Yeddi oğul istərik...

 

Bəs niyə ölkədə doğumun səviyyəsi aşağı düşür

 

Nə vaxtsa həmsöhbət olduğum ixtiyar yaşlı inşaatçı oğul-uşaqdan danışanda maraqlı bir atalar sözü işlətdi: "Evdə bir uşaq çoxdur, 10-u isə azdır". Əvvəl qocanın çaşdığını, sözlərin yerini dəyişik saldığını güman etdim. Sonra bu atalar sözünün məzmunundakı paradoksu dərk etməyə çalışdım.

Əslində, nə qoca çaşmışdı, nə də fikirdə bir səhv vardı. Deməli, ailədə heç olmasa, bircə uşaq varsa, bu, böyük xoşbəxtlikdir. Qismətinə bir uşaq düşəndə belə, ailə tam olur, dağılmır, balasını böyüdə-böyüdə möhkəmlənir. Başqa sözlə, elə bir uşağın özü də az bir şey deyildir, çox böyük, əvəzsiz bir nemətdir. Və hər uşaq dünyaya gələndə özü ilə səadət gətirdiyi üçün bir yox, üç, beş, qısası, nə qədər çox olsa, daha yaxşıdır. Lap on olsa belə, azdır...

Xoşbəxtlikdən, bineyi-qədimdən xalqımızın övlad sarıdan sərvəti bol olub. Oğulu arxa, düşmən çəpəri bilərək əzizləyib, bəsləyib, böyüdüb, araya-ərsəyə çatdırıblar. Qız övladına daha incə və zərif duyğularla yanaşaraq onu gələcəyin qayğıkeşi, anası kimi seviblər. Hər övlad dünyaya gələndə nəzir-niyaz paylayıb, qurban kəsib, ağsaqqalların iştirakı ilə adqoydu mərasimi keçiriblər.

 Qəlbimizdəki övlad sevgisi əbədidir. Odur ki, Azərbaycan mühitində övlad istəməyən ailə təsəvvür etmək belə çətindir. Bu, bizim psixologiyamızda yerləşə bilməyəcək bir fikirdir! Amma təbii ki, müasir dövrdə olduqca az insan tapılar ki, ailəsində 10 uşağın olmasını istəsin. Bunun yarısı qədər sayda övlad planlaşdıran ailələr də az-azdır.

İndi "ailə planlaşdırılması" təkcə tibbi termin kimi deyil, insanların həyatına nüfuz etmiş bir reallıqdır. Yəni, hər kəs "ayağını yorğanına görə uzatmaq" istəyir. Hər ailə imkanlarını hərtərəfli təhlil edərək neçə övladı olması qərarını özü verir.

Lakin neçə övladının olmasını ailə özü müəyyən etsə də, bu, şəxsi problem çərçivəsindən çıxaraq cəmiyyət, xalqın genefonu, gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən vacib bir məsələdir.

Bəziləri deyir ki, çox uşaq böyütmək vəsaiti, var-dövləti çox olanların işidir.  Bəziləri isə əksinə, bu fikirdədirlər ki, kasıb, intellektual səviyyəsi o qədər də yüksək olmayan ailələrdə çox uşaq olur. Beləliklə, ailədə uşaqların az sayda olmasını valideynlərin intellektinin yüksək olması ilə bağlayanlar da var. Lakin unutmayaq ki, bizim müxtəlif dövrlərdə çoxuşaqlı nazirlərimiz, rayon başçılarımız, alim və ziyalılarımız olub. Maddi imkanı geniş olmayan ailələr arasında isə həm az, həm də çoxuşaqlılara rast gəlinib. Odur ki, ailədə uşağın azlığını-çoxluğunu intellektlə, maddiyyətlə bağlayanlar bir o qədər düz düşünmürlər. Bəlkə də bu fikirlərin hər birində müəyyən həqiqət və müəyyən yanlışlıq da var. Amma o da var ki, övlad sevgisi bunların heç birilə hesablaşmır. Fikrimizcə, burada ailənin istəyi, arzusu, ata-babadan gələn ənənə, mənəvi zənginlik və qəlbin böyüklüyü əsas rol oynayır.

