Avropanın nüfuzlu «New Europe» portalında Bakıda keçirilmiş Dünya İqtisadi Forumu ilə bağlı geniş məqalə yerləşdirilmişdir

 

Avropanın nüfuzlu "New Europe" portalında aprelin 7-8-də Bakıda keçirilmiş Dünya İqtisadi Forumu ilə bağlı geniş məqalə yerləşdirilmişdir.

Məqalədə Forumun açılışında və "Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının gələcəyinə baxışlar" mövzusunda birinci sessiyasında iştirak etmiş Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından sitatlar gətirilmişdir.

Prezident İlham Əliyevin Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə xüsusi önəm verdiyini vurğulayan müəllif dövlət başçısının çıxışına istinadən yazır: "Hazırda əsas məqsədimiz iqtisadiyyatı şaxələndirməkdir. Bunu etmək üçün biz dünyanın biznes icmasına özümüzü nəinki mühüm coğrafi mövqeyi və təbii sərvətlərə malik olan ölkə, o cümlədən islahatlara, dəyişikliklərə və şaxələndirməyə sadiq olan bir ölkə kimi təqdim etməliyik. Biz iqtisadi inkişafın istiqamətini enerji sektorundan qeyri-enerji sektoruna yönəldə bildik və neft-qaz sahəsinə aid olmayan sektorlara sərmayələr cəlb etdik. Eyni zamanda siyasi və iqtisadi islahatları davam etdirdik, hazırda bu proses gedir. Bu, gələcək illərdə Azərbaycanda sabit inkişaf üçün imkanlar yaradacaqdır". 

Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının ötən on ildə iqtisadi cəhətdən sürətlə inkişaf etdiyi vurğulanan yazıda qeyd edilir ki, Bakıda keçirilən Dünya İqtisadi Forumunda əsasən sənaye, təbii sərvətlər, nəqliyyat, infrastruktur, kənd təsərrüfatı, dağ-mədən, maliyyə, telekommunikasiya sahələri ilə bağlı məsələlər müzakirə olunmuşdur.

Məqalədə Prezident İlham Əliyevin çıxışından gətirilən sitatda deyilir: "Azərbaycan kifayət qədər gəncdir, müstəqilliyimizin 21 yaşı vardır. Lakin Azərbaycan böyük tarixə, adət-ənənələrə, mədəniyyətə malik olan ölkədir. Əminəm ki, sizin Azərbaycanı daha yaxşı tanımaq şansınız olacaqdır. Bununla belə, müstəqil ölkə kimi biz yalnız 21 ildir ki, yaşayırıq".

Azərbaycanın zəngin mədəniyyətə və əlverişli coğrafi mövqeyə malik olduğunu yazan müəllif son illərdə ölkəmizdə böyük dəyişikliklərin baş verdiyini diqqətə çatdırmışdır. Müəllif fikirlərini Prezident İlham Əliyevin çıxışından gətirdiyi sitatla əsaslandırır: "Biz olduqca ciddi, köklü siyasi və iqtisadi islahatları həyata keçirməyə başladıq və Azərbaycan özünü beynəlxalq ictimaiyyətə təqdim etdi. Bu, planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına, birpartiyalı sistemdən çoxpartiyalı sistemə, totalitarizmdən demokratiyaya keçid dövrü oldu. Deyə bilərəm ki, tarixi baxımdan 21 il əlbəttə ki, böyük zaman kəsiyi deyildir. Lakin, eyni zamanda, bu, real dəyişikliklər dövrü idi. İslahatların başlanğıc mərhələsində Azərbaycan öz enerji sektoruna böyük sərmayələri cəlb edə bildi. Biz Azərbaycana sərmayə yatırdıqlarına görə, xarici investorlara, böyük enerji şirkətlərinə minnətdarıq". Azərbaycanın əldə etdiyi iqtisadi uğurlardan danışan Prezident İlham Əliyev demişdir: "Azərbaycanda ümumi daxili məhsul 3 dəfə - 300 faiz, sənaye istehsalı 2,5 dəfə artmışdır. Biz işsizliyi azalda bilmişik, hazırda işsizliyin səviyyəsi 5,2 faizdir. On il əvvəl əhalimizin demək olar ki, yarısı yoxsulluq şəraitində yaşayırdı. Hazırda yoxsulluq səviyyəsi 6 faiz təşkil edir. Büdcə xərcləri demək olar ki, 20 dəfə artıb və inflyasiya isə təxminən 1 faiz səviyyəsindədir. Bu, son 10 il ərzində müşahidə olunan inkişafdır".

Yazıda Prezident İlham Əliyevin Azərbaycanda təhsil sahəsinin inkişafına verdiyi önəm xüsusi vurğulanır. Dövlət başçısına istinadla bildirilir: "Əsas gələcək məqsədlərimizdən biri təhsildir. Təhsil istənilən ölkənin hər hansı uğurlu inkişafının ən vacib amilidir. Təhsil sahəsinə sərmayələr, universitetlərimiz ilə dünyanın aparıcı universitetləri arasında əlaqələr iqtisadi gələcəyimizi çox ciddi intellektual potensiala əsaslanaraq planlaşdırmağa imkan yaradır. Eyni zamanda biz hazırda yeni texnologiyalara sərmayə yatırırıq".

Müəllif Azərbaycan Prezidentinin ölkəmizin enerji potensialı ilə bağlı fikirlərinə də yer ayırmışdır: "Biz Xəzər dənizini xarici sərmayələr üçün açıq elan edən ilk ölkə olduq. Biz Xəzər dənizindən Aralıq dənizinə və Qara dənizə dəhliz yaradan ilk ölkəyik. Neft və qaz dəhlizləri sonra ümumi geosiyasi və enerji dəhlizi rolunu oynamağa başladı. Hazırda biz Azərbaycan, Gürcüstan və Türkiyə arasında mühüm dəmir yolu xətti layihəsini yekunlaşdırmaq üzrəyik və bu, sırf regional layihə olmayacaqdır. Bu, Avropanı Asiya ilə Azərbaycan və qonşu ölkələr vasitəsilə bağlayacaq layihə olacaqdır. Böyük fərəh hissi ilə qeyd edirəm ki, biz bu layihənin həyata keçirilməsində nəinki maliyyə resurslarımızla, o cümlədən öhdəliklərimiz və siyasi iradəmizlə əsas rollardan birini oynayırıq. Əlbəttə ki, hökumətimizə gəldikdə, enerji amili artıq əsas prioritet deyildir. Lakin enerji potensialımız regionun, xüsusən də Avropanın enerji təhlükəsizliyində daha böyük rol oynayır və oynayacaqdır".

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 23 aprel.- S.2.