«Azərbaycanda mövcud və gələcək miqrasiya islahatları» mövzusunda tədbir olmuşdur

 

Aprelin 18-də Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) və Amerika Ticarət Palatasının birgə təşkilatçılığı ilə "Azərbaycanda mövcud və gələcək miqrasiya islahatları" mövzusunda tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, AHK-in idarə heyətinin sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli tədbirin əsas məqsədinin xarici iş adamlarını "ASAN xidmət"in imkanlarından istifadə etməyə təşfiq etməkdən ibarət olduğunu bildirmişdir. Vurğulamışdır ki, bu yolla iş adamları həm Azərbaycanın dövlət orqanlarında həyata keçirilən islahatlarla tanış olmaq imkanı qazanacaq, həm də öz işlərini daha sadə və daha çevik qura biləcəklər.

Ə.Hüseynli vurğulamışdır ki, "ASAN xidmət" əhalinin müxtəlif təbəqələri arasında çox müsbət rezonans yaratmışdır. Xidmətin şəffaflığı, insanlara çox dəqiq, vaxtında, heç bir maneə olmadan təmənnasız xidmət, "ASAN xidmət"in ideyasının Prezident İlham Əliyev tərəfindən verilməsi onun nə dərəcədə düzgün yol seçildiyini  göstərir. "ASAN xidmət"in imkanlarından istifadə etmək iş adamlarına gələcəkdə daha səmərəli şərait yaradacaqdır.

Ə.Hüseyinli demişdir ki, son illər ərzində ölkəmizdə həm daxili,  həm də xarici proseslərin sürətlənməsi müşahidə olunur. Bu, ilk növbədə ölkəmizin sürətli iqtisadi inkişafı ilə bağlıdır.

Amerika Ticarət Palatasının prezidenti İlqar Vəliyev və Dövlət Miqrasiya Xidmətinin (DMX) baş idarə rəisi İsmayıl Abdullayev çıxış edərək tədbirin əhəmiyyətindən danışmışlar.

Bildirilmişdir ki, bu tədbir miqrasiya sahəsində çalışan mütəxəssislər və dövlət qurumları, o cümlədən biznes strukturları üçün səmərəli olacaqdır.

Qeyd olunmuşdur ki, ölkəmizdə həyata keçirilən irimiqyaslı iqtisadi, sosial layihələr və eyni zamanda dövlətimizin demokratik mahiyyəti dünyanın müxtəlif ölkələrindən iş adamlarının, əmək miqrantların ölkəmizə axınını gücləndirmişdir. Azərbaycanda miqrasiya qanunvericiliyi sahəsində mütəmadi islahatlar həyata keçirilir və hazırda bu işlər uğurla davam etdirilir.

Xüsusi vurğulanmışdır ki, Miqrasiya Məcəlləsinin qəbulu iş adamlarına böyük töhfə olacaqdır.

Sonra DMX-nin təşkilat-nəzarət idarəsinin baş inspektoru Xəyalə Abbasova "Miqrasiya xidməti sektorunda aparılan son qanunvericilik islahatları", Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin beynəlxalq və ictimai əlaqələr şöbəsinin müdiri Azad Cəfərli isə "ASAN xidmət" mərkəzində göstərilən xidmət növləri arasında miqrasiya xidməti barədə" mövzularında təqdimatlarla çıxış etmişlər.

Tədbir müzakirələrlə davam etmişdir.

 

 

Azərbaycan.-2013.- 19 aprel.- S.3.