Hüquqi islahatlarda novatorçuluq xətti

 

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu məhkəmə-hüquq islahatları keyfiyyətcə yeni mərhələdə uğurla davam etdirilir

 

Antik yunan mütəfəkkiri Siseron yazırdı ki, insanlar həqiqi azadlığa qovuşmaq, sərbəst yaşamaq üçün qanuna tabe olmalıdırlar. Bəşəriyyətin tarixi təkamül prosesi də təsdiqləyir ki, yalnız ədalət, müdriklik, humanizm kimi ali dəyərləri öz şəxsiyyətində birləşdirərək kamillik zirvəsinə yüksəlmiş liderlər qanuna söykənən cəmiyyət yaratmaq idealı ilə yaşamış və fəaliyyət göstərmişlər. Gücün siyasətinə qarşı siyasətin gücünü qoyaraq "Haqlı adam həmişə güclüdür" düsturunu işə salan belə xariqüladə şəxsiyyətlər xalqlarının taleyində əvəzsiz rol oynamış, beləliklə, həm də tarixdə əbədiyaşarlıqlarını təmin etmişlər.

XX əsrdə xalqımızın dünya siyasətinə bəxş etdiyi qeyri-adi və fenomen şəxsiyyət - ümummilli lider Heydər Əliyev də özünün təkmil dövlətçilik konsepsiyasında ədalət, qanunçuluq və hüquq qaydalarının təminatına hər zaman prioritet verərək bu meyarları demokratik inkişafın başlıca leytmotivi saymışdır. "Ədaləti ədalətsizliklə bərpa etmək olmaz", - deyərək ictimai həyatın ən müxtəlif sahələrində haqq-ədalət prinsipinin qorunmasına çalışan, bunu idarəçiliyin başlıca formuluna çevirən Heydər Əliyev dühası yalnız bu yolla dövlətlə xalq arasında möhkəm mənəvi, siyasi və hüquqi bağlantıya, qarşılıqlı etimada nail olmağı mümkün hesab etmişdir. Liberalizmin fərdi hüquq və azadlıqların müstəsna prioritetinə əsaslandığını peşəkar strateq kimi daim nəzərə alan Heydər Əliyev dövlətin mənafeyinə xələl gətirmədən hər bir vətəndaşın qanuni hüquqlarının yüksək səviyyədə təmin edildiyi təkmil idarəçilik sisteminin formalaşmasına nail olmuşdur. Böyük öndər insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsini dövlətin fundamental vəzifəsi saymış, xalqa təmənnasız xidməti özünün həyat kredosuna çevirmiş, qurub-yaratmaq, yaxşılıq etmək idealı ilə yaşamış və zəngin mənəvi keyfiyyətlərilə milyonların qəlbində ölməzlik məşəli yandırmışdır.

Tarixi təcrübə sübut edir ki, müxtəlif zaman və məkanlarda yaranan hər bir əlverişli şəraitdə xalq malik olduğu mənəvi-intellektual potensialı, zəngin mədəniyyəti və milli özünüdərk səviyyəsi ilə öz yüksək azadlıq idealına, tarixin yaddaşında saxlanan milli dövlətçilik, müstəqillik ənənələrinin bərpasına can atır. Bu mənada, indi mütləq əksəriyyət etiraf edir ki, zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı üçün belə real tarixi şans ötən əsrin ikinci yarısında - ulu öndər Heydər Əliyev 1969-cu ilin 14 iyulunda respublika rəhbəri seçiləndən sonrakı mərhələdə yaranmışdır. Bütöv və kamil şəxsiyyət olan Heydər Əliyevin hələ o dövrdən sosial ədalət, düzgünlük və humanizm prinsiplərinə söykənməsi, ilk növbədə, onun yüksək daxili demokratizmindən və hər kəsə örnək olacaq vətəndaşlıq məsuliyyətindən irəli gəlmişdir. İlk gündən respublikanın müxtəlif problemlərinə toxunan ümummilli lider hüquq-mühafizə orqanlarındakı nöqsanlara, ən başlıcası, vətəndaşların hüquq və azadlıqlarının təminatı sahəsində mövcud olan problemlərə diqqət çəkmiş, onların həlli yollarını göstərmişdir. Azərbaycana rəhbərlik edən şəxsin bu cür cəsarətli mövqeyi o dövrdə imperiya rəhbərlərinə qətiyyən xoş gəlməsə də, həmin şəxslər Heydər Əliyev dühasının xalq arasındakı hörmət və nüfuzu qarşısında susmağa, onunla hesablaşmağa məcbur olurdular.  

