Valideynlərini itirmiş uşaqlar ödənişsiz təhsil alacaqlar

 

Milli Məclisin iclasında

 

Aprelin 19-da Milli Məclisin növbəti plenar iclası keçirildi.  Milli Məclisin Sədri Oqtay Əsədov iclasın gündəliyinə 31 məsələnin  daxil edildiyini bildirdi. Əvvəlcə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edilməsi haqqında qanun layihəsi müzakirə edildi.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov qeyd etdi ki, Azərbaycanın İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının 6 illik səlahiyyət müddəti başa çatmış üç üzvünün yerinə yeni namizədlər təqdim olunub.  Nizami Cəfərov namizədlərin hər birinin ictimai fəaliyyətinin aktivliyini və cəmiyyətdə öz işləri ilə tanınmış insanlar olduğunu diqqətə çatdırdı. Bildirdi ki, idman federasiyaları tərəfindən Boks Federasiyasının təşkilat komitəsinin sədri Babanlı Yusif Məmməd oğlu və Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tələbə Yaradıcılıq Birliyinin rəhbəri Ağayeva Validə Eldar qızı bir yer üçün namizəd kimi təqdim edilmişlər.  Dini konfessiyalar tərəfindən Qafqaz Müsəlmanları İdarəsi sədrinin müşaviri Nurullayev Fuad İzzət oğlu və Alban-Udi Xristian Dini İcmasının sədri Mobili Robert Baqratoviçin namizədliyi irəli sürülmüşdür.  Yaradıcılıq təşkilatları tərəfindən nəzərdə tutulan yerə isə Azərbaycan Bəstəkarlar İttifaqından Qafarova Zemfira Həsən qızı, Azərbaycan Yazıçılar Birliyindən Ələddinov Rafiq Səməndər oğlu, Azərbaycan Rəssamlar İttifaqından Əliyev Ziyadxan Alxan oğlu və Azərbaycan Jurnalistlər Birliyindən Babayev Şahin Ənvər oğlu namizəd kimi təqdim olunmuşlar.

Bu məsələnin müzakirəsi zamanı çıxış edən parlamentin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirdi ki, İctimai Televiziya ictimai həyatın bütün sahələrini əhatə edən verilişləri ilə diqqəti cəlb edir. İctimai Televiziya Azərbaycanın həyatında baş verən hadisələri düzgün istiqamətləndirməklə, işıqlandırmaqla insanların, vətəndaşların istək və arzularını əks etdirən verilişləri cəmiyyətə təqdim etməklə bizim hamımızı sevindirir.

Deputatlardan Etibar Hüseynov, Fəzail İbrahimli, Siyavuş Novruzov  və başqaları qeyd etdilər ki, televiziya kanalının  yaradıcı heyəti, rəhbərliyi, kanalda çalışan jurnalistlər öz peşəkarlığı, dünyagörüşləri, hadisələrə sərbəst, müstəqil münasibətləri, yüksək intellektual səviyyələri ilə seçilən insanlardır.

Aparılan müzakirələrdən sonra səsvermə nəticəsində Yayım Şurasına idman federasiyaları tərəfindən irəli sürülmüş Azərbaycan Boks Federasiyasının Təşkilat Komitəsinin sədri Babanlı Yusif Məmməd oğlu, dini konfessiyalar tərəfindən irəli sürülmüş Qafqaz Müsəlmanları İdarəsi sədrinin müşaviri Nurullayev Fuad İzzət oğlu, yaradıcılıq təşkilatları tərəfindən isə Azərbaycan Bəstəkarlar İttifaqından Qafarova Zemfira Həsən qızı seçilmişlər.

Daha sonra "MDB-nin iştirakçısı olan dövlətlərin kitabxanalararası abunəçilik sisteminin yaradılması haqqında" 1999-cu il 13 yanvar tarixli Sazişə dəyişikliklər edilməsi barədə" Protokol, "Azərbaycan Respublikası və Serbiya Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında" Bəyannamə və  "Azərbaycan Respublikası hökuməti və Serbiya Respublikası hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında" Saziş  müzakirəyə çıxarıldı və təsdiq olundu.

Sonra Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev gündəlikdə olan növbəti məsələ - "Ay və digər səma cisimləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyət prinsipləri haqqında" Müqavilənin təsdiq edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verdi. Bildirdi ki, bu müqavilə 1967-ci ildən qüvvəyə minib və dünya ölkələrinin əksəriyyəti bu sənədə qoşulub. Müqavilənin əsas şərti kosmik fəzanın istisnasız olaraq sülh məqsədi ilə tədqiq edilməsi, bu sahədə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və səma cisimlərinin işğalını qadağan etməkdir.

