Bakıda Yaponiya hökumətinin ümumi qrant yardımı proqramı çərçivəsində imzalanma mərasimi keçirilmişdir

 

Aprelin 17-də Bakıda Yaponiya hökumətinin ümumi qrant yardımı proqramı çərçivəsində həyata keçiriləcək "Meliorasiya və suvarma avadanlığının təkmilləşdirilməsi" layihəsi üzrə mübadilə ediləcək notanın və qrant razılaşması üzrə sənədin imzalanması mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, layihə üzrə mübadilə olunacaq notanı Yaponiya tərəfindən səfir Şusuke Vatanabe, Azərbaycan tərəfindən isə Baş nazirin müavini Abid Şərifov imzalamışlar.

Sözügedən layihə üzrə qrant razılaşmasını isə Yaponiya tərəfindən bu ölkənin Beynəlxalq Əməkdaşlıq Agentliyinin Özbəkistan üzrə idarəsinin rəhbəri Mesao Şikano, Azərbaycan tərəfindən isə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə imzalamışlar.

Mərasimdə çıxış edən  səfir Şusuke Vatanabe bildirmişdir ki, layihənin əsas məqsədi meliorasiya və suvarma avadanlığını təkmilləşdirməklə Azərbaycanın kənd təsərrüfatı sahəsinin inkişafına töhfə verməkdir. Layihə üzrə icraçı qurum Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətidir. Layihənin ümumi məbləği 777 milyon yapon yeni təşkil edir.

Baş nazirin müavini Abid Şərifov qeyd  etmişdir ki, 1999-cu ildən bu vaxtadək hazırkı layihə də daxil olmaqla Yaponiya hökuməti Azərbaycanda ümumi məbləği 3,79 milyard yapon yeni (təxminən 34 milyon ABŞ dolları) təşkil edən yeddi ümumi qrant yardımı proqramı həyata keçirmişdir.

Yaponiyanın Azərbaycana ayırdığı inkişaf üçün rəsmi yardımın kreditlər daxil olmaqla ümumi məbləği iqtisadi infrastrukturun yaxşılaşdırılması, kənd təsərrüfatı, sosial sahə, mədəniyyət və insan resurslarının inkişafı kimi geniş sahələri əhatə etməklə 1 milyard ABŞ dollarını keçmişdir.

Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyinin Özbəkistan üzrə idarəsinin rəhbəri Mesao Şikano ölkəsi ilə Azərbaycan arasında beynəlxalq əməkdaşlığın perspektivlərindən danışmışdır.

 

 

Azərbaycan.-2013.- 18 aprel.- S.6.