Hazırda Azərbaycanda əhalinin təbii artımla çoxalması da bunu təsdiqləyir. Bu o deməkdir ki, əhalinin sayı kənardan köçüb gələnlərin deyil, təzə doğulanların hesabına artır. Ölkədə doğum ölümü üç dəfə üstələyir və hər bir qadına orta hesabla 2,3 uşağın düşməsi ölkədə statistik terminlə desək, əhalinin təkrar istehsalının təmin olunduğunu göstərir.

Bugünkü Azərbaycan qadınlarının 57,3 faizi nəsilvermə qabiliyyətinə malikdir. Orta hesabla hər 10 qadın dünyaya 23 uşaq gətirir. Lakin bu faktları şərh edərkən nəzərə almaq vacibdir ki, bir çox anaların yalnız bir övladı var. Üstəlik, dünyaya uşaq gətirmək yaşında olan qadınların bir çoxu hələlik ana deyil. Buradan belə bir nəticə çıxır ki, Azərbaycanda üç və daha çox uşağı olan ailələr də az deyil. Bu isə heç də hər ölkəyə, hər xalqa nəsib olan xoşbəxtlik deyil. Bununla belə...

Son dövrlər Azərbaycanda doğumun səviyyəsi müəyyən dərəcədə aşağı düşüb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2012-ci il ərzində ölkədə 174,5 min körpə dünyaya gəlib. Halbuki 2011-ci ildə 176,1 min uşaq doğulmuşdu. Deməli, keçən il ondan əvvəlki illə müqayisədə əhalinin hər min nəfəri hesabı ilə doğumun səviyyəsi 19,4-dən 19-a enib.

Təəssüf ki, bu tendensiya cari ilin ötən aylarında da davam edib. Bu ilin yanvar-mart aylarında Azərbaycanda 41,3 min körpə dünyaya gəlib. Keçən ilin eyni dövrünün göstəricisinə baxanda bu rəqəm ürəkaçan deyil. Belə ki, ötən ilin üç ayında ölkədə 43,1 min uşaq doğulmuşdu. Cari ilin eyni aylarının göstəricisi isə bundan 1,8 min azdır. Bu isə doğumun sayı ilə yanaşı, səviyyəsinin də aşağı düşdüyünü göstərir. Əgər keçən ilin birinci rübündə hər min nəfər hesabı ilə doğulanların əmsalı 19 idisə, indi 18,1-dir.

Cavan ailələr bir qayda olaraq ikidən artıq uşaq arzulamırlar. Bildiyimizə görə, əgər birinci uşaq oğlandırsa, ikinci üçün heç tələsmirlər də. Doğrudanmı, Azərbaycanda təkuşaqlılığa meyil yaranır?!

Gənc ana Almaz Qasımova deyir ki, beş yaşlı oğlumuz və üç yazlı qızımız var: "Həyat yoldaşımla onları yaxşı tərbiyə edib böyütmək, təhsil vermək, necə deyərlər, əllərini çörəyə çatdırmaq üçün indidən ciddi fikirləşirik. Qaldı ki, ailənin böyüməsinə... "Az olsun, yaxşı olsun" fəlsəfəsini rəhbər tutmuşuq. Bir də ki, mən Azərbaycan  Dillər Universitetini bakalavr pilləsi üzrə bitirmişəm. Həm orta, həm ali məktəbdə əla qiymətlərlə oxumuşam. İndi magistraturaya daxil olmaq, sonra da qazandığım biliklərlə cəmiyyətə bir xeyir vermək istəyirəm. Bu, bizim ailə büdcəmiz üçün də vacibdir..."

 

Çoxuşaqlı ana, ağbirçək Zərnigar Hüseynova isə deyir:

 

- 5 övladım var. Şükürlər olsun ki, hamısını boya-başa çatdıra bilmişik, savad, peşə qazanıblar. İki qızım artıq ailə qurub. Birinin iki, digərinin bir övladı var. Elə bu sayla da kifayətlənməkdə israrlıdırlar. Desəm ki, maddi imkanları yoxdur, səhv edərəm. Sadəcə, rahatlıq istəyirlər, artıq əziyyətdən qaçırlar. Başqa millətlərdən, gəzməyə getdikləri xarici ölkələrdəki ailələrdən nümunə götürürlər. Unutmayaq ki, Avropa Avropadır, biz isə bizik! Götürdüyümüz nümunələr də xalqımıza, onun həyat tərzinə yamaq olmamalıdır. Körpələrin sayının azalmasının səbəbini cavan valideynlərin zəhmətdən, əziyyətdən qorxmasında, tənbəllikdə görürəm. Vaxtilə mən də iki övladla kifayətlənmək istəyirdim. Qayınanam, anam məsləhət verdilər, dedilər ki, övlad insanın qol-qonadı, arxası, qocalanda, yatağa düşəndə dayağıdır. Nə yaxşı ki, qulaq asdım. İndi baxıram, çətinliklərin hamısının arxada qaldığını, özümün isə çoxlu oğul-uşaq, nəvə ətrafında olduğumu görürəm...

