaşdırır: "Prezident hələ 2003-cü ildə Cenevrədə, informasiya cəmiyyəti qurulması problemlərinə həsr edilmiş dünya sammitindəki çıxışında dəqiq göstərmişdir ki, Azərbaycanın əsas məqsədi özünün "qara qızıl"ını insan kapitalına çevirməkdir və bu işdə aparıcı rollardan biri informasiya texnologiyaları sahəsinə məxsusdur. İKT artıq bu gün öz həcminə və potensialına görə energetika sahəsindən sonra ikinci yeri tutur, lakin inkişafın perspektivləri və dinamikası baxımından bu sektor şəksiz liderdir. 2003-cü ildən bəri bu sahədə orta illik artım sürəti 30-32 faiz səviyyəsində olmuşdur, halbuki dünya üzrə illik artım orta hesabla cəmi 10 faizdir".

Dünya İqtisadi Forumu bu günlərdə "İnformasiya Texnologiyalarının İnkişafı 2013" ("Global Information Technology Report 2013") adlı yeni hesabatını dərc etmişdir. Hesabata görə, 144 ölkəni əhatə edən "Şəbəkə hazırlığı indeksi" reytinqində Azərbaycan mövqeyini ötən ilə nisbətən 5 pillə yaxşılaşdıraraq 4,11 balla 56-cı yerdə qərarlaşmışdır. Ümumiyyətlə, hesabatda Azərbaycan reytinqdə 43-cü yeri tutmuş Qazaxıstan və 54-cü yerdə qərarlaşan Rusiya kimi ölkələrlə birgə MDB-də İKT sahəsində ən inkişaf etmiş ölkə hesab olunmuşdur.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 2013-cü ildə həyata keçirəcəyi işlərlə bağlı açıqladığı Tədbirlər Planına əsasən, qarşıdakı aylarda informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı üzrə strategiyanın hazırlanması, rabitə və internet xidmətləri tariflərinin həmin xidmətlərin maya dəyərinə uyğunlaşdırılması üzrə tədbirlərin görülməsi, "Yüksək Texnologiyalar Parkı"nın fəaliyyətinin təşkili, "Elektron hökumət"in formalaşdırılması üzrə tədbirlərin davam etdirilməsi, elektron xidmətlərdən istifadənin kütləviliyinin artırılması üzrə fəaliyyətin genişləndirilməsi və bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Milli strategiyanın əsas məqsədi informasiya və kommunikasiya texnologiyalarından geniş istifadə olunmaqla ölkənin inkişafına kömək məqsədilə informasiya cəmiyyətinə keçidi təmin etməkdir.

Milli strategiya İKT-dən istifadə etməklə sosialyönümlü sahələrin inkişaf etdirilməsi, telekommunikasiya infrastrukturunun təkmilləşdirilməsi, elektron hökumət, elektron iqtisadiyyatın formalaşdırılması, elmi-texniki və istehsal potensialının yüksəldilməsi, informasiya təhlükəsizliyinin təmin olunması kimi strateji istiqamətləri əks etdirəcəkdir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev haqlı olaraq qeyd edir ki, ölkənin innovativ modernləşməsinin, müasir cəmiyyət yaradılmasının mühüm şərti olan informasiya-kommunikasiya texnologiyalarının nailiyyətlərinin vətəndaşların gündəlik həyatına tətbiq edilməsi millətin tərkibində kreativ insanların sayının artırılmasında böyük rol oynayır. Bu zümrənin inkişafı ilə yeni texnologiyalar sahəsində gələcək uğurların da təməli qoyulur. Bütün bunlar da, öz növbəsində, Azərbaycan iqtisadiyyatına güclü təkan verməklə yanaşı, respublikamızın Avratlantika geosiyasi arealında öz sözü və mövqeyi olan, səmərəli iqtisadi təşəbbüslərlə çıxış edən dövlətə çevrilməsini təmin edəcəkdir.

 

 

Əlican BABAYEV,

Azərbaycan Dövlət İqtisad Universitetinin

"İqtisadi nəzəriyyə-1" kafedrasının müdiri,

iqtisad elmləri doktoru, professor,

Azərbaycandan Kənarda Təhsil Almış

Mütəxəssislər Təşkilatının Ali Məclisinin sədri

 

Azərbaycan.-2013.- 17 aprel.- S.9.