İç dünyanı təmizləyək

 

İstəsək nöqsanları

Çöl dünyadan devirək,

Onda hər şeydən öncə

Gərək dünyamızı

Ağıllı islahatlar

Mərkəzinə çevirək.

Hər şey ordan başlanır,

Ancaq necə, bəs necə?

 

Bilirik ki, Tanrının

Əməlidir içimiz.

Çöl dünyada görünən

Bütün şərafətlərin,

Bütün qəbahətlərin,

Təməlidir içimiz.

Namərd var, dar ayaqda

İçidir qaçar yeri.

Niyə adil Allahım

Sinə qapılar üstə,

Beyin qapılar üstə

Qoymayıb açar yeri,

Açıb girək içinə.

Elə ordan başlayaq

Bəzi nadürüstlərin

İçləri içindəki

Namərdliyi biçinə,

Satqınlığı biçinə,

Nankorluğu biçinə.

 

Adam var adamlığa

Zərrəcə yoxdur tabı.

Üzü gül dibçəyidir,

İçisə zibil qabı.

Xalqın günlərinə,

O qara çeşməyinin

Ardından baxıb gəlir.

Çöl dünyanın zibili

O cür şərəfsizlərin

İçindən axıb gəlir.

 

Bədən adi bir dəri...

Doğulan gündən bəri

Bir sirr duyulmaz qalır.

Onu çöldən yusaq da,

İçdən yuyulmaz qalır.

İftira kiri vardır,

Xəyanət kiri vardır,

Acgözlük kiri vardır,

 

Astar üzlər içində -

Beyin küzlər içində,

Ürək küzlər içində,

Mədə küzlər içində...

 

Ürək ət parçasıdır,

Niyə dönüb daş olsun?

Çöldən əvvəl içimiz

Gərək vətəndaş olsun.

 

Baş açmıram bu sirdən,

Qadir Allah, yardım et,

İç dünyanı biz necə

Təmizləyək bu kirdən?

 

 

Zeynal VƏFA

 

Azərbaycan.-2013.- 20 aprel.- S.11.