Azərbaycanda çoxuşaqlılıq ənənəsi əsrlərlə yaşayıb. Bir həmkarımız danışır ki, ailədə 10 uşaq - 7 qardaş, 3 bacı olublar. Kənd yerində yaşadıqlarından böyüdükcə biri qoyun-quzu otarmağa gedib, digərləri əkin-biçində, həyət-bacada səliqə-sahman yaratmaqda valideynlərinə kömək edib: "Qoyun, qaz otarmağa gedəndə kitab-dəftərimizi qoltuğumuza vurardıq. Dərslərimizi elə oradaca əzbərləyərdik. Məktəbdə heç də pis oxumazdıq. Ruzimizi isə Allah elə bil göydən ələyərdi. Qatıq-qaymaq, mer-meyvə aşıb-daşardı, çoxunu satardıq. İndi şəhərdə yaşayanımız da var, kənddə ata-baba yurdunda qalanlarımız da. Bir-birimizə arxa-kömək oluruq".

Bəlkə elə buna görə də el arasında deyirlər ki, Allah yaratdığı bəndənin ruzisini özü yetirər.

Məsələnin başqa bir tərəfi uşaqların tərbiyəsidir. Çoxuşaqlı ailələrdə böyüyən övladlarda kollektivçilik hissi - ünsiyyət qurmaq qabiliyyəti, əməksevərlik, başqasına kömək etmək, tikəsini bölmək istəyi də güclü olur. Başqa sözlə, onlar həyata atılanda çətinlik çəkmir, cəmiyyətə tez adaptasiya olunurlar.

"Bir oyuncaq top alırsan. Ailədə bir uşaq varsa, o, topu qamarlayıb təkcə oynayacaq. Beləliklə, vərdiş edəcək ki, ata-ananın aldıqlarının hamısı onundur. İki uşaq çox güman ki, top üçün dava salacaq. Biri deyəcək, top mənimdir, digəri deyəcək, yox, mənim... Üç uşaq heç zaman bir top üçün "mübarizə" etməyəcək, görəcək ki, o, bölünməzdir. Hər birinin ürəyindən topu əldə etmək keçsə də, məcbur olub onu birlikdə oynadacaqlar". Bu sözlərin müəllifi nə pedaqoq, nə də psixoloqdur. Uşaq xarakterinə yaxşı bələd olan, dediklərini öz həyat təcrübəsindən əxz edən bir ata - Nazim Tağıyevdir.

Lakin bu gün doğumun səviyyəsinin aşağı düşməsinin heç də bütün səbəbləri ailələrin istəyi, "avropalaşması", yaxud maddiyyətlə bağlı deyil. Bir sıra digər səbəblər də var.

 

Həkim-genetik Eldəniz Bayramov deyir:

- Ailə quran cavanları bəzi hallarda sonsuzluq adlı bəla sınağa çəkir. Bunun çarəsi üçün hər gün neçə-neçə ailə həkimlərə müraciət edir. Bu insanların ata, ana ola bilməməsinin səbəblərini araşdıranda görürük ki, onlar əsasən genetik xəstəliklərdən, ekologiyanın təsirindən, streslərdən, düzgün qidalanmamaqdan irəli gəlir. Bir səbəb də gənclərin ailə həyatı haqqında kifayət qədər məlumatlı olmamasıdır. Bizdə gənclərin ailə qurmazdan əvvəl həkimə müraciət etməsi nadir hallarda olur, bu, hətta ayıb sayılır. Amma evlənməzdən əvvəl tibbi müayinə bir qayda olarsa, bəzi xəstəliklər, o cümlədən genetik xəstəliklər vaxtında aşkarlanar. Gənclər lazımi məsləhət və müalicə alarlar. Bəzi cütlüklər isə ailə qurandan sonra da illərlə gözləyib, yaxud düzgün müalicə almayıb, bəzən də mollaya, ekstrasensə inanıb axırda əsl mütəxəssislərə müraciət edirlər. Atalar yaxşı deyib ki, dəmiri isti-isti döyərlər. Vaxtında həkimə, həm də xəstəliyin xarakterinə uyğun sahənin mütəxəssisinə müraciət etmək lazımdır. Çünki hər bir ailədə uşaq, özü də sağlam uşaq olmalıdır.

