Rəssamın xatirəsinə həsr olunmuş sərgi

 

V.Səmədova adına sərgi salonunda xalq rəssamı Əzim Əzimzadənin xatirəsinə həsr olunmuş karikatura əsərlərinin sərgisi keçirildi. Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov tədbiri giriş sözü ilə açaraq Azərbaycanda karikatura rəssamlığının banisi Əzim Əzimzadənin həyat və yaradıcılıq yolundan danışdı. Karikaturaçı rəssamların hər il öz dahi ustadlarını unutmadığını təqdirəlayiq münasibət kimi dəyərləndirdi.

Sənətşünas Ziyadxan Əliyev, xalq rəssamı Arif Hüseynov, xalq artisti İlham Namiq Kamal, "Kirpi" jurnalının baş redaktoru Polad Qasımov, karikaturaçı-rəssam və sərginin təşkilatçısı Hafiz Nəsiroğlu çıxış edərək tədbirin əhəmiyyətini vurğuladılar.

Sərgidə 20 rəssamın 50-dən çox karikaturası nümayiş etdirilirdi. Diqqətçəkən məqamlardan biri Əzim Əzimzadənin fırçasının yadigarı olan karikaturaların da sərgilənməsi idi. Böyük rəssamın yolunu davam etdirən Qamət Vəlicanov, Kirman Abdin, Seyran Cəfərli, Elman Mirzəyev və başqalarının əsərləri seyrçilər tərəfindən maraqla qarşılandı.

 

 

Azərbaycan.-2013.- 17 aprel.- S.11.