Fransız mütəfəkkiri Ş.Mönteskyenin fikridir: "Liderlik lazımi anda cəsarət nümayiş etdirmək bacarığıdır". Ulu öndər Heydər Əliyevin də şəxsiyyət kimi böyüklüyünü təcəssüm etdirən ən başlıca xüsusiyyətlərdən biri də onun siyasi fəaliyyətinin bütün mərhələlərində ümumxalq mənafeyi ilə bağlı məsələlərdə heç bir riskdən çəkinməməsi, cəsarət və qətiyyət göstərməsi, ədalət meyarına sadiqliyidir. 1982-ci ildən sonrakı mərhələdə - SSRİ rəhbərliyində olanda da Heydər Əliyev doğma Vətənini, xalqını unutmamış, hər zaman Azərbaycanın mənafeyini müdafiə etmişdir. 1990-cı ilin 20 yanvarında həyatını risk qarşısında qoyaraq ailəsi ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Heydər Əliyev Bakı şəhərinə təcavüz olunması barədə qərar qəbul edən ittifaq rəhbərlərinin hərəkətlərini bağışlanılmaz siyasi səhv adlandırmış, faciənin törədilməsində günahkar olan respublika və imperiya rəhbərlərini açıq ittiham etmişdir.

Avropa siyasətçilərinin həyata keçirmək istədiyi bir layihə dalana dirənəndə Uinston Çörçildən soruşublar ki, bəs indi neyləməliyik? Siyasət nəhəngi heç nə olmayıbmış kimi, təmkinini pozmayaraq demişdir ki, siyasətdə gedişlər tükənmir. Ulu öndər Heydər Əliyevin diqqətçəkən fitri idarəçilik keyfiyyətləri sırasında onun ən ekstremal, çətin və millətin taleyi baxımından məsuliyyətli dönəmlərdə ictimai mənafeləri özündə tamamilə ehtiva edən qətiyyətli, eyni zamanda, yaranmış şərait üçün ən optimal qərarlar qəbul etmək məharəti yəqin heç zaman xatirələrdən silinməyəcək. Yaxşı xatırlayırıq ki, 1991-1993-cü illərdə Azərbaycanda iqtisadi tənəzzül güclənmiş, siyasi böhran dərinləşmiş, cəbhə bölgəsində hərbi uğursuzluqlar artmış, ölkə vətəndaş qarşıdurması, parçalanma həddinə çatmış, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində acınacaqlı vəziyyət yaranmışdı. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Bakıya qayıdan ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyini iflasdan, fəlakətdən qurtarmış, dövlətçiliyi möhkəmlətmiş, onu xain əllərdən, çevriliş, qiyam cəhdlərindən hifz edərək dirçəliş və inkişafa doğru yönəltmişdir.

1993-cü ilin ikinci yarısından etibarən Heydər Əliyevin rəhbərliyi altında demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda atılan addımlar, milli dövlətçilik ənənələrinə, beynəlxalq standartlara əsaslanan köklü hüquq islahatları insan hüquq və azadlıqlarının təminatı sahəsində əsaslı dönüşə səbəb olmuşdur. Ulu öndər özünəməxsus müdrikliklə bəyan etmişdir ki, siyasi sabitliyə nail olmadan yeni idarəetmə sisteminə keçidi reallaşdırmaq, bazar iqtisadiyyatı və demokratiya kimi fundamental prinsiplərin tətbiqinə nail olmaq mümkün deyildir. Heydər Əliyev Azərbaycanda milli dövlətçiliyin prioritet inkişaf istiqamətlərini müəyyənləşdirərkən xalqın milli mentalitetinin səciyyəvi cəhətlərini də nəzərə almışdır.

Dövlət başçısı İlham Əliyevin "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illiyi haqqında" fərmanında deyilir: "Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir".

Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri də müstəqil respublikamızın ilk Konstitusiyasının yüksək demokratik meyarlar əsasında hazırlanması və ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi olmuşdur. 1995-ci ilin 12 noyabrında qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır.

Fransız filosofu Deni Didro özünün "Fəlsəfi düşüncələr"ində yazırdı ki, ən pis qanun işləməyən qanundan daha yaxşıdır. Bu mənada, Azərbaycanda qanunların yeni dövrün tələblərinə uyğun müasirləşdirilməsi prosesi mütərəqqi dünya təcrübəsi nəzərə alınmaqla həyata keçirilmiş, 1996-2003-cü illərdə respublikamız insan hüquq və azadlıqlarının, demokratik təsisatların təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşulmuşdur. 1998-ci ilin 22 fevralında ümummilli lider Heydər Əliyev "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərman imzalamış, insan hüquqları sahəsində həyata keçirilən tədbirlərin istiqaməti və konsepsiyası səhih şəkildə müəyyən edilmişdir. İnsan hüquqları sahəsində proqram rolunu qerçəkləşdirən bu sənədlə insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə qaldırılmışdır.