Həkim-ginekoloq Bahar Mustafayeva ana olmağa hazırlaşan gənc xanımları, onların doğmalarını narahat edən daha bir məsələyə aydınlıq gətirir:

- Bəzən həkimləri qınayırlar ki, doğuş zamanı kesəriyyə üsulundan yerli-yersiz istifadə edirlər. Əlbəttə, imkan daxilində bundan qaçmaq lazımdır. Çünki hər halda bu, o qədər də sadə olmayan bir əməliyyatdır. Bir dəfə ona məruz qalan qadınlar ikinci uşağı dünyaya gətirməkdən, yəni, təkrar əməliyyat olunmaqdan qorxurlar. Əvvəla, heç bir vicdanlı həkim qəsdən bu üsuldan istifadə etməz. Həkimlər yalnız zərurət olanda, yəni, ananın və körpənin həyatını təhlükədən qorumaq üçün buna əl atırlar. Amma onu da deyim ki, bu üsulla azad olmağı özləri tələb edən pasientlər də olur. Mən məcburiyyət qarşısında qalıb kesəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirən xanımlara demək istəyirəm ki, təkrar ana olmaqdan çəkinməsinlər. Həkim nəzarətində olmaqla, sınanmış klinikaya, yaxşı ginekoloq-cərraha bel bağlamaqla  kesəriyyə əməliyyatı ilə tam təhlükəsiz şəkildə üç dəfə ana olmaq mümkündür.

Statistika mütəxəssislərinin fikrincə isə müharibə itkilərinə məruz qalmış hər bir ölkədə müəyyən dövrdən sonra doğumun səviyyəsinin aşağı düşməsi olur.

Namərd erməni qonşularımız tərəfindən cəlb edildiyimiz müharibədə qismətinə hələ valideynlik səadəti düşməmiş neçə-neçə gəncimizi itirdik. Onların indi 20-25 yaşlarında övladları olmalı idi. Bu gün həmin övladlar  ailə qurub dünyaya körpə bəxş edə bilərdilər. Üstəlik, 20 Yanvar faciəsində, Xocalı soyqırımında, erməni vandallarının işğal etdikləri bölgələrimizdə neçə-neçə azyaşlı uşaq müharibənin qurbanı oldu. Onların hərəsi indi neçə körpənin atası, anası ola bilərdi. Dünyaya gələn uşaqlarımızın sayındakı kəsirin bir mənbəyi də bax, budur!

Və daha bir bəla boşanmaların çoxalmasıdır. Məlumdur ki, boşananların çox hissəsini cavanlar təşkil edir. O cavanlar ki, xoşbəxt olmaq, oğul-uşaq sahibi olmaq arzusu ilə birləşmişdilər...

Yeri gəlmişkən, keçən ilin birinci rübündə 2,6 min boşanma olduğu halda, bu ilin müvafiq dövründə onların sayı 2,8 minə çatıb. Faktın bəlkə də şərhə ehtiyacı yoxdur. Amma o da aydındır ki, boşananlar arasında erkən, düşünmədən ailə quranlar, "tələsib təndirə düşənlər" az deyil.

Hər şey öz vaxtında gözəldir. Ona görə gecikmək də lazım deyil. Çünki bu gün qəlbləri ata, ana olmaq istəyi ilə çırpınan cütlüklər arasında talelərini gec birləşdirənlərin də sayı çoxdur. Onlar Tanrıdan imdad, həkimlərdən kömək diləyirlər. Çünki övlad sevinc və xoşbəxtlikdir, bir dünya səadətdir.

Səadətiniz dünyalarca olsun!

 

 

Flora SADIQLI

 

Azərbaycan.-2013.- 21 aprel.- S.5.