İnsan dəyərinin meyarı mədəniyyətdir

 

Kulturoloq, tarix elmləri doktoru, professor Fuad Məmmədovun yenicə çapdan çıxmış "İdarəetmə mədəniyyəti" adlı monoqrafiyası əslində, dərs vəsaitidir. Müəllif xarici ölkələrin təcrübəsi əsasında hazırladığı bu kitabda kulturologiyanın mahiyyəti, xüsusiyyətləri, insanın formalaşmasına, dövlətçilik mədəniyyəti və strateji idarəetmənin təkmilləşdirilməsinə böyük təsirindən söz açır.

Dörd hissədən ibarət olan kitabda kulturologiyanın elmi əsas kimi yarandığı dövrlərə işıq tutulur, bir sıra Şərq və Qərb ölkələrinin dövlətçilik tarixindəki rolundan danışılır, mədəniyyət və kulturologiya anlayışları elmi əsaslarla şərh edilir. Kitabı açan kimi müəllifin söylədiyi fikirlər oxucuya bələdçilik edir: "Mədəniyyət - həyatın, insanın inkişafı və xoşbəxtliyinin tükənməz mənbəyi, biliklərin, xeyirin, məhəbbət və yaradıcılığın səmərəli enerjisidir. Bütün dünyada insan dəyərinin bundan yüksək meyarı yoxdur".

Mərhum akademik Fuad Qasımzadənin kitaba yazdığı ön sözdə oxuyuruq: "Monoqrafiyada ilk dəfə olaraq idarəetmə problemlərinə orijinal kulturoloji yanaşma - idarəetmə proseslərinin fərdi, ailə, kollektiv, dövlət və beynəlxalq birlik səviyyəsində sistemləşdirilməsi və təsvirinin yeni forması təqdim edilmişdir".

Dünya mədəniyyət tarixinin əsaslı öyrənilməsi nəticəsində meydana çıxan bu kitabda XXI əsrin aparıcı elmi istiqaməti olan kulturologiyanın əsasları mükəmməl şərh edilmişdi. Kulturologiya insan və onun fəaliyyəti haqqında elmdir. Pofessor Fuad Məmmədov uzun illərdir ölkəmizdə bu sahənin araşdırıcısı və təbliğatçısı kimi fəaliyyət göstərir. O, istər rəhbərlik etdiyi "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, istərsə də uzun illər Az.TV-də yayımlanan və tamaşaçı rəğbəti qazanan "İdrak" verilişinin aparıcısı kimi kulturologiyanı sistemli şəkildə təqdim və təqdir edir. Əlbəttə, mədəniyyətşünaslıqla məşğul olan azərbaycanlı alimlər az deyil. Amma kulturologiyanı elm kimi ilk dəfə məhz Fuad Məmmədov daha bitkin və dolğun araşdıraraq onun lazımi səviyyədə öyrənilməsinə nail olub. Həqiqətən də, mədəniyyətin əsas varlığını təcəssüm etdirən idarəetmə mədəniyyətinin öyrənilməsi və tətbiqi bugünün vacib tələbidir. Kitabın devizi də bu niyyətə söykənib: "Mədəniyyət dünyanı xilas edəcək". Milli və beynəlxalq idarəetmə üçün kulturologiyanın əhəmiyyətini şərtləndrən səbəblərdən biri də mədəniyyətin və maraqların harmonizasiyası əsasında sivilizasiyaların məhsuldar dialoquna və müxtəlif ictimai-siyasi quruluşlu dövlətlərin beynəlxalq əməkdaşlığına yardım etməyə daha yaxşı tərzdə imkan verilsin.

Kitabın birinci hissəsində ruhi mədəniyyətin dəyəri və intellektual mədəniyyətin xüsusi missiyası ətraflı şərh edilir, kulturologiyanın strateji əhəmiyyətindən danışılır. Müəllif idarəetmə mədəniyyətinin mahiyyətini açmaqla kulturologiyanın imkanlarını diqqətə çatdırır. "Milli və beynəlxalq idarəetmə mədəniyyəti"nin istiqamətləri təhlilə çəkilir. Müəllif göstərir ki, idarəetmə mədəniyyəti strateji əhəmiyyətə və geniş imkana malikdir. Bu, hər şeydən əvvəl, ictimai rifahın yüksəldilməsi, ölkələrin və xalqların təhlükəsiz inkişafı və tərəqqisinə nail olmaq maraqlarında "insanın, cəmiyyətin və dövlətin inkişafının idarə edilməsinə istiqamətlənmiş elmi biliklər, texnologiyalar, mütəşəkkillik, etika və rəhbərlik fəaliyyətidir".