Ədalət mühakiməsinin müstəqil və qərəzsiz məhkəmələr tərəfindən həyata keçirilməsi ideyası əsrlərdir ki, ədalətli cəmiyyətin əsas təməl daşlarından biridir. Yunan filosofu Platon yazırdı ki, "Ədalətlə idarə olunan cəmiyyətdə yaxşı vətəndaş olmaq asandır". Azərbaycan üçün demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş ümummilli lider Heydər Əliyev ölkəmizdə müstəqil məhkəmə hakimiyyətinin formalaşmasına xüsusi diqqət yetirmişdir.

Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 21 fevral tarixli sərəncamı ilə yaradılmış Hüquq İslahat Komissiyası tərəfindən işlənib hazırlanmış "Konstitusiya məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında" qanunlar ölkəmizdə məhkəmə-hüquq islahatları sahəsində aparılan ilk mühüm addımlar olmaqla müstəqil məhkəmə sisteminin yaradılmasına və fəaliyyət göstərməsinə imkan yaratmışdır. 1998-ci il 1 dekabr tarixli "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası qanununun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə" fərman əsasında ardıcıl surətdə gerçəkləşdirilən məhkəmə islahatlarının başlıca məqsədi qanunun aliliyinin təmini, məhkəmə hakimiyyətinin dövlət idarəçilik mexanizmində nüfuzlu və müstəqil təsisat kimi təşəkkül tapması, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təşkili, peşəkar hakim korpusunun formalaşdırılması və digər konseptual məsələlərin həlli olmuşdur.

Həmin qanuna əsasən, hakimiyyətin üç müstəqil qolundan biri olan məhkəmələr dünyanın mütərəqqi təcrübəsinə əsaslanan modeldə formalaşdırılmışdır. Bu modelə əsasən, ölkəmizdə birinci instansiya, apelyasiya və kassasiya instansiyalı üçpilləli məhkəmə sistemi fəaliyyət göstərir. Üçpilləli məhkəmə sistemi ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xidmət etməklə işlərə birinci instansiya qaydasında baxılmasına, bundan sonra onların hüquqa və fakta görə apelyasiya qaydasında yoxlanılmasına, daha sonra isə kassasiya qaydasında yenidən baxılmasına imkan yaradır. Bu sistem birinci instansiya məhkəməsinin buraxdığı hər hansı səhvin yuxarı məhkəmə instansiyalarında aradan qaldırılmasına, işlərə düzgün və obyektiv baxılmasına şərait yaradır.

"Azərbaycan Respublikasında hakim vəzifəsinə namizədlərin seçilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" 2000-ci il 17 yanvar tarixli fərman isə hakimlərin seçilməsi prosesinin təşkili, məhkəmə fəaliyyəti ilə bağlı digər funksiyaların həyata keçirilməsi məqsədilə yüksək məhkəmə sədrlərindən, ədliyyə nazirindən ibarət tərkibdə Azərbaycan Respublikası Prezidenti yanında Məhkəmə-Hüquq Şurası təsis edilmiş, hüquq sistemində köklü dəyişikliklərə səbəb olan  tədbirlər görülmüşdür. Məhkəmə-Hüquq Şurası Azərbaycan Respublikasında müstəqil məhkəmə sisteminin təmin edilməsi, vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsinin təşkili, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi, habelə məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən müstəqil orqan kimi fəaliyyət göstərir.

Həmin vaxtdan etibarən keçmiş sovet respublikaları arasında demək olar ki, ilk dəfə Azərbaycanda həbs və insan hüquqlarını məhdudlaşdıran digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi məhkəmələrin müstəsna səlahiyyətinə aid edilmişdir. Həmçinin məhkəmələr üzərində hər hansı, o cümlədən prokuror nəzarəti ləğv olunaraq, əksinə, demokratik məhkəmə nəzarəti institutu formalaşdırılmışdır. 2000-ci ildə dövlətçilik tariximizdə ilk dəfə olaraq hakimlər şəffaf prosedurlar əsasında, o cümlədən test üsulu ilə imtahanla seçilmiş, nəticədə hakim korpusu təzələnmişdir. Görülmüş tədbirlər əhali arasında məhkəmələrə inamı artırmış, məhkəmələr barədə keçmiş Sovetlər Birliyindən miras qalmış "cəza orqanı" təəssüratı aradan qalxmış, nəticədə məhkəmələrə müraciətlərin sayı xeyli çoxalmışdır.