Qanun layihəsi təsdiq olundu.

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədr müavini Çingiz Əsədullayev "Azərbaycan Respublikası hökuməti və Küveyt Dövləti hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında" və  "Azərbaycan Respublikası hökuməti və Sloveniya Respublikası hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihələrini müzakirəyə təqdim etdi.

Bu qanun layihələri də səs çoxluğu ilə qəbul edildi.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin məlumatından sonra "Azərbaycan Respublikası hökuməti və Küveyt Dövləti hökuməti arasında təhlükəsizlik və cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihəsi də təsdiq olundu.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov "Azərbaycan Respublikası hökuməti və Sloveniya Respublikası hökuməti arasında xidməti pasportlara malik şəxslər üçün qısamüddətli vizadan imtina edilməsi haqqında" və "Azərbaycan Respublikası hökuməti və Çin Xalq Respublikası hökuməti arasında Azərbaycan Respublikasının Çindəki səfirliyinin binasının inşası üçün torpaq sahəsindən istifadə haqqında" sazişlərin təsdiq edilməsi barədə qanun layihələrini müzakirəyə təqdim etdi. Qanun layihələri səs çoxluğu ilə təsdiq olundu.

İclasda "İnsan alverinə qarşı mübarizə haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi də müzakirə edildi. Parlamentin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova dedi ki, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs insan alverindən zərər çəkmiş şəxs hesab olunduqda, onun barəsində 1 il müddətində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma tətbiq edilmir.  İnsan alverinin qurbanı Azərbaycan Respublikasının hüdudlarını tərk etmək arzusunda olduqda, onun müvafiq sənədlərlə təmin edilməsinə, nəqliyyat və digər zəruri xərclərin ödənilməsinə kömək göstərilir.

Qanun layihəsi səsə qoyularaq qəbul edildi.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında,  "Azərbaycan Polisinin 95 illiyi (1918-2013)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Qanuna dəyişiklik edilməsi barədə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında , Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"yə, Azərbaycan Respublikasının 1993-cü il 23 fevral tarixli 516 nömrəli qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamə"yə dəyişklik edilməsi barədə qanun layihələri haqqında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi.

Cinayət Məcəlləsində dəyişikliyə görə yetkinlik yaşına çatmayanların istismarı da insan alveri hesab olunacaq və bu istismara yol verənləri 12 ilədək həbs cəzası gözləyə bilər. Dəyişiklikdə qeyd olunur ki, yetkinlik yaşına çatmayan şəxsin istismar məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi bütün hallarda insan alveri hesab edilir. Cinayət Məcəlləsinə edilən əlavədə isə bununla bağlı 9 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Dəyişikliyə görə, köləliyə bənzər adətlər və onlardan irəli gələn asılılıqlar, insanın daxili orqanının qanunsuz olaraq çıxarılması, insanın üzərində biotibbi tədqiqatların aparılması da insan istismarı kimi insan alveri hesab olunacaq. Sadalanan bütün epizodlar üzrə Cinayət Məcəlləsinin 144-cü maddəsinə əlavə və dəyişikliklər edilərək müvafiq cəzalar da müəyyənləşəcək. Qeyd olunan insan istismarı hallarına görə müvafiq olaraq 4 ildən 12 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Həmçinin dəyişikliyə görə, insan alveri məqsədi ilə şəxsin şəxsiyyət vəsiqəsinin, pasportunun və ya şəxsiyyətini təsdiq edən digər sənədinin, yaxud yol (sərhədkeçmə) sənədinin saxtalaşdırılması insan alveri faktı kimi qeydə alınır və buna görə 1 ildən 3 ilədək azadlıqdan məhrumetmə cəzası müəyyənləşdirilir. Eyni zamanda, insan alveri məqsədi ilə insan alverçisini və ya insan alveri qurbanını saxta şəxsiyyət vəsiqəsi, pasport və ya şəxsiyyəti təsdiq edən digər sənəd, yaxud yol (sərhədkeçmə) sənədləri ilə təminetmə, o cümlədən eyni məqsədlə insan alverçisini və ya insan alveri qurbanını saxta şəxsiyyət vəsiqəsi, pasport və ya şəxsiyyəti təsdiq edən digər sənəd, yaxud yol (sərhədkeçmə) sənədləri ilə təmin etmək üçün belə sənədləri əldə etmə faktları da insan alveri faktı kimi qeydə alınaraq 1 ildən 3 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq.

Müzakirələrdən sonra qanun layihələri qəbul edildi.

Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Konsul Nizamnaməsi"ndə dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında məlumat verən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov dedi ki, təklif olunan dəyişikliyə əsasən, konsul Azərbaycan Respublikası vətəndaşlarına yalnız pasport vermək hüququna malikdir. Buna kimi isə pasport verməklə yanaşı, onların pasportlarının vaxtını uzatmaq və ya dəyişiklik etmək hüququna da malik idi.

Qanun layihəsi səs çoxluğu ilə təsdiq olundu.

Daha sonra Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında", "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında",  "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında" Əsasnamənin və "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 29 noyabr tarixli 928 nömrəli qərarının ləğv edilməsi haqqında,  "Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş, xidməti və diplomatik pasportları nümunələrinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 13 iyun tarixli 1052 nömrəli qərarının ləğv edilməsi barədə,  "Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş, xidməti və diplomatik pasportlarının nümunələrinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 13 iyun tarixli 1052 saylı qərarına əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 1997-ci il 14 noyabr tarixli 401-IQD nömrəli qanununun ləğv edilməsi haqqında,   "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında", "Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli qanunu ilə təsdiq edilmiş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihələri haqqında məlumat verdi. 

O bildirdi ki, "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" və "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" qanunlara edilən dəyişikliklərdən sonra Azərbaycanda pasportu 10 günədək almaq mümkün olacaq. Dəyişikliklərə görə, artıq 15 yaşdan başlayaraq  şəxsiyyət vəsiqəsi almaq mümkün olacaq. Dəyişikliklərə əsasən, ümumvətəndaş pasportu vətəndaş müraciət etdikdən sonra on iş günü müddətində, Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi, ölümü ilə bağlı hallarda isə iki iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə"də nəzərdə tutulan sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən veriləcək. 15 yaşına çatmamış vətəndaşlardan əl-barmaq izi götürülmür. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda ümumvətəndaş pasportu vətəndaşın ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq beş və ya bir iş günü müddətində verilir.

Ə.Hüseynli onu da dedi ki, yetkinlik yaşına çatmamış vətəndaşın valideynlərindən birinin ölüm haqqında şəhadətnaməsi, ölmüş və ya itkin düşmüş elan edilməsi, valideynlik hüququndan məhrum edilməsi barədə məhkəmənin qərarı və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş doğum haqqında akt qeydində ata barədə məlumatın ananın göstərişi üzrə yazılması haqqında arayış təqdim edildikdə, digər valideynin razılığı tələb olunmur. Dəyişikliklərə əsasən, əvvəllər şəxsiyyət vəsiqəsi 16 yaşdan sonra alına bilirdisə, indi 15 yaşından sonra almaq mümkündür.

Komitə sədri bildirdi ki, İnzibati Xətalar Məcəlləsinə edilən  dəyişikliyə görə Azərbaycanda sürücülük vəsiqəsinin qəsdən korlanmasına, yararsız hala salınmasına və ya itirilməsinə görə tətbiq olunan cərimə ləğv edilib: "Artıq Azərbaycanda "ASAN Xidmət" mərkəzləri fəaliyyətə başlayıb və orada ödəniş etmədən sürücülük vəsiqəsini əldə etmək olar".

Sonra  "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi barədə, "Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında" qanunda dəyişikliklər edilməsi barədə, Azərbaycan Respublikasının 2007-ci il 10 aprel tarixli 267-IIIQ nömrəli  qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamədə dəyişiklik edilməsi barədə və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihələri səs çoxluğu ilə qəbul edildi.

İclasın gündəlikdə olan sonuncu məsələsi - "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanuna dəyişiklik edilməsi barədə  məsələ  müzakirəyə çıxarıldı. Parlamentin Sosial siyasət komitəsinin sədri Hadi  Rəcəbli dedi ki, bu qanun qəbul olunduqdan sonra valideyn himayəsindən məhrum olan, təhsil alan şəxslərin sayı ən azı iki dəfə artacaq. Bütün tipdən olan dövlət təhsil müəssisələrində, habelə bələdiyyə və özəl ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər  həmin təhsil müəssisəsini bitirənədək tam dövlət təminatına götürülürlər.

Yekunda qanun layihəsi səsə qoyularaq qəbul edildi.

 

 

Elçin CƏFƏROV

 

Azərbaycan.-2013.- 20 aprel.- S.4.