Bakıda Qara Qarayev adına V Beynəlxalq müasir musiqi festivalının bağlanış mərasimi olmuşdur

 

Aprelin 19-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Qara Qarayev adına V Beynəlxalq müasir musiqi festivalının bağlanış mərasimi olmuşdur.

AzərTAc xəbər verir ki, bədii rəhbəri əməkdar incəsənət xadimi, professor Fərəc Qarayev olan festivalın bağlanış mərasimində "Üç dolanbac" adlı konsert proqramı təqdim edilmişdir.

Konsertin birinci hissəsində xalq artisti, dirijor Rauf Abdullayevin rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri çıxış etmişdir.

Solisti avstriyalı pianoçu Kaori Nişi olan orkestrin ifasında Györgi Ligetinin "Lontano" və Arnold Şönberqin "Piano konserti" əsərləri səsləndirilmişdir.

Konsert proqramının ikinci hissəsində Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri və Filipp Çijevskinin bədii rəhbərliyi ilə Rusiyanın "Questa musica" kamera xoru Luçiano Berionun 8 səs və orkestr üçün "Simfoniya" əsərini ifa etmişlər.

Ümumiyyətlə, aprelin 14-dən 19-dək davam edən və yalnız müasir musiqinin səsləndirildiyi festivalın rəngarəng və maraqlı proqramı dinləyicilərə yüksək incəsənətlə yaxından ünsiyyət imkanı yaratmışdır.

Festivalda Azərbaycan, Almaniya, Avstriya, Fransa, Hollandiya və Rusiyanın müasir musiqini mükəmməl ifa edən solist və kollektivləri iştirak etmişdir.

Festival çərçivəsində müasir musiqinin problemlərinə həsr olunmuş elmi konfrans, Beynəlxalq Muğam Mərkəzində, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında və filarmoniyanın kamera və orqan musiqisi zalında və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında xarici və yerli musiqiçilərin, musiqi kollektivlərinin ifasında konsertlər təqdim edilmişdir.

Konsertlərin proqramında XX əsr musiqi təfəkkürünün inkişafında yeni yollar açmış Avropanın tanınmış bəstəkarlarının, o cümlədən dahi bəstəkar Qara Qarayevin və digər Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilmişdir.

Festival günlərində həmçinin filarmoniyanın foyesində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası tərəfindən Qara Qarayevə həsr edilən foto və kitab sərgiləri nümayiş olunmuşdur.

 

 

Azərbaycan.-2013.- 20 aprel.- S.11.