"Bir sıra Şərq və Qərb ölkələrinin dövlətçilik və dövlət idarəçiliyinin tarixi və nəzəriyyəsinə kulturoloji baxış" adlanan ikinci bölmədə dünya sivilizasiyası və şəhər mədəniyyətinin mühüm mərkəzlərindən biri- bizim eramızdan əvvəl IV minilliyə aid olan Mesopotamiyadan onun əsasını yaratmış və insanların həyat fəaliyyətinin xidmətini vermiş şumerlərdən danışılır. Türkiyə, Mərkəzi Asiya, qədim Misir, Hindistan, Çin və Koreya, Yunanıstan, Roma, Yaponiya kimi ölkələrin dövlət idarəçiliyi mədəniyyətinin tarixindən söz açılır. Kitabın maraqlı səhifələrindən biri də Azərbaycan alimi Məhəmməd Nəsrəddin Tusinin idarəetmə mədəniyyəti ilə əlaqədar "Əxlaqi-Nasiri" adlı əsərində söylədiyi fikirlərin oxuculara çatdırılması və şərhidir. Belə ki, Tusi təhsil və tərbiyənin köməyi ilə uşaqların və gənclərin xarakterinin dəyişdirilməsi imkanını həmişə mümkün hesab edib.

Kitabın üçüncü hissəsində isə idarəetmə mədəniyyətinin mahiyyəti müxtəlif fəsillərdə öz əksini tapmışdır. Oxucu mədəniyyət və sivilizasiya, siyasi mədəniyyət, vətəndaş mədəniyyəti, dini mədəniyyət və s. haqqında müəllifin maraqlı araşdırmaları ilə tanış ola bilər.

İdarəetmə mədəniyyətinin özünəməxsus etik normaları haqqında IV hissədə çox maraqlı tədqiqatlar var. Müəllifin apardığı tədqiqatlar nəticəsində idarəetmə mədəniyyətinin strategiyası, texnologiyaları, strukturu, funksiyaları, özünəməxsus xüsusiyyətləri, modelləri, hətta iqtisadiyyatın inkişafında rolu, eləcə də ailənin idarə edilməsindəki möhtəşəm yeri maraqlı fikirlərlə, faktlarla, elmi şərhlərlə izah edilir. Müəllif yazır: "Yüksək ruhi mədəniyyətə malik şəxsiyyətin formalaşdırılması və vətəndaş olmasında sosial mühit - məktəb və müəllim, ali məktəb və əmək kollektivi, cəmiyyət, dövlətin siyasi rejimi böyük rol oynayır. Lakin bu prosesdə aparıcı rol ailəyə məxsusdur. Ailənin ruhi mədəniyyəti anadangəlmə keyfiyyətlərdən, təhsillilikdən, tərbiyəlilikdən və onun üzvlərinin yaradıcı fəaliyyətindən, mənəviyyatından, vicdanından, bir-birinə və ətrafdakılara olan məhəbbəti, inamı və yaxşılığından formalaşır".

Təqdirəlayiq haldır ki, müəllif ailədə şəxsiyyətin formalaşdırılmasında, uşaqların düzgün tərbiyə edilməsində bir sıra amilləri də tezis şəklində qələmə alıb. Burada verilən tövsiyələrdən biri də uşaqlara erkən yaşlarında nəyi öyrətmək prinsipləri diqqətə çatdırılır. On iki bənddən ibarət olan bu vacib şərtlərin içində birinci yerdə "nəcibliyə və kamilləşməyə can atmaq, yaxşı və ədalətli olmaq" fikri dayanır.

Bu qiymətli monoqrafiyanın sonluğu da maraqlıdır. Apardığı elmi tədqiqatların, dünya təcrübəsinin və şəxsi müşahidələrin nəticəsində müəllif haqlı olaraq bir daha bu fikri təkrar edir: "Yüksək ruhi mədəniyyət - tərəqqinin əsası, müasir dünyada qarşılıqlı anlaşma və insani münasibətlər harmoniyasına -  daha mükəmməl idarəetməyə doğru yoldur. Yalnız yüksək ruhi mədəniyyət dünyanı xilas edəcək". Bu yerdə istər-istəməz böyük Hüseyn Cavidin mədəniyyətlə bağlı məşhur misraları yada düşür:

 

Turana qılıncdan daha

kəskin ulu qüvvət,

Yalnız mədəniyyət,

mədəniyyəti, mədəniyyət...

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.-2013.- 21 aprel.- S.8.