Ümummilli lider Heydər Əliyev sonrakı mərhələdə də ölkə həyatının bütün sahələrində çevik və işlək mexanizmlər üzərində çoxşaxəli islahatları təmin etmişdir. 2002-ci il avqustun 24-də keçirilən ümumxalq səsverməsi ilə (referendum) Azərbaycan Respublikası Konstitusiyasına edilmiş əlavə və dəyişiklikləri bu mənada xüsusi xatırlatmaq lazımdır. Həmin əlavə və dəyişikliklərin bir hissəsi məhkəmə hakimiyyətinin fəaliyyəti ilə bağlı olmuşdur. Belə ki, Konstitusiyanın Apellyasiya Məhkəməsinin səlahiyyətlərini, hakimlərin seçilməsi qaydasını müəyyən edən maddəsi yeni redaksiyada verilmiş, prokurorluğun məhkəmə prosesində iştirakı əsasən cinayət məhkəmə icraatı ilə məhdudlaşdırılmış, Ali Məhkəmənin ümumi və ixtisaslaşdırılmış məhkəmələrin işinə nəzarət funksiyası ləğv edilərək onun yalnız kassasiya instansiyası olması təsbit edilmişdir.

Ulu öndər Heydər Əliyev deyirdi: "İslahat o zaman uğurlu nəticələr verir ki, onun həyata keçirilməsi zəruriliyi cəmiyyətin sosial sifarişinə çevrilsin". Cəmiyyətin təkamül sistemini, habelə dövlət idarəçilik mexanizmlərinin səmərəli fəaliyyətini tənzimləyən qanunların dövrün tələblərinə uyğun müasirləşdirilməsi ictimai zərurətdən irəli gələndə səmərəli olur. Yeni, müasir və təkmil dövlətçilik modelinin yaradılması, demokratik idarəetmə meyarlarının cəmiyyət həyatının ən müxtəlif sahələrində bərqərar olması çevik hüquqi mexanizmlərin formalaşdırılmasından bilavasitə asılıdır.

Bu gün fəxarət hissi ilə deyə bilərik ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu məhkəmə-hüquq islahatları son 10 ildə onun layiqli davamçısı - Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir. Şübhəsiz, ictimai münasibətlər qanunlarla tənzimləndiyindən, cəmiyyət həyatındakı mühüm yeniliklər hüquq sistemində də dəyişikliklər və yeniləşmə tələb edir. Dövlət başçısı peşəkar siyasətçi kimi bu amili ciddiliklə nəzərə alır, sosial-iqtisadi uğurların miqyasına, habelə cəmiyyətin demokratik şüur səviyyəsinin yüksəlməsinə paralel olaraq qanunların liberallaşdırılmasını, məhkəmələrin fəaliyyətinin müasirləşdirilməsini vacib sayır.

Prezident İlham Əliyevin inamla həyata keçirdiyi məhkəmə-hüquq islahatlarının əsas qayəsində həm də regionlarda yaşayan vətəndaşların qanuni maraq və mənafeyinin ədalət mühakiməsi yolu ilə qorunması mexanizmlərinin təkmilləşdirilməsi olmuşdur. 2006-cı il 19 yanvar tarixli "Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" fərman bölgələrdə yaşayan vətəndaşların məhkəmələrə müraciət imkanlarının genişləndirmiş, bu sahədə bir sıra mütərəqqi yeniliklərə imkan yaratmışdır. Fərman əsasında Bakıda, Gəncədə, Sumqayıtda, Şəkidə və Şirvanda Apelyasiya məhkəmələri, Naxçıvanda Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə, Bakıda 2 saylı Yerli İqtisad Məhkəməsi, Sumqayıt və Şəkidə yerli İqtisad məhkəmələrinin yaradılmışdır.

Xatırlatmaq lazımdır ki, həmin fərmana qədər Azərbaycanda yalnız bir Apelyasiya Məhkəməsinin fəaliyyət göstərməsi, ilk növbədə, regionlarda yaşayan insanlar üçün ciddi problemlər doğurur, onların qanuni mənafelərinin yüksək səviyyədə təminatına əngəllər yaradırdı. Vətəndaşlar birinci instansiya məhkəmələrinin qərarlarından verdikləri apelyasiya şikayəti ilə əlaqədar uzaq məsafə qət edərək Bakı şəhərinə gəlməyə, əksər hallarda prosesin müəyyən səbəblərdən təxirə salınması ilə bağlı geriyə dönməyə məcbur olurdular. Apelyasiya şikayətlərinin çoxluğu əksər hallarda ədalətli məhkəmə araşdırması apararaq qətnamə çıxarmaq imkanlarını da məhdudlaşdırırdı. Regionlarda apelyasiya məhkəmələrinin fəaliyyətə başlaması bu sahədə ciddi dönüş yaratmış, vətəndaşların apelyasiya məhkəmələrinə müraciət imkanları asanlaşmışdır.

Məhkəmə-hüquq islahatları çərçivəsində hakimlərin sayının azlığının ədalət mühakiməsinin tam obyektiv və qanunamüvafiq şəkildə həyata keçirilməsində mühüm amil olduğu ciddiliklə nəzərə alınmışdır. Prezident İlham Əliyevin 2006-cı il 17 avqust tarixli "Azərbaycan Respublikası məhkəmələri hakimlərinin sayının artırılması və məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi haqqında" fərmanı ilə respublika məhkəmələrində hakimlərin sayının 153 ştat vahidi artırılması da cinayət işlərinin daha obyektiv şəraitdə araşdırılması istəyindən irəli gəlmişdir. İlk dəfə təsis olunaraq hakimliyə namizədlərin seçilməsi kimi mühüm vəzifəni yerinə yetirən Hakimlərin Seçki Komitəsinin məqsədyönlü fəaliyyətinin nəticəsi kimi 2007-ci ildə 55 nəfər, 2008-ci ildə 102 nəfər, 2010-cu ildə 78 nəfər hakimliyə namizəd ən şəffaf və mütərəqqi üsulla seçilərək hakim vəzifələrinə təyin olunmuşlar.

Ümumilikdə son 5 il ərzində ölkədə 20-dək yeni regional məhkəmələr, o cümlədən Apelyasiya, Ağır cinayətlər, İnzibati-iqtisadi məhkəmələr fəaliyyətə başlamışdır. Ölkənin sürətli iqtisadi inkişafı ilə əlaqədar məhkəmələrin iş yükünün dəfələrlə çoxalması nəzərə alınaraq məhkəmə aparatı işçilərinin sayı 75 faiz artırılmış, hər bir hakimə köməkçi ştatı ayrılmışdır.

Məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyə 22 iyun 2010-cu il tarixdə edilmiş dəyişikliklər, habelə məhkəmə sisteminin təkmilləşdirilməsi məqsədilə dövlət başçısının 2010-cu il 15 iyul və 9 avqust tarixlərində imzaladığı  fərmanların ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında mühüm rolu olmuşdur. Bu tədbirlər nəticəsində əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədilə ölkənin əlavə dörd bölgəsində regional Ağır cinayətlər məhkəmələrinin təsis edilməsi, dövlət orqanları tərəfindən insan hüquqlarına ciddi əməl olunmasının təmini məqsədilə ölkə tarixində ilk dəfə olaraq yeddi bölgədə İnzibati-iqtisadi məhkəmələrin yaradılması, Hərbi məhkəmə sisteminin təkmilləşdirilməsi, habelə hakim ştatlarının sayının daha 25 faiz artırılması xüsusi əhəmiyyət kəsb etmişdir. Regional Ağır cinayət, İnzibati-iqtisadi və Hərbi məhkəmələrin tezliklə fəaliyyətə başlaması üçün qısa müddət ərzində mühüm təşkilati tədbirlər həyata keçirilmiş, nəticədə 12 yeni regional məhkəmə fəaliyyətə başlamışdır.

Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məhkəmə-hüquq islahatları göstərir ki, Azərbaycanda qanunun aliliyinin təminatı, məhkəmə hakimiyyətinin dövlət idarəçilik mexanizmində nüfuzlu və müstəqil təsisat kimi təşəkkül tapması, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təşkili, peşəkar hakim korpusunun formalaşdırılması, məhkəmələrin fəaliyyətində şəffaflığın təmin edilməsi və digər konseptual məsələlərin həlli xüsusi diqqət mərkəzindədir. İnanırıq ki, bu islahatlar respublikamızda qanunçuluğun, hüquq qaydalarının daha da möhkəmlənməsinə, habelə Azərbaycanın beynəlxalq arenadakı demokratik imicinin yüksəlməsinə imkan yaradacaqdır.

 

 

Qürbət ƏSGƏROV,

Şirvan Apelyasiya Məhkəməsinin sədri

 

Azərbaycan.-2013.- 18 aprel.